Regionun inkişafını təmin edən əsas amil davamlı sülhdür

16:33 - 4 Mart 2021 - Xəbər

Azərbaycan tarixən müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçinin qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir.

Bu gün də çoxsaylı xalqların yaşadığı Azərbaycan dünyaya nümunə göstərilir, özünün birgəyaşayış modeli ilə fərqlənir. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı, ölkə tarixinin ən çətin və sınaq qarşısında olduğu günlərdə də məhz həmin xalqların nümayəndələri əl-ələ verərək bir yumruq oldular, tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdilər. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi tarixi mətbuat konfransında da bu məsələlərə xüsusi yer verildi.

Postmüharibə dövrünə aid jurnalistlərin suallarını diplomatik məharətlə cavablandıran Azərbaycan Prezidenti erməni xalqının da digər xalqlar kimi tarixi ərazilərimizdə dinc şəraitdə, problemsiz yaşayacağını söylədi. Yəni doğrudan da bundan sonra hansısa yeni düşmənçilik ocağının yandırılması üçün əsas da qalmayıb. Haqq-ədalət öz yerini tapdı, Ordumuzu beynəlxalq qanunlarla təsdiq olunmuş torpaqlarımızı azad etdi və beləcə Qarabağ münaqişəsi adlı bir problem qalmadı. Bu münaqişə tarixə qovuşdu. İndən belə Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər də mövcuddur. Zatən Azərbaycanda minlərlə erməninin yaşadığı bəlli idi. Onlar hətta Birinci Qarabağ müharibəsi zamanı belə heç bir mənfi münasibət, ayrıseçkiliklə rastlaşmadılar. Ümumiyyətlə bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi var. Həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə ermənilərlə azərbaycanlılar dinc şəraitdə yaşamağın mümkünlüyü göstəriblər. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar.

Ölkə başçısı da hər zaman vurğulayıb ki, biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Bizim torpaqlarda, cəmiyyətimizdə, ölkəmizdə heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb. Bu mənada belə bir multikultural, tolerant cəmiyyətin bir hissəsi olaraq yenidən azərbaycanlılarla birgə yaşamaq ermənilər üçün bundan sonra çətin olmamalıdır.

Ümumiyyətlə bu bir reallıqdır ki, Azərbaycanda yaşayan bütün millətlər hər zaman eyni hüquqlara malik olublar. Bu gün ərazi bütövlüyünü bərpa edən Azərbaycan Qarabağ ermənilərini də eynihüquqlu vətəndaşları kimi qəbul edib. Yəni bu artıq danılmaz bir fakta çevrilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları sayılacaqlar, bundan sonra onların hansısa qondarma sənəd daşıması mümkün deyil. Zatən Azərbaycana inteqrasiya olub, cəmiyyətimizlə qaynayıb-qarışmaq onların özlərinin marağında olmalıdır. Çünki ermənilərdə gözəl görür və anlayırlar ki, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Bu mənada digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

Azərbaycan həm də davamlı sülhün tərəfdarıdır. Çünki davamlı sülh ümumbəşəri sosial-siyasi dəyərdir.
Artıq regionda yeni reallıq yaradan Azərbaycan müharibədə qələbə qazanaraq bölgəyə sülh gətirib. Bu sülhün davamlı olması isə regionun inkişafını təmin edən əsas amildir. Postmüharibə dövründə sülhün davamlılığını qorumaq prioritet vəzifəyə çevrilib. Çünki bundan sonra daha düşmənçilik səhifəsi açılmamalıdır. 10 noyabr tarixində imzalanmış məlum bəyanat da bunun üçün zəmin yaradır. Təbii ki, üç ölkənin rəhbərinin iştirakı ilə imzalanmış bu tarixi  sənədə sadiqlik nümayiş etdirməklə regionda davamlı sülh də təmin olunacaq

Digər mühüm məqam isə haqqında söz açdığımız birgəyaşayışın əsas üsulunun sıx əməkdaşlıqdan keçməsidir. Azərbaycanın əməkdaşlıqla bağlı məqsədi artıq bəllidir. Ölkəmiz üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Təbii ki, bu baş tutarsa, bundan yalnız Azərbaycan və Rusiya deyil, Ermənistan da mənfəət əldə edəcək. Yəni qarşı tərəf sülhün xeyrini hər mənada görəcək.

Artıq sadalanan prioritet vəzifələrin yerinə yetirilməsi istiqamətində xeyli işlər də görülür. Uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsindən tutmuş, əməkdaşlıqların bərpasına qədər bir sıra ümidverici siyasi gedişlər nəzərə çarpır. Bu istiqamətdə müəyyən siyasi görüşmələrin baş tutması da təqdir olunmalıdır. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bu bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda baş tutur. Yəni əsas olan odur ki, bu proses gedir və belə proseslər müsbət istiqamətə yönəlib.

Təbii ki, bu gün atılan istənilən addım normal gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazır olduğumu göstəririk. Bunu ölkə başçısı də dəfələrlə dilə gətirib. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası isə labüd prosesdir.  Çünki Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərini artıq başqa bir ölkənin ordusundan təmizləyib. Bununla bağlı ölkə başçısı xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında da qəti şəkildə öz mesajını verib. “Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi perspektivi də anlamaq lazımdır. Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”, - deyə Prezident bildirib.

Bir daha qeyd edim ki, münaqişə arıq sona çatıb və Dağlıq Qarabağda qalan ermənilər, onların yaşadığı ərazilər mütləq şəkildə Azərbaycana inteqrasiya olunacaqlar. İkinci bir variant real görünmür. Bu mənada yaxın gələcəkdə həm Ermənistanda yaşayan ermənilər, həm də Qarabağ ermənilərinin Azərbaycanla əməkdaşlığı, inteqrasiyası qaçılmazdır bu nəinki hər iki tərəfə, ümumilikdə regiona yalnız xeyr gətirəcək.

Təranə Qurbanova
237 saylı tam orta məktəbin direktoru

Xəbər xətti