Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

17:36 - 14 Noyabr 2020 - SİYASƏT

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumat verilib. Xarici işlər naziri Ceyhun Bayramov hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd etdi. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildirdilər.

Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğuladılar.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayıb və bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə etdi.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər xətti