Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

17:07 - 31 Mart 2021 - HADİSƏ

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Adil Musayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi proseduralar gözlənilməklə A. Musayev yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Bundan başqa, polis əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda və şəhərdaxili sərnişindaşıma avtobuslarında gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Xəbər xətti