QHT region sakinlərinə pulsuz hüquqi yardım göstərilməsini davam etdirir

17:39 - 28 Sentyabr 2020 - Cəmiyyət

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi region sakinlərinə pulsuz hüquqi yardım göstərilməsini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə  oktyabrın sonunadək davam etdiriləcək.

Bu barədə Ucnoqta.az-a məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov deyir ki, “Regionlarda əhalinin sosial cəhətdən həssas qruplarına hüquqi yardım göstərilməsi” layihəsinin icrasına  bu ilin iyulunda başlanılıb:
"Təşkilat  respublikamızda  COVİD-19 pandemiyasının başladığı bu ilin martından  əhaliyə onlayn hüquqi  yardım göstərməyə başlayıb. Əhaliyə həm təşkilatın Bərdə rayonundakı ofisində, həmçinin ehtiyacı olanların  hüquqi yardıma asan çıxışı üçün yaradılan imkanlardan istifadə edilərək hüquqi yardım göstərilməsinə başlanılıb. Bununla təşkilat respublikamızda koronavirusla mübarizə istiqamətində görülən işlərə öz dəstəyini verib.

Təşkilat “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt”  nömrəsinə müraciət edən vətəndaşlara hüquqi yardım göstərib. Həmçinin, imkansız və gündəlik ərzaqa ehtiyacı olan tənha və azyaşlı uşaqları olan 6 ailəyə ərzaq yardımı edilməsi üçün köməklik göstərilib. Həmiçinin, indiyədək koronavirus pandemiyasından zərər çəkən 81 vətəndaş pulsuz onlayn hüquqi yardım alıb.

Bundan başqa  təşkilatın Bərdə rayonundakı ofisi,  internet səhifəsi, “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt” (0702902299) nömrəsinə müraciət edən  94 vətəndaşa hüquqi yardım göstərilib. Həmin şəxslərin hüquqlarının qorunması üçün tələb olunan ərizə, şikayət və müraciətləri layihənin hüquqşünası və işçi heyəti tərəfindən hazırlanaraq vətəndaşlara çatdırılıb.  

Hazırlanan sənədlər  birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda  yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara  çatdırılıb".

X.Kazımov qeyd edib ki, vətəndaşların hüquqlarının bərpası istiqamətində zərurət yarandıqda məhkəməyə də müraciət edilib: "Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apelyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilib. Ötən müddət ərzində 9 nəfərin pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmələrə müraciət edilib. 5 vətəndaşın iddiaları üzrə məhkəmə prosesi yekunlaşıb və həmin işlərin hər birində iddiaçının xeyrinə qərar verilib. Digər 4 iş üzrə məhkəmə prosesi davam etdirilir".

X.Kazımov qeyd edib ki, təşkilatın ofisində vətəndaşların bütün növ elektron müraciətlərinin aidiyyati qurumlara onlayn göndərilməsində onlara köməklik göstərilir.

Xəbər xətti