"Axıra qədər gedəcəyik" - Prezident İlham Əliyev

17:39 - 26 Oktyabr 2020 - Xəbər

Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük. Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb. Dövlət başçısı bildirib: "BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik".

Xəbər xətti