Abşeronda ər arvadını azyaşlı oğlunun gözü qarşısında qətlə yetirib

10:24 - 31 Oktyabr 2020 - HADİSƏ

Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Abşeron rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti