Rusiya özünü Cənubi Osetiyadakı kimi apara bilməz- Tomas de Vaal

19:57 - 2 Fevral 2021 - SİYASƏT

Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 11 yanvar görüşü və bunun ardınca baş nazir müavinləri arasında baş tutan görüş göstərir ki, atəşkəs barədə üçtərəfli bəyanat bir az tələsik imzalanıb və burada tərəflərin həll etməyə fürsət tapmadığı çox məsələ qalıb.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bunu britaniyalı ekspert Tomas de Vaal deyib.
“Rusiyanın burada öz gündəmi var. Rusiya istəyir ki, bu sülh razılaşması işləsin. Lakin hələ də həll edilməmiş çox məsələ var. Məsələn, erməni tərəfi üçün əsirlərin taleyi. Azərbaycan tərəfinə gəlincə, məncə, onlar Rusiya sülhməramlılarının dəqiq mandatının olmamasından, Rusiyanın çox şeyi birtərəfli qaydada etməsindən narazıdır”.

Onun sözlərinə görə, Rusiya Qarabağda mövcudluq əldə etsə də, Moskvada unutmurlar ki, onlar Bakı ilə iş görməlidirlər:
“Sülhməramlı missiyanın beş illik mövcudolma müddəti var və o, Bakı və İrəvan bunu istəyəcəyi təqdirdə avtomatik şəkildə uzadıla bilər. Yəni Rusiya özünü Abxaziya və Cənubi Osetiyadakı kimi apara bilməz. Onlar Bakı ilə iş görməlidirlər”.

De Vaal Rusiyanın Qarabağda öz sülhməramlılarını saxlamaq üçün əsaslandırmaya ehtiyacı olduğunu, əks təqdirdə tam sülh yaranarsa, onların evlərinə qayıdacağını söyləyib:
“Rusiya daim balanslaşdırır. Onun böyük təsiri var, amma bu, çox çətin oyundur və Rusiyanın yəqin ki, bu siyasətlə bağlı fərqli fikirləri var. Məncə, Rusiya Minsk Qrupu çərçivəsində bu konfliktə görə məsuliyyəti Fransa və ABŞ-la bölmək istəyir. Düşünürəm ki, Bakı və İrəvan da Rusiyanın bu konfliktdə monopoliyasını istəmir”.

Xəbər xətti