Ana səhifə
14 Noyabr 2018

Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn olundu

Anar: “Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim”

Kamal Abdulla: «Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi"

Dünən xalq şairi Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn olundu. Vida mərasimi Akademik Milli Dram Teatrında baş tutdu. Şairin vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar İttifaqının sədri Anar, millət vəkili Fəttah Heydərov, gənclər və idman naziri Azad Rəhimov, rejissor Oqtay Mirqasımov, millət vəkili Sabir Rüstəmxanlı, xalq şairi Söhrab Tahir, dövlət müşaviri Kamal Abdulla, bəstəkar Cavanşir Quluyev, xalq artisti Fuad Poladov və başqaları iştirak etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki olduğunu bildirib: "Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi".


Millət vəkili, şair Sabir Rüstəmxanlı isə xalq şairinin sevgidolu insan olduğunu dilə gətirdi: “O həyatı çox sevirdi. Nə qədər ciddi adam olsa da daxilən o qədər yumoru sevən, zarafatcıl bir insan idi. Ömrünün son günlərində tez-tez ölümdən danışırdı. Bu da təbii idi, çünki ağır xəstəliyə düçar olmuşdu. Vaqif Səmədoğlu ilə sonuncu dəfə təyyarədə qarşılaşmışdım, müalicəyə gedirdi. Ölümdən qorxan adam deyildi. Çünkü ölümsüzlüyünü hamıdan gözəl bilirdi. Elə buna görə də ölümdən çox danışırdı, çox yazırdı. Vaqif Səmədoğlu 20-ci əsrin üç böyük nəhəng şairlərindən biri idi. Vətənpərvər insan, Səməd Vurğunun yadigarını və ədəbiyyatımızda böyük bir söz sahibi olan şairimizi itirdik. Amma əsərləri ilə hər zaman bizimlə olacaq”.
 

Yazıçı Seyran Səxavət isə Vaqif Səmədoğlunu göz yaşları içində xatırladı: “Birdə Vaqifi məclislərdə görməyəcəyəm, bir də bizimlə danışmayacaq, yumorları ilə bizi güldürməyəcək. Amma Vaqif həmişə yanımızda olacaq. Əlbəttə gözəl ruhu ilə. Vaqif ədəbiyyatda böyük insan idi. O sağlığında sevgi qazanan və adını əbədiyyətə yazan adam oldu. Onun bütün yazıları özünə oxşayır, hamısı təbii, səmimidir, özüdür. Vaqif yenə yaşayacaq, danışacaq, ürəkləri fəth edəcək. Məni incidən onun həm də fiziki yoxluğudur. Bu yoxluq məni çox göynədir. Xəstə vaxtlarında onunla görüşmək istədim, amma alınmadı. Əslində bu görüş məni çox incidəcəkdi, çünkü Vaqifi o vəziyyətdə görmək mənə asan olmayacaqdı”.


Azərbaycanın xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: "Sıralarımızdan böyük bir şair getdi. O tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu".


Dövlət müşaviri Kamal Abdulla isə çıxışında bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir. K.Abdulla deyib ki, onun qədər daxilən azad adam tapmaq çətin məsələdir: "Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".
Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.
Mərhumun ruhuna dualar oxunub.

 

Rəqsanə

Tarix
29 Yanvar 2015 [20:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin