XİN-də geniş tərkibli kollegiya iclası keçirilib

22:31 - 4 Fevral 2021 - SİYASƏT

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.

Xarici İşlər Nazirliyindən ucnoqta.az-a bildirilib ki, iclasda XİN-in kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra xarici siyasət sahəsindəki yaranmış yeni reallıqlar və yeni çağırışlar barədə danışıb.

Nazir ölkə başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifələrə istinad edərək, bu sırada diplomatiyamızın yeni reallıqlara uyğun olaraq fəal şəkildə həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib. Nazir bu vəzifələrin icrası məqsədilə işə peşəkar və vətənpərvər kadrların cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.

İclas zamanı XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib.
Həyata keçirilən struktur islahatları çərçivəsində 2020-ci ilin noyabr ayından başlayaraq xaricdəki diplomatik nümayəndəliklərimizə göndəriləcək kadrların mövcud vakansiyalara uyğun olaraq təşkil edilmiş XİN daxili müsabiqə nəticəsində seçilməsi barədə məlumat verilib.

Habelə, yeni seçim meyarları əsasında XİN-ə işə qəbul sistemi müzakirə edilib. XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.

Faydalı iş əmsalının artırılması məqsədilə Nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrası nəzarətə götürüldüyü, AR və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi qeyd olunub.

Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Yaxın zamanlarda diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə müvafiq görüşün keçiriləcəyi qeyd olunub.

Xəbər xətti