Ana səhifə
23 Sentyabr 2018

«Sərhədi keçən insanların hamısı sorğu edilməlidir»

Səhiyyə Nazirliyi: «Afrika ölkələrindən gələn insanlara «Ebola» xəstəliyinə görə daha ciddi yanaşılmalı, onlar yoxlanılmalıdır”

 

 

 Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları soğru etməli, "Ebola" virusunun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşmalıdır.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, "Ebola" virusuna yoluxma əsasən bir neçə Afrika ölkəsində qeydə alınıb, digər ölkələrdə isə virusa yoluxan az sayda xəstə qeydə alınır. Qonşu Gürcüstanda "Ebola" virusuna yoluxmanın qeydə alınması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb: “Ancaq heç bir ölkə deyə bilməz ki, "Ebola" virusu bizə daxil ola bilməz. Çünki xəstə insanlarla təmasda olan və ona yoluxan insanlar 21 günlük inkubasiya dövründə dünyanın hər hansı ölkəsinə gedə bilər. Heç kim xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin edə bilməz. Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər”.

Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanın sərhəd-keçid məntəqələrində quraşdırılmış xüsusi aparatlar da "Ebola" virusuna yoluxmuş və xəstəliyin gizli mərhələsində olan insanlarda bunu aşkarlaya bilməz. Bu aparat yalnız insanların hərarətini qeyd edir.

O qeyd edib ki, xəstəliyin geniş yayıldığı Afrika ölkələri ilə Azərbaycanın ticarət, mədəni əlaqələri aktiv deyil. Ancaq həmin ölkələrdən gələn insanlar Azərbaycan sərhədini keçdikdə sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən qeydiyyata alınmalı, onların hansı ünvanlara getdikləri öyrənilməlidir. Daha sonra isə həmin şəxs barədə əraziyə baxan poliklinikaya məlumat verilməli, onlar inkubasiya dövründə nəzarətdə saxlanılmalıdırlar.

Stansiyanın direktor müavini bildirib ki, xəstəliyin olub-olmamasından asılı olmayaraq, sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri Azərbaycan ərazisinə gələn insanları soğru etməlidir: "Ola bilər ki, kimsə özünü pis hiss edir, kimdəsə temperatur, ishal var. Vəbaya yoluxmuş insanda temperatur yüksək olmaz, ancaq onda ishal, halsızlıq ola bilər. Ona görə də sərhədi keçən insanların hamısı sorğu edilməlidir. Afrika ölkələrindən gələn insanlara bu xəstəliyə görə daha ciddi yanaşılmalı, temperaturunu yoxlamalı, onları sorğudan keçirməlidirlər”.

Ş.Qurbanov onu da əlavə edib ki, Azərbaycanda indiyədək "Ebola" virusu ilə əlaqədar şübhəli şəxs qeydə alınmayıb: “Bu xəstəlik Azərbaycanda yoxdur. Azərbaycana yalnız xaricdən gətirilə bilər. Ona görə də sərhəd-keçid məntəqələrində bu məsələyə qarşı çox diqqətli olmaq lazımdır”.

 

Samir

Tarix
14 Oktyabr 2014 [21:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin