Dövlətimizin sülhsevərlik və birgəyaşayış missiyası

Müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı ilə sözün həqiqi mənasında düşmənin başını əzərək 44 günlük Vətən Müharibəsi kimi yaddaşlara yazılmış misligörünməmiş dastan yazdı. 

28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu.  

Böyük Qələbədən sonra Azərbaycan dövləti üçün qarşıda duran əsas prioritet məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və həmin ərazilərdə iki xalqın nümayəndələrinin birgə, sülh və əmin-amanlıq içində yaşamasını təmin etməkdir. İlk baxışda Xalqımızın ermənilərlə birgə yaşayışı olduqca çətin görünsə də, tarixi aspektdən bunun mümkünlüyü artıq sübut olunub.

Hər birimizə məlumdur ki, keçmiş SSRİ-nin tərkibində olarkən iki xalqın nümayəndələri bir-biri ilə normal münasibətlər içində yaşayıb. Ümid etmək olar ki, bundan sonra da bu münasibətləri yenidən bərpa etmək mümkün olacaqdır. Düşmənin kapitulyasiyası barədə 10 noyabr Bəyanatı hər iki ölkə arasında düşmənçilik səhifəsini çevirmək və bölgədə dayanıqlı sülhə nail olmaq üçün mühüm bir addımdır. Regionda davamlı sülh yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqliklə ola bilər.

Azərbaycan höküməti regionda sülhün təminatı üçün əlindən gələni etməyə hər zaman hazırdır.  Ermənistan hakimiyyəti də daxili çaxnaşmalardan və revanşist ideologiyadan əl çəkərək Azərbaycanla və Türkiyə ilə münasibətləri sülh və dostluq münasibətlərində yeritməlidir.

Dövlət başçımız cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkib. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum edilmişdir. Artıq Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaqdır.

Bu gün regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, həmçinin 6 dövlət arasında regional əməkdaşlıq (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, Rusiya, İran) sülh ilə bağlı gündəmdə olan əsas məsələdir. Bütün bunlar regional sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Bu fikri artıq Ermənistan hökuməti də bölüşür və onların baş naziri müsahibələrində də bunun davamlı sülh ilə yanaşı, müəyyən iqtisadi faydalar gətirəcəyini, regionun və dövlətlərininn potensialını, iqtisadi imicini dəyişəcəyini bildirir.

Beləliklə, Azərbaycan Prezidentinin açıq bəyanatları, erməni liderin müəyyən ismarıcları iki ölkə arasındakı münaqişənin zamanla keçmişdə qala biləcəyinə ümidlər yaradır. Başqa sözlə, artıq yeni şərait formalaşır. Beləliklə məğlub dövlət 10 noyabr Bəyanatının yaratdığı imkanlardan istifadə etməli, belə faciələrin bir daha təkrarlanmasına imkan verməməlidir.

Firudin Tahirov
Neftçala şəhər sakini, gənc ziyalı

Tarix
6 Mart 2021 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-06 13:50:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin