"Baktelecom" abonentləri belə aldadır

10:53 - 9 May 2021 - Xəbər

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayə etdiyi "Baktelecom" şirkətindən şikayətçiyik. Ödənişləri vaxtlı-vaxtında ödəsək də tez-tez internetimiz kəsilir. Səbəb olaraq texniki nasazlıq göstərilir. Hər dəfə texniki nasazlıq olanda abonentin internetini kəsmək tərbiyəsizlikdir".

Bu sözləri Correct.az saytının rəhbəri Rövşən Əsədov deyib. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Baktelecom" ciddi narazı kütlə yaratmaqla məşğuldur:

"Hər həftənin sonu, yaxud bayram günlərinin başlamasına bir gün qalmış internet kəsilir. Qəza xidmətinə də zəng edirik, deyir qeyri-iş günüdür deyə usta yoxdur, yaxud bayram günüdür işçilər yoxdur. Bəzən zəng edirik zənglərimizə cavab verilmir. Qəza xidməti isə deyir bizlik deyil, biz də məlumat vermişik, oturun gözləyin. Mən bir gün gec ödəniş edən zaman "Baktelecom" gözləyə bilərmi? Əlbəttə xeyr, dərhal xəttim kəsiləcək. Amma bizim internteti istədikləri vaxt kəsə bilərlər.

Vətəndaşlara qarşı bu cür yanaşma birmənalı olaraq tərbiyəsizlik, əxlaqsızlıqdır. Hər dəfə internet xidmətindən şikayətçi olan zaman onlarla, bəzən yüzlərlə şikayət məktubu alırıq. Böyük əksəriyyət də "Baktelecom"un xidmətlərindən şikayətçidir. Şirkət ya abonentlərindən yaşatdığı narahatlığa görə üzr istəməli, ya da dəymiş ziyanı kompensasiya qismində abonentlərə ödəməlidir. Biz ödəniş ediriksə, kəsintisiz, keyfiyyətli interneti də almalıyıq".

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Baktelecom"la əlaqə saxlamaq istəsək də, qeyri-iş günü olduğu üçün zənglərimizə cavab verilmədi.
Mövqelərini dərc etməyə hazırıq.///korrect.az

Xəbər xətti