Avropa Birliyi Azərbaycana 40 milyon ayırdı

19:42 - 16 Fevral 2021 - İQTİSADİYYAT

Avropa Birliyi (AB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Axar.az-a verilən məlumata görə, layihə Avropa Birliyinin maliyyələşdirdiyi və ÜST-nin Avropa Regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş 40 milyon avroluq təşəbbüs çərçivəsində ÜST tərəfindən əsas yerli tərəfdaşlar olan Səhiyyə Nazirliyi və TƏBİB-i dəstəkləmək üçün həyata keçiriləcək.

“Bu layihə Avropa İttifaqının tərəfdaş ölkələr, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik. Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk” deyə, AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.

“Yanvar ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə alaraq Avropa İttifaqı və ÜST ilə kommunikasiya, peyvəndlərin logistikası və soyuq zəncir qaydası ilə saxlanılması istiqamətində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyətə malikdir” deyə, TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib ki, “Peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində mübarizə aparanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarındakı insanlara ümid və qoruma vəd edir. Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirə bilər.”

Ayrılmış vəsait əvvəlcə peyvəndəməyə hazırlıq və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək və avadanlıq/təchizat, səhiyyə işçilərinin təlimi və məlumat kampaniyaları kimi strateji sahələrdəki ehtiyacların qarşılanmasına xüsusi diqqət yetirəcək.

Layihə Avropa Birliyi və ÜST-nin COVID-19 pandemiyasına cavab tədbirlərinə davam etməkdə olan dəstəyinin, o cümlədən tərəfdaş ölkələrdə virusa qarşı müvarizə və ən həssas insan qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasına yönəldilmiş 35 milyon avroluq Aİ-nin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün davamıdır.

Xəbər xətti