Ana səhifə
16 Noyabr 2018

Xalq artisti ilk dəfə Leyli obrazını canlandıracaq

Gülyanaq Məmmədova: «Bu obraz mənim yaşadığım həyata yaxın olduğu üçün onu oynamağa qərar verdim»

 

Gülyaz Məmmədova: «Leyli obrazı Gülyanağa yaraşır, onu Leyli obrazında görürəm»

 

Fevralın 8-də Opera və Balet Teatrında xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov “Leyli və Məcnun” operasını oynayacaqlar. İlk dəfə Leyli obrazını canlandıran Gülyanaq Məmmədova təəssüratlarını “Üç nöqtə”yə bölüşdü: “Opera və Balet Teatrında yüz ildən artıqdır ki, «Leyli və Məcnun» operası oynanılır. Böyük sənətkarlarımız neçə-neçə leyliləri, məcnunları yüksək səviyyədə ifa ediblər. O sənətkarlardan sonra Leylini oynamaq böyük məsuliyyət tələb edir. Mənim arzularımdan biri Leyli obrazını canlandırmaq olub. 1993-cü ildə ilk dəfə Leyli obrazını bacım Gülyaz xalq artisti Mənsum İbrahimovla oynayıb və 20 ildən artıqdır ki, oynayırlar. O vaxtdan Gülyazla Mənsum İbrahimovun məşqlərinin şahidi olmuşam və Hafiz Quliyevin, Elxan Mansurovun, Canəli Ələkbərovun məşqlərini heyran-heyran izləmişəm. Onda tələbə idim, birinci kursda oxuyurdum. O illərdən Leylini oynamaq arzusunda idim, amma addım ata bilmirdim. Ətrafdan baxana hər şey asan görünə bilər, amma o obrazın içinə daxil olmaq, ifa və eləcə də, aktyorluq çox çətindir. Mənim də tərəf müqabilim Mənsum İbrahimovdur. Hazırda operanın məşqləri gedir, baş rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev opera üzərində işləyir. Leylinin ifa tərzini isə əməkdar artist Elxan Mansurov öyrədib. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. “Leyli və Məcnun” operasında Leylini oynamaq üçün Opera və Balet Teatrının direktoru Akif Məlikova müraciət edəndə çox gözəl qarşıladı və dedi ki, «sən bizim opera sənətimizdə oynamağa layiqsən». Buna görə Akif müəllimə və teatrın yaradıcı heyətinə təşəkkürümü bildirirəm».

Xalq artisti onu da dedi ki, əvvəl Leylini oynasaydı, obrazı bu qədər hiss etməzdi: “Bəlkə də mətni əzbərləyib, o hissi yaşamadan oynayırdım. İnsan həyat yolunda bu hadisələri yaşayır, həyatın enişli-yoxuşlu yollarından keçir. Əsərdə bir qızın anasına sığınması var. O hissləri bütün qızlar yaşayır, mən də yaşamışam. Təhsil almağa gəlmək istəyərkən ərə vermək istəyiblər, amma sevməmişəm. Bunlar yaşadığımız həyatda bir obrazdır, hər insanın bir obrazı var. Bu obraz mənim yaşadığım həyata yaxın olduğu üçün bəlkə də o gücü-qüvvəti özümdə tapıb, obrazı oynamağa qərar verdim. Eləcə də alnıma yazılıbmış ki, xalq artisti kimi Leylini oynamalıyam. Düzdür, müraciət edəndə xalq artisti adını almamışdım. Leyli çox gözəl obrazdır. Dahi Üzeyir Hacıbəylinin yaratdığı obrazı oynamaq çox çətin, məsuliyyətli və gözəldir. Asan bir iş yoxdur, ona görə də, çətin işin öhdəsindən gəlmək lazımdır. Obrazın öhdəsindən gəlməyə çalışacam. Əvvəldən sinəmə döyə bilmərəm ki, yüksək səviyyədə oynayacam. Özümə məxsus oynamağa çalışacam. Allah güc-qüvvət, sağlamlıq versin, hazırda özümü qripdən qorumağa çalışıram».

G.Məmmədova vurğuladı ki, insan sənətdə hansı pillədə olursa-olsun, onun digər işlərə aidiyyatı yoxdur: “Hər işin öz məsuliyyəti var. Leylini canlandırmağımın onlara aidiyyatı yoxdur: Üzərinə düşən işin öhdəsindən gəlməlisən. Onu da deyim ki, artıq zal dolub. Buna görə hər kəsə təşəkkürümü bildirirəm".

Xalq artisti Gülyaz Məmmədova da bacısı Gülyanaq Məmmədovaya dəstək oldu: "İlk dəfə 1993-cü ildə Leyli obrazını oynamışam. Mən və Mənsum İbrahimov səhnəyə ilk dəfə çıxmışdıq. Çox uğurlu alınmışdı, hətta ondan sonra dalbadal o operanı oynadıq və hər biri uğurlu keçdi. İndi həmin alqışları, uğuru Gülyanağa arzu edirəm. Bacımın yerinə həyəcandan ürəyim əsir. Leyli obrazı Gülyanağa yaraşır, onu Leyli obrazında görürəm. Mən onun qədər həyəcan keçirirəm. Səsi, görünüşü gözəldir, səhnədə də gözəl olmasını arzulayıram. Mənsum İbrahimov məşqlərdən çox razıdır. Deyir ki, yaxşı olacaq".

 

Rəqsanə

Tarix
4 Fevral 2015 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin