Ana səhifə
26 Sentyabr 2018

“Saatların çəkilməsinə uyğunlaşmaq o qədər də vaxt almır”

Orxan Oruc-Zadə:Saat dəyişikliyinin müəyyən psixoloji və fizioloji təsirləri olsa da, insan ölümünə səbəb ola bilməz”

 

 

Azərbaycanda və dünyanın bir sıra ölkələrində saatların yay və qış vaxtına uyğun olaraq irəli-geri çəkilməsi qaydasına əməl olunur. Oktyabr ayının sonuncu həftəsində ölkəmizdə qış vaxtına keçirilir. Qış vaxtına keçidin müsbət iqtisadi effekt verdiyi qeyd edilir. Belə ki, bu qaydanın tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Lakin buna baxmayaraq, Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna kimi ölkələr yay və qış vaxtına keçiddən imtina ediblər. Bu addımı insanların səhhətinə ziyanlı olduğunu əsas gətirərək atdıqlarını bildiriblər. Bəzən insanlarım psixoloji olaraq vaxt dəyişiminə uyğunlaşmadığını deyirlər. Psixoloq Orxan Oruc-Zadə deyir ki, saatların çəkilməsinə uyğunlaşmaq o qədər də vaxt almır: “Saatların irəli-geri çəkilmək  təcrübəsi bir çox ölkələrdə var və hər il dünya əhalisinin təxminən yarısı bu prosesi yaşıyır. Təbii ki, saat fərqinin yaranması insanlardan müəyyən psixofizioloji dəyişikliklərə səbəb ola bilir. Bu xüsusilə rejimlə yaşayan insanlarda daha çox özünü biruzə verir. Amma burada təhlükəli və qorxulu heç nə yoxdur. Orqanizmin və psixikanın vəhdətli adaptasiyası cəmi bir neçə günə başa çatır. Vaxtın dəyişilməsini istirahət gününə salınması da insanlara bu prosesdə kömək etmək məqsədini daşıyır. Xüsusilə rejimlə yaşayan insanların orqanizmində müəyyən bir bioritm yaranır ki, həmin ritmin pozulması fizioloji çətinliklər, həmin fizioloji çətinliklər isə psixoloji adaptasiya problemləri yaradır. Məsələn, həmişə saat birdə nahar etməyə uyğunlaşmış orqanizmin qida ritminin dəyişilməsi (aclıq və ya acmadan yemək) aqressiya, əhvalın aşağı düşməsi kimi halların yaranmasına səbəb ola bilər. Biz özümüz də fərqinə varmadan həm psixoloji həm də fizioloji olaraq bir ritmdə oluruq. Havanın qaralması ilə işin bitməsi, işə gedərkən havanın qaranlıq olması və ya əksinə kimi halların birdən-birə dəyişilməsi təbii ki, insanda müəyyən bir anlıq çaşqınlıq yarada bilir. Və saatların dəyişilməsinin yaratdığı həmin bu problemlər təxminən bu çaşqınlığın bitməsinə qədər (maksimum bir həftə) davam edir. Bəzən isə bu sadə problemi insan özü böyükləşdirir. Məsələn, bir saat tez durmaq və ya axşam işdən bir saat gec çıxmaq kimi məsələyə birtərəfli yanaşma psixoloji adaptasiya prosesinə ciddi mənfi təsir göstərir. Axı işdən bir saat gec çıxırıqsa, bu o deməkdir ki, həm də bir saat gec gəlirik, yuxu məsələsində həmçinin. Demək ki, saatların dəyişilməsi ilə bağlı psixoloji çətinliyin yaranması hər bir fərdin öz məntiqi yanaşmasından asılıdır”.

Psixoloq Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı təqdim olunan qanun layihəsinə də toxundu Xatırladaq ki, həmin qanun layihəsində bir sıra faktlar öz əksini taprıb. Orada bildirilirdi ki, yay və qış vaxtlarına keçid vətəndaşların səhhətinə mənfi təsir edir. Hətta hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument kimi 1980-1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8-10% təşkil edir. İddia edilir ki, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insan ölür. Psixoloq bu kimi statistikanın saat dəyişilməsi ilə heç bir əlaqəsi olmadığını dedi: “Saat dəyişilməsinin müəyyən psixoloji və fizioloji təsirləri olsa da, insan ölümünə səbəb ola bilməz. Hər gün minlərlə insan bir ölkədən başqa ölkəyə təyyarə ilə səfərlər edirlər və saat dəyişimi problemini o zaman da yaşayırlar. Hətta 6-10 saat belə fərqliliklər yaranır ki, bu adaptasiyanı daha da çətin edə bilir. Amma kim deyə bilər ki, bu cür vaxt fərqliliyi olan ölkərə səfərlər insan ölümlərinə səbəb olur. Adətən saat dəyişimləri fəsil dəyişiklikləri ərəfəsində olur və bu ərəfədə bəzi zəif orqanizmli insanlarda ciddi səhiyyə problemləri yaşanır”.

Psixoloq saatların çəkilməsindən uyğunlaşma çətinliyi çəkən insanlara məsləhət verdi: “Həmişə saatların çəkilmə vaxtının rəsmi olaraq əvvəlcədən elan olunmasından istifadə edib, uyğunlaşmanı mərhələli şəkildə etmək olar.  Məsələn, yuxu rejimini 3-4 gün ərzində 15 dəqiqəlik artan intervalla irəli və ya geri çəkməklə bu çətinliyin təsirini azaltmaq olar”.

Aygün Asimqızı

Tarix
14 Oktyabr 2014 [20:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin