Dünya Bankı Azərbaycana 70 milyon dollar ayıra bilər

16:06 - 15 Fevral 2021 - İQTİSADİYYAT

Dünya Bankı (DB) yeni yol layihəsinin həyata keçirilməsi üçün 2021-ci il ərzində Azərbaycana 65-70 milyon dollar kredit verməyi planlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” DB-nin məlumatına istinadən xəbər yayıb.
“Kreditin “Avtomobil yollarının bərpası və iqtisadi imkanlar yaradılması” layihəsi çərçivəsində ayrılması planlaşdırılır. Kreditin ümumi məbləği 65-70 milyon dollar təşkil edəcək, kredit resurslarının çox hissəsinin Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması üçün istifadəsi planlaşdırılır. Bundan əlavə, kreditin bir hissəsinin yolun keçdiyi bölgənin iqtisadi potensialının inkişafına yönəldilməsi planlaşdırılır”, - deyə bankdan bildirilib.

Kreditin 2021-ci il ərzində təsdiqlənəcəyi qeyd edilir.
“Mart ayının sonunadək layihənin əsas konturlarının müəyyənləşdirilməsi planlaşdırılır”, - deyə bankdan əlavə edilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyə qədər bank 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,5 milyard dollar məbləğində kredit ayırıb.///oxu.az

Xəbər xətti