"Rəşadətli Azərbaycan Ordusu günbəgün zəfərə, qələbəyə yaxınlaşmaqdadır"

14:44 - 18 Oktyabr 2020 - SİYASƏT

"Aydın məsələdir ki, düşmən öz acizliyini ört-basdır etmək üçün, öz məğlubiyyətlərini pərdələmək üçün Azərbaycanın mülki şəxslərini hədəfə alır. Ermənistandan fərqli olaraq Azərbaycan isə heç vaxt mülki şəxsləri hədəf seçmir. Bu həqiqəti cənab Ali Baş Komandanımız İlham Əliyev də dəfələrlə vurğulayıb".

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

"Təcavüzkar və işğalçı Ermənistan hər dəfə döyüş meydanlarında məğlubiyyətinin acısını çıxmaq üçün xain təxribata əl atır. Bu dəfə də hədəf mülki insanlar - qadın və uşaqlar oldu. Adi dillə desək, Ermənistanın gücü ancaq qadın və uşaqlara çatır. Qarabağda rəşadətli əsgərlərimizin qabağından qorxaqcasına qaçan erməni dığalarının hərbi-siyasi rəhbərliyi növbəti dəfə terror əməli törətdi. Oktyabrın 17-də düşmən gecə saatlarında Gəncə şəhərinə raket zərbələri endirdi. Bu xain terror hücumu nəticəsində yenə günahsız dinc sakinlərimiz arasında çoxlu sayda ölən və yaralananlar vardır. Onların əksəriyyəti uşaqlar və qadınlardır. Bu Ermənistan tərəfindən beynəlxalq konvensiyaların kobudcasına pozulması deməkdir. Bu hərbi cinayətdir. Dünya birliyi Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə laqeyd qalmamalıdır.Heç kim Ermənistanın törətdiyi bu vəhşiliyə, bu vandal aktına biganə qalmamalı, insanlıq suçunu görməzlikdən gəlməməlidir. Aydın məsələdir ki, düşmən öz acizliyini ört-basdır etmək üçün, öz məğlubiyyətlərini pərdələmək üçün Azərbaycanın mülki şəxslərini hədəfə alır. Ermənistandan fərqli olaraq Azərbaycan isə heç vaxt mülki şəxsləri hədəf seçmir. Bu həqiqəti cənab Ali Baş Komandanımız İlham Əliyev də dəfələrlə vurğulayıb. Ancaq beynəlxalq ictimaiyyət Ermənistanın bu aqressiyasına, vəhşiliklərinə adekvat reaksiya vermədiyinə görə, biz özümüz öz gücümüzlə təcavüzkarı ram etməyə, ağıllandırmağa çalışırıq. 30 ilə yaxındır ki, sülh danışıqlarından səmərəli nəticələr gözləyən, lakin bütün gözləntiləri puça çıxan Azərbaycan xalqı indi işğal altında olan öz ərazilərini azad etməkdədir.


Bir daha qeyd edirəm ki, işğalçı Ermənistandan fərqli olaraq biz öz gücümüzü erməni şəhərlərinə raket atmaqla, erməni qadınlarını, uşaqlarını gecə yatdıqları yerdə bombalamaqla göstərmirik. Biz öz gücümüzü və nəyə qadir olduğumuzu real döyüş meydanlarında göstəririk. Fərqimiz də bax bundadır. Azərbaycanın döyüş meydanlarında əldə etdiyi uğurları, həyata keçirdiyi uğurlu döyüş taktikalarını, Azərbaycan Orusunun güc və qüdrətini təkcə Ermənistan deyil, bütün dünya gördü. Və hər kəsə aydın oldu ki, bu gün Azərbaycan yenilməzdir, onun güclü Ordusu var, onun səriştəli və mübariz Ali Baş Komandanı var. Odur ki, düşmənin mülki sakinlərimizə atəş açması kimi bu çirkin və iyrənc davranışı Azərbaycan xalqını əsla sarsıda biməyəcək, Azərbaycan xalqının iradəsini qıra bilməyəcək və bizi bu haqq yolumuzdan döndərə bilməyəcəkdir. Azərbaycanın şanlı Ordusu işğal altında qalan ərazılərimizi erməni vandallarının əsarətindən qurtaracaq və üçrəngli bayrağımız həmin ərazilərdə dalğalanacadır! Biz düşmənin “atəşkəs” tələsini, hiyləsini də yaxşı başa düşürük. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun əks-hücümları qarşısında duruş gətirə biməyəcəklərini elə ilk günlərdən anlayaraq atəşkəsə nail olmaq üçün hər kəsə yalvarmağa başladı. Lakin düşmən tərəf öz xislətinə sadiq qalaraq rəsmi Moskvanın vasitəçiliyi ilə humanitar atəşkəs elan olunmasının səhərisi günü Gəncə və Mingəçevir şəhərlərinə raket və ağır artilleriya atəşi açdı. Onlar bununla da bir daha sübut etdilər ki, Ermənistan tərəfi heç bir beynəlxalq qanun və prinsipləri tanımır, hətta öz xahiş və yalvarışları hesabınaəldə olunan humanitar atəşkəsə belə əməl etməyə siyasi iradələri çatmır. Budur erməni xisləti. Ermənistan beynəlxalq təxribatlara əl atmaqda davam edir. Xarici ölkələrdən muzdlu döyüşçüləri, terrorçu qatilləri, qanunsuz silahlı qruplaşmaları gətizdirərək, Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb edirlər. “Atəşkəs” oyunu da Ermənistana bütün bu murdar əməllərini ört-basdır etmək üçün lazım idi. Çox maraqlıdır ki, bəzi dünya ölkələri Ermənistanın törətdiyi bu terror aktlarına, həyata keçirdikləri bu müharibə cinayətlərinə heyrətamiz dərəcədə soyuqqanlı münasibət göstərir, seyrçi qalırlar. Onlar sanki heç bu bəşəri cinayətləri görmürlər. Hələ bunlar azmış kimi bəzi iri dövlətlər işğalçı və terrorist Ermənistan dövlətini bu və ya digər vasitələrlə müdafiə edir, hətta ona gizli və ya açıq şəkildə silah-sursat yardımı da göstərirlər. Əgər bu belə olmasa idi, oyuncaq Ermənistan dövləti artıq çoxdan süqut etmişdi. Lakin biz bir daha Ermənistana və onun havadarlarına bəyan edirik ki, bu haqq savaşında Azərbaycanın mövqeyi güclüdür.


Bu gün bütün Azərbaycan xalqı ayaqdadır. Hər bir kəs bir əsgər kimi torpaqlarımızın bütövlüyü uğrunda döyüşməyə, bu yolda canından belə keçməyə hazırdır. Mənfur Ermənistan Azərbaycanın bu milli həmrəyliyinin qarşısında heç bir vəchlə duruş gətirə bilməz. Rəşadətli Azərbaycan Ordusu günbəgün zəfərə, qələbəyə yaxınlaşmaqdadır. Hər gün torpaqlarımızın bir hissəsi düşmən tapdağından azad olunur. Kəndbəkənd, rayonbarayon, qarış-qarış ərazilərimiz işğaldan azad olunur. Qəhrəman əsgərlərimiz qarşısında tab gətirə bilməyən erməni cəlladları döyüş texnikalarını, silahlarını, həta bayraqlarını da qoyub rəzilcə qaçırlar. Üstəgəl, biz bu haqq davamızda tək deyilik. Bizim qardaş Türkiyə kimi, Pakistan kimi, Ukrayna kimi sadiq dostlarımız və mütəfiqlərimiz var. Bütün sülhsevər qüvvələr və dövlətlər bizim yanımızdadır. Odur ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı tamamilə işğaldan azad edəcəyik. Düşmən tərəf də bunu yaxşı bilir. Elə ona görə də hər cür təxribata, terrora əl atır. Ötən gecə Gəncədə törədilən soyqırım aktı da düşmən tərəfin acizliyindən doğan növbəti vəhşilikdir. Lakin Ermənistan bununla heç nəyə nail ola bilməyəcək. Azərbaycan Ordusunun da, Azərbaycan xalqının da, Ali Baş Komandanımızın da yenilməz əzmi, döyüş ruhu ortadadır. Bu ruhu heç nə ilə sarsıtmaq mümkün deyil. Çünki Ali Baş Komandanımızın da qeyd etdiyi kimi biz Vətən müharibəsi aparırıq, Ermənistan tərəfi isə ədalətsiz müharibə aparır. Bu müharibə bizim üçün müqəddəsdir. Müqəddəs müharibə aparan, öz torpaqlarını azad etməyə qalxan toplumlar həmişə məğlubedilməz olur. Bunu dünyanın hərb tarixi də sübut edir. Bu gün hər bir azərbaycanlı bilir və əmindir ki, Qələbə bizimlədir! Çünki Qarabağ bizimdir!"

Xəbər xətti