Ana səhifə
20 Sentyabr 2018

“O, mənə müəllim olub”

Rasim Blayev: “Səməndərlə o qədər yaxın idim ki, hətta hamı elə bilirdi ki, mənim qohumumdur”

 

 

Firəngiz Mütəllimova: “Həmişə haqqın tərəfində olan, istedadlıya hörmət edən aktyor olub”

 

 

Əməkdar artist Səməndər Rzayevin Akademik Milli Dram Teatrında fevralın 11-də xatirə gecəsi keçirilib. O,  2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət Universitetində  Rza Təhmasibdən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün ən yadda qalan illəri Akademik Milli Dram Teatrında keçib. “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Dəli yığıncağı” və bir çox tamaşalarda oynayıb. Böyük sənətkar haqqında xatirələrini “Üç nöqtə”yə bölüşən xalq artisti Rasim Balayev bildirdi ki, Səməndər Rzayev ilə “Nəsimi” və “Babək” filmində çəkilib: “O, mənə müəllim kimi olub. Sənətə olan həvəsimi daha da alovlandırıb. Səməndər bu sənəti daha dərindən bilirdi. Teatr və kino aktyorları haqqında çoxlu kitablar oxumuşdu. S. Rzayev dram dərnəyi yaratmışdı, orada onun rejissorluğu ilə müəyyən parçalar oynayırdıq. O vaxt rayon yerlərində qızları dərnəyə qoymurdular. Biz də qız obrazı olmayan əsərlərdən parçalar hazırlayırdıq. Məsələn, Əbdürəhim bəy Haqverdiyevin “Qacar” və s. oynayırdıq. Elə əsərlər tapırdıq ki, onun müəyyən hissəsində qız rolu olmasın.  Səməndər mənim bu sənətə qarşı maraq, həvəsimin olduğunu görüb, «istedad var, bu sənətə gəlməyin məsləhətdir» dedi. Səməndər universitetə daxil olandan sonra da əlaqəmiz qırılmadı və biz o vaxtlar da məktublaşırdıq. Məktublar hələ də qalıb. Onun məktubları mənim üçün dərs vəsaiti kimi idi. Çünki, indi də oxuyanda görürəm ki, universitetin birinci kurs tələbəsinin yazılarına oxşamır, elə bil ki mükəmməl bir teatr, sənət adamının ağıllı məsləhətləridir. Hətta yazırdı ki, bu sənətin filan çətinlikləri, problemləri var, amma ona sevgin olsa dözəcəksən. Amma indi belə hallar yoxdur, bəzi sənətə gələn aktyorlar tez məşhur olmağa, yeni tikilmiş binadan ev almağa, daha çox pul qazanmağa meyimlli olurlar. Biz o vaxt belə şeyləri fikirləşmirdik, acqarına olsa da sənətimizi sevirdik. O dövrün uşaqları hamısı belə idi. Sonra Səməndər teatra, mən isə kino sahəsinə getdim. Kinoda da ilk baş rolları birlikdə “Nəsimi”də canlandırdıq. Səməndər İbrahim şahı, mən də Nəsimini oynadım. İlk çəkiliş günü də Şirvanşahlar sarayında bizim epizodla başladı. Səməndərlə o qədər yaxın idim ki, hətta hamı elə bilirdi ki, o mənim qohumumdur. Amma biz qohumdan da yaxın olmuşuq. Səməndər üçüncü kursdan teatra getmişdi, radioya gedirdi, televiziyaya çıxmışdı, artıq məşhurlaşmışdı”.

Xalq artisti onu da dedi ki, Səməndər Rzayevlə yaxşı günləri olub: “Onunla eyni yataqxanada qalırdıq. Yaxşı günlərimiz, xatirələrimiz var. Səməndər böyük bir istedad sahibi idi, amma çox təəssüf ki, vaxtsız 41 yaşında rəhmətə getdi. Mənə elə gəlir ki, 41 yaşında adam hələ həyatı dərindən dərk etmir. Çox rollar oynaya bilərdi, amma oynamayıb getdi. Səməndərin çox böyük potensialı vardı. O, Ələsgər Ələkbərov yadigarı kimi idi. Ona Allah gözəl səs, düşüncə, istedad vermişdi. Çox təəssüf ki, özünə uyğun rolları çox az hissəsini oynayıb. Bundan sonra daha gözəl rollar oynaya bilərdi. Amma bu az müddətdə də Səməndər Azərbaycan teatr tarixinə düşən aktyorlardan biri oldu”.

Xalq artisti S. Rzayevin yaxşı dost olduğunu da qeyd etdi: “Onun çox yaxşı dostluğu vardı. İstedadlı adamlar heç kimə paxıllıq eləmir, onda paxıllıq hissi yox idi. O qədər istedadlı adam idi ki, qəlbində paxıllığa yer yox idi. Hamıya gözəl təbəssümlə yanaşırdı, heç kimlə işi yox idi. Çox yaxşı insan idi. Allah rəhmət etsin”.

                                                     Xalq artisti Firəngiz Mütəllimova

 

Xalq artisti Firəngiz Mütəllimova Səməndər Rzayevlə çox tamaşalarda oynadığını vurğuladı: “Onunla “Dəli yığıncağı”da və bir çox tamaşalarda tərəf müqabili olmuşam. Çoxlu qastrol səfərlərdə olmuşam, televiziya tamaşasında oynamışam. İnsan kimi çox gözəl xasiyyəti vardı. Həmişə haqqın tərəfində olan, istedadlıya hörmət edən aktyor olub. Gözəl ata, gözəl ailə başçısı idi. Aktyor olaraq çox ciddi, çox güclü idi, səhnəyə çıxanda bir cümlə ilə zalı ələ alırdı. Onunla “Bəyin oğurlanması”da da çəkilmişik. O dahi aktyorlarımızdan biridir”.

Xalq artisti vurğuladı ki, Səməndərin uğuru əxlaqında, sənətə olan ciddiliyində idi: “Sanki Allah onu aktyor yaratmışdı, aktyor anadan doğulur. Onun “Bulaq” verilişindəki söylədiyi qəzəlləri, səsi hələ də adamın qulağında səslənir”

Əməkdar artist Kübra Əliyeva S. Rzayevlə «Komediyalar aləminə səyahət» verilişlərinə çəkildiyini qeyd etdi: “Onun tamaşalarına baxmışam, M. Qorkinin "Həyatın dibində" tamaşasında Səməndərin oynadığı obraz bu günə qədər də yadımdadır. O dadlı, duzlu aktyor idi. Onun sənəti kimi səsi də ecazkar və fövqəladə idi. Heyiflər olsun ki, bu gün çox gözəl sənətkarlarımız həyatda yoxdur. Səməndərin məkanı cənnətlik olsun, Allah rəhmət eləsin”.

 

 

Rəqsanə

Tarix
11 Fevral 2015 [23:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin