Hərbi Qənimətlər Parkı – dostu sevindirdi, düşməni kədərə qərq elədi

17:39 - 13 Aprel 2021 - Cəmiyyət

Yolunu Türkiyənin başkəndi olan Ankara şəhərinə salan insanlar inamıram ki, Anıtqəbir Atatürk və Qurtuluş Savaşı Muzeyinə baş çəkmədən geri dönsün.

Ankaraya ilk səfərimdə olmasa da təxminən 2015-ci ilə təsadüf edən ikinci elmi ezamiyyətim zamanı bu tarixi məkanı ziyarət etmək mənə də qismət oldu. 2002-ci ildən Atatürk və Qurtuluş Savaşı Muzeyi adını almış bu əsrarəngiz, gözəl və tarixi muzey Atatürk mavzoleyinin altındakı böyük bir ərazini əhatə edir.

Əvvəllər Türkiyənin prezidentlərinin dəfni üçün ayrılmış, lakin istifadə edilməmiş hissə sərgi ərazisi kimi istifadə olunmuşdur. Yeni bölmələrin də əlavə edilməsindən sonra muzey təkcə Böyük Atatürkə aid əşyaların sərgiləndiyi deyil, həm də Türkiyənin zəfər tarixinə qızıl hərflərlə daxil olmuş “Çanaqqala döyüşü” və “Qurtuluş Savaşı”nın canlandırıldığı bir muzey halına gətirilmişdir.

Muzeyə daxil olan kimi düşmənə qarşı türk qardaşlarımızın apardıqları müharibənin səsli, rəsmlərlə əks etdirən bölümləri  tamaşaçını bir anda həmin döyüşlərin sanki canlı iştirakçısına çevirir, o səhnələri təkrar-təkrar izləyib, torpağına göz dikən yağı düşmənlərin nə qədər zalim olduğunu unutdurmur və ona qarşı amansız olmağı təlqin edir.

Muzeyi ziyarət etdikdən sonra qəlbimdən belə bir hiss keçdi ki, erməni vandallarının günahsız xalqımıza qarşı əsrlər boyu yaşatdığı soyqırımları, qanlı faciələri yetişən gəncliyə unutdurmayacaq belə bir muzey Bakıda da yaradılsın.

Məni kimi düşünən milyonlarımızın arzusu dünən gerçəkləşdi. Vətən müharibəsində 44 gün ərzində xalqımıza son 200 ildə ilk dəfə Böyük Zəfər qazandıran Müzəffər Ordumuzun “əl işi” olan Hərbi Qənimətlər Parkı bundan sonra ora ayaq basacaq hər bir ziyarətçiyə qalib ölkənin alimi, müəllimi, həkimindən tutmuş sıravi vətəndaşına qədər hər kəsə qürurlu xalqın qururlu vətəndaşı necə olmağın sevincini doya-doya yaşadacaq.

Məlumat üçün bildirək ki, xalqımızın Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hələ qələbənin ilk günlərində Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalamış, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürmüşdü.

Park artıq açıldı və ilk ziyarətçiləri də onu bizə qazandıran Ali Baş Komandan və onun Müzəffər Ordusunun zabit və əsgərləri oldu. Tezliklə Memorial Kompleks və Zəfər muzeyinin açılışına da şahidlik edəcəyik.

Vizual tanışlıqdan görünür ki, Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.

Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Həm Ordumuzun parlaq qələbəsini, həm də müzəffər əsgərimizin “DƏMİR YUMRUĞ”u ilə başından əzilmiş ermənilərin zaman-zaman yaşatdığı acıları unutdurmağa imkan verməyəcək belə bir parkın salınması və muzeyin yaradılmasının ideya müəllifi, təşəbbüskarı olan Ali Baş Komandana sonsuz təşəkkürlər düşür. Çünki hələ ötən əsrin əvvəllərində ermənilərin əli silahsız dinc vətəndaşlarımızı başına misilsiz zülmlər gətirldiyini göz yaşları ilə qələmə alan dahi bəstəkarımız Üzeyir Hacıbəyov deyirdi ki, belə bir amansız düşmənlə qonşu olmaq xalqımızın taleyinə yazılmış böyük bədbəxtlikdir. Ancaq ən kədərlisi isə yaxşılıqları yox, pislikləri tez unudan millət olmağımızdır. Bu unutqanlıq əsrlər boyu qanlı qırğınlara məruz qalmağımızın əsas səbəblərindən birincisidir.

Ona görə Hərbi Qənimətlər Parkının salınması, orada real həyatdan götürülmüş müharibə səhnələrin yaradılması bu günə yox, bundan sonra növbəti on, yüz illərə hesablanıb. Yəni bu qələbəni qazandıranlar vaxt olacaq həyatda olmasa da onların yaratdığı əl işləri hazırda və bundan sonra yetişən və yetişəcək gələcək nəsilləri qalib xalqın övladları olmaqları ilə qürurlanmağa və düşmənə qarşı isə həmişə tədbirli olmağı diqtə edəcək.


O zaman görəsən, burada hansı yanlışlıq vardır ki, Vətən müharibəsindəki məğlubiyyətinə ermənilərdən çox üzülən “özümüzünkülər” Hərbi Qənimətlər Parkını vəhşiliyin təbliği adlandırırlar? I və II Qarabağ müharibəsində ən əziz qohumlarını şəhid verən (Bünyadəli Pələngov, Çərkəz Teyubov və Ruhid İslamlı) biri kimi tam səmimiyyət və məsuliyyətimlə deyə bilərəm ki, belə böyük zəfərin əldə olunması və onun təbliğini hədəfə alan Zəfər Muzey Kompleksinin və Hərbi Qənimətlər Parkın yaradılmasından ancaq damarlarında azərbaycanlı qanı axmayan “erməni başlar” narazı qala bilər. Çünki onlar erməni dayılarının məğlubiyyətini həzm edə bilmədikləri üçün 3 minə yaxın şəhidimizin qanı, canı bahasına əldə olunan uğurlara kölgə salmağa çalışırlar.

Ali Baş Komandanın qeyd etdiyi kimi hakimiyyətə müxalifətdə olmaq olar, ancaq dövlətə, dövlətçiliyə düşmən olmağın milli xəyanətdən başqa adı yoxdur. Bu nə iqtidarın, nə müxalifətin qələbəsidir, bu xalqın, dünya azərbaycanlıların, böyük türk dünyasının zəfəridir. Bu sevinci yaşaya bilmirsənsə, heç olmasa qələbəni illərlə gözləyən xalqının ürəkdən sevinməsinə imkan ver. Şəhidlərimizin ruhu onların zəhmətini yerə vurmaq istəyənləri heç vaxt bağışlamayacaq.

Kimin və ya kimlərin nə deməsindən, yazmasından aslı olmayaraq növbəti addım işğaldan azad olunmuş hər bir şəhərdə, rayonda və qəsəbədə belə bir muzeylərin yaradılması olmalıdır. Düzdür , dövlət başçısı öz bəyənatlarında səsləndirib ki, həmin ərazilərdə erməni vandallarının dağıntılarının bir hissəsi muzey kimi qorunub saxlanılacaq. Ancaq məqsəduyğundur ki, Bakıdakı Hərbi Qənimətlər Parkının kiçik analoqları olsa da Şuşada, Ağdamda, Cəbrayıl, Fizuli, Hadrutda və digərlərində yaradılmalıdır. Adları sadalanan bu yaşayış məntəqlərinin azad olunması əməliyatların hər biri dastan olub. Azərbaycanın qəhrəman igidləri qorxmadan, çəkinmədən ölümə gediblər və qəhrəmanlıq dastanı yazıblar. Türkiyədəki Qurtuluş Savaşı Muzeyində olduğu kimi bizdə də yaradılacaq muzeylərdə məhz o qəhrəman şəhidlərimizin fərdi döyüş səhnələri səsli və ya rəsmlərlə əks olunmalıdır. Artıq o bölgələrimiz turizm mərkəzlərinə çevriləndə ziyarətçilərin ən çox üz tutacaq məkanlar heç şübhəsiz həmin muzeylər olacaq.

Həyata keçiriləcək ən vacib tədbirlərdən biri Azərbaycanın yeni yaratdığı reallıqları, tarixi həqiqətləri və müharibə gerçəkliklərini yaxşı bilən və ziyarətçilərə müxtəlif dillərdə çatdıra bilən muzey bələdçilərin hazırlanmasıdır. Etiraf edək ki, ölkəmizdə, xüsusən də regionlarda yerləşən mövcud muzeylərimizdə hazırlıqlı bələdçilər yox səviyyəsindədir, olanlarında bilik və bacarıqları qane edən səviyyədə deyil.

Pandemiyadan sonra Hərbi Qənimətlər Parkında açıq qapı günləri elan edib, ilk növbədə tələbə və məktəblilərin ora ziyarətini təşkil etməliyik ki, gələcəyimiz olan gənclər indidən tarixi həqiqətləri yerində görüb, qəhrəman igidlərimizi daha yaxından tanısınlar.

Paytaxtda və reginolarda təşkil ediləcək konfranslar, simpoziumlarda ölkəmizə təşrif buyurmuş xarici qonaqların bu muzeyə ziyarəti, onlara veriləcək real məlumatlar əslində Azərbaycan həqiqətlərinin həmin qonaqların timsalında ölkələrinə, bütövlükdə bütün dünyaya çatdırılması olacaq.

Əfsun Sucayev
AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
k.e.d., dosent

Xəbər xətti