"Yenə bizi Azərbaycandan kənara atdılar"- Qurban Qurbanov

12:33 - 21 Oktyabr 2020 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının I qrupunda ilk turun İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda "Report"a müsahibəsi

- İsrailə hansı əhval-ruhiyyədə yollanırsınız?
- Şükürlər olsun, hər gün cəbhədən şad xəbərlər alırıq. Cənab Prezidentin özü açıqladıqda isə tam əminlik yaranır. Arxayın oluruq ki, bu şəhərlər, rayonlar götürülüb. Dünən Zəngilən şəhərinin işğaldan tam azad olunması bizim üçün sevindiricidir. Bu, azərbaycanlı kimi hamımıza əlavə güc, inam verir. Hər gün bu cür xəbərlər gözləyirik.

- UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Qarabağ" qrupdakı ev oyunlarını neytral meydanda keçirəcək. Bu qərara münasibətiniz necədir və rəqiblərinizi hansı ölkədə qəbul etmək istəyirsiniz?
- Açığı, hələ planda bir şey yoxdur. Dünən gecə qərarı 2 dəfə dəyişdilər. Əvvəl yazmışdılar ki, alternativ variant da ola bilər. Amma sonradan matçın tam neytral meydanda keçiriləcəyini yazdılar. Bunun üçün 3 ölkəni göstəriblər: Kipr, Macarıstan və Polşa. Əfsuslar olsun ki, yenə bizi Azərbaycandan kənara atdılar. Bunu arzulamazdım. Sadəcə, heç birimiz heç nə əldə edə bilmədik ki, niyə belə etdilər? Ölkədə çempionat davam edirsə, niyə neytral meydanda oynamalıyıq? Düzü, bu qərar mənə çatmadı. İllərdir əziyyət çəkirik ki, qrupda oynayaq, böyük komandalar Azərbaycana gəlsin və bizim mentalitetimizi görsün, tanış olsunlar. Xüsusilə də belə bir zamanda bu, vacibdir. Təəssüf ki, buna nail ola bilmədik. Həm klub, həm də federasiya olaraq, UEFA-ya təsir göstərə bilmədik. Ümumiyyətlə, kluba heç bir məlumat verilmədi. "Legiya" ilə pley-off oyunu neytral meydana salınanda ən azı klubla əlaqə saxlayırdılar. Hər gün yazırdılar, fikir mübadiləsi aparırdıq. Amma bu dəfə kluba heç nə bildirmədilər. Birdən dedilər ki, UEFA belə qərar qəbul edib. Biz həmişə Azərbaycanın mədəniyyətini qoruyub-saxlamışıq. Daxildə reaksiya versək də, qərarları normal qarşılamışıq. Yenə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzən belə şeylər bizə motivasiya verir. Amma böyük klublara qarşı neytral meydanda oynamaq o qədər də asan deyil. Hələ ki, bir oyunun Bakıda olmayacağını deyiblər. Amma digərlərinin də burada keçirilməsinə icazə verəcəklərinə inanmıram. Bizim üçün həddindən artıq çətin mövsüm olacaq. Bundan sonrakı qərarları gözləyəcəyik.

- "Qarabağ"ın direktoru Emrah Çelikel "Report"a açıqlamasında bildirib ki, ev oyunlarını Türkiyədə keçirmək üçün UEFA-ya müraciət ediləcək. Hazırda bu variant nə dərəcədə realdır?
- Alternativ variant olacağı halda, sevə-sevə Türkiyəni təklif edəcəyik. Amma açığı, inanmıram. Yəqin ki, buna mane olan qüvvələr var. Düşünürəm ki, boşa gedəcək. Çünki belə bir qərar veriblərsə, məncə, başqa variantımız olmayacaq.

- Neytral meydan üçün 3 ölkədən - Polşa, Macarıstan və Kiprdən birini seçməlisiniz. Siz daha çox bunların hansında oynamağın tərəfdarısınız?
- Buna hər şeyi götür-qoy etdikdən sonra qərar verəcəyik. Təkcə bizim oraya gedib oynamağımız bəs etmir. Eyni zamanda, bizə təhlükəsizliklə bağlı təminat verməlidirlər. Ev sahibi olsaq da, orada qonağıq. Dövlət, federasiya səviyyəsində təminat olmalıdır. Yəqin ki, həm ölkələr, həm də federasiyalarla danışıqlar aparılacaq. Ondan sonra qərar qəbul edəcəyik.

- "Makkabi" ilə sabahkı görüş haqqında fikirləriniz necədir və matçdan nə gözləmək olar?
- Səfərə yaxşı oyun və nəticə üçün gedirik. Qrupun ilk oyunudur. Bakıya uğurlu nəticə ilə qayıdacağımıza inanıram.

- Mövsümə uğursuz start versə də, sanki son hadisələrin ardından "Qarabağ" daha motivasiyalı oynayır. Ümumiyyətlə, komandanızda psixoloji vəziyyət necədir?
- Həmişə qeyd etmişəm ki, psixoloji yorğunluq olsa belə, fiziki durum daha önəmlidir. Qrupun 6 oyununu səfərdə keçirmək, 3-4 gündən bir milli komandada, çempionatda oyun keçirmək futbolçuları həm fiziki, həm də psixoloji anlamda həddindən artıq yorur. Bu isə motivasiyada problem yaradır. Düzdür, illərdir bu təcrübəni keçirik. Amma hələ bu qədər ağır mövsümlə qarşılaşmamışdıq. 3 turnirdə oynamaq heç də asan deyil. Həmçinin komandada futbolçu sarıdan ötənilki say çoxluğu da yoxdur. Ötən mövsüm heyətdə meydana çıxa biləcək 23 futbolçu var idisə, indi bu rəqəm 15-16-dır. 3-4 nəfər də gənc oyunçumuz var. Hər bir halda, hamının, xüsusilə də gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bəlkə də bunun həmin futbolçuların daha tez böyümələrinə böyük faydası dəyəcək.

Xəbər xətti