Ana səhifə
14 Noyabr 2018

Qeyri-neft sektorunda artımlar regionlarda həyata keçirilən tədbirlərin nəticəsidir

Regionların yüksəlişində tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir

 

 

Təcrübə göstərir ki, istənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız bundan sonra da yüksək dinamizmlə inkişaf edəcək. Milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesi davam etdirilir. Bu mənada hökumətin respublikanın bölgələrinin inkişafına xüsusi qayğı ilə yanaşması, ilk növbədə regionların disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan  dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.
Dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan 2009-cu il Azərbaycan üçün də müəyyən çətinliklər yaratsa da, respublikada qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkib, bütün makroiqtisadi paramertlər üzrə inkişafı təmin edib. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirib. Bir sıra dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, respublikamızın 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olması sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsidir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb. Antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarə edilməsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə işlədilməsi, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər da xüsusi qeyd olunmalıdır.
Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, regionlarda sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Prezidentb İlham Əliyev deyib ki, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. Ötən illlərdə qeyri-neft sektorunda baş verən artımlar da ilk növbədə, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadi inkişafın sabit tempini qorumaq üçün regionların yüksəlişində tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı" və 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" aktuallığına, əhəmiyyətinə və miqyasına görə xüsusi diqqət mərkəzində olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilib. Hər iki Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirib, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan verib, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb. Hökumət Dövlət Proqramları əsasında respublikanın regionlarında kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin edib. Dövlət Proqramları regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva edib.

Qeyd edək ki, 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil edib. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olub. İkinci dövlət proqramının nəticələri daha uğurlu olub. “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda isə daha böyük məqsədlər yer alıb. İkinci proqramın miqyasını isə sadəcə bir statistik müqayisədə aydın görmək olar. 2004-2008-ci illərdə proqramın icrasına bütün mənbələr hesabına 16 milyard manat xərclənmişdisə, 2009-2013-cü illərdə bu rəqəm iki dəfədən çox - 34,7 milyard təşkil edib. Beləliklə, 10 ildə (2004-2013) regionların inkişafına 50 milyard manatdan çox vəsait yönəldilib. Azərbaycanın 2002-ci ildə dövlət büdcəsinin təxminən 1 milyard manat olduğunu yada salsaq, ötən müddətdə ölkənin hansı inkişaf yolunu qət etdiyini təsəvvür etmək olar. Bu, uzunmüddətli inkişaf strategiyasının, real vədlərin əməli yekunudur. Ötən 10 ildə uğurla icra olunan regional inkişaf proqramları Azərbaycanın həm iqtisadi mənzərəsini, həm də ümumi sosial rifah halını əsaslı şəkildə dəyişib. Bu proqramların əsas yekunlarına biz də nəzər salaq. Beləliklə, iki proqramın icrası nəticəsində ölkə üzrə ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkənin enerji potensialı gücləndirilib, 10 ildə 17 elektrik stansiyası tikilib. Bu gün ölkə üzrə 6300 meqavatlıq ümumi generasiya gücünün 2300 meqavatı son 10 ildə yaradılıb. Dövlət proqramları sahibkarlığın inkişafına təkan verib. 10 ildə regionlarda 56 mindən çox müəssisə fəaliyyətə başlayıb, onlardan 500-ü sənaye müəssisəsidir. Regional proqramlar çərçivəsində ölkə üzrə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 45-46 faizdən 2013-cü ilin yekununda 5 faizə düşüb. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə artıb. Buraya 2004-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işləri, bölgələrdə çadır şəhərciklərinin ləğv edilməsi, bu insanlar üçün yeni, müasir infrastrukturla təmin olunmuş qəsəbələrin, yaşayış massivlərinin yaradılmasını da əlavə etsək, ötən müddətdə dövlətin sosial-iqtisadi siyasətinin miqyasını daha dolğun təsəvvür edə bilərik. Son 10 ildə qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınıb, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilib.

Regional inkişafın göstəriciləri sadəcə aqrar-sənaye müəssisələri, yeni istehsal və xidmət sahələrini, sosial, infrastruktur və kommunikasiya layihələrini əhatə etmir. Bu inkişafı bölgələrdəki quruculuq-abadlıq işlərində, yeni parklar, mədəniyyət və istirahət ocaqlarında görmək mümkündür. Proqramlar çərçivəsində 2700-dən çox məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, müxtəlif bölgələrdə 41 olimpiya idman kompleksi istifadəyə verilib, 250-dən çox idman və gənclər obyekti tikilib və ya əsaslı təmir olunub. 2004-2013-cü illərdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 5 dəfə artaraq 500-ü keçib və onların 80 faizi, o cümlədən 30-dan çox beşulduzlu hotelin üçdən biri regionlarda yerləşir. Bölgələrdə yeni turizm zonaları, o cümlədən “Şahdağ” kompleksi (Qusar rayonu), “Tufan” dağ-xizək mərkəzi (Qəbələ) kimi Azərbaycan üçün yeni olan qış turizm məkanları yaradılıb. Naftalan öz keçmiş şöhrətini bərpa edərək beynəlxalq turizm mərkəzinə çevrilir. Cənub və qərb zonalarında, Naxçıvanda turizm potensialı realizə olunur.

 

 

Tarix
11 Fevral 2015 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin