Hikmət Hacıyev erməni təxribatları ilə bağlı “Al Jazeera”yə müsahibə verdi

10:48 - 28 Sentyabr 2020 - Xəbər

Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətməsindən danışıb, həmçinin Azərabaycan torpaqlarının 30 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal faktını xatırladıb.

"30 ildir ki, Azərbaycan Ermənistan ordusunun işğalçı və təcavüz siyasətindən əziyyət çəkir. Ermənistan ordusu mülki əhalimizi hədəf alır, bizim işğal olunmuş ərazilərdən çıxarılmış 1 milyon məcburi köçkünümüz var. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələri ilk növbədə Ermənistan ordusunun təxribatlarını və təcavüzkar fəaliyyətlərini dəf etmək, ikinci növbədə isə Ermənistanı sülh danışıqlarına məcbur etmək məqsədilə əks-əməliyyat və əks-hücum tədbirləri görür.

Sülh danışıqları Ermənistan tərəfinin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olub və hazırda hər hansı real danışıqlar getmir. Bu səbəbdən bizim başlıca hədəfimiz cəbhə xəttinə yaxın ərazidə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və bununla yanaşı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini artıq 30 ildən çoxdur ki, davam edən işğaldan azad etməkdir. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etmişdir.

Ermənistan Silahlı Qüvvələri isə cəbhə bölgəsində yaşayan Azərbaycanın mülki əhalisinə hücum etməyə davam edir. Azərbaycanlı məcburi köçkünlər və qaçqınların öz suveren torpaqlarına qayıtmaq haqları var. Ermənistanın işğalı səbəbindən isə onlar torpaqlarına qayıda bilmirlər",-deyə Prezidentin köməkçisi müsahibəsində bildirib.///qafqazinfo

Xəbər xətti