"Yeganə yol Ermənistanın qeyd-şərtsiz işğal altındakı torpaqlardan çəkilməsidir"- Rusiyalı deputat

13:45 - 27 Sentyabr 2020 - Xəbər

Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə bağlı münasibət bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin danışıqlar, sülh yolu ilə həyata keçirilməli olduğu mövqeyində olub və bu mövqeyində də qalır:
“Bunun üçün hər iki tərəf danışıqlara meyilli olmalıdır. Lakin son vaxtlar Ermənistanın rəsmi orqanlarının yalnız bir şeyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Nəticə özünü çox gözlətmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağ ilə sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı”.

D.Savelyev münaqişəyə son qoymağın yeganə yolu heç bir şərt qoyulmadan Ermənistanın işğal altındakı torpaqlardan bütün hərbi qüvvələrini çıxarması və sülh prosesinə başlanmasıdır: Qaçqınlar Dağlıq Qarabağ torpağına qaytarılmalı və bu ərazinin Azərbaycan daxilində taleyini təyin edəcək bir referendum keçirilməlidir.

“Qan tökülməsi, Qafqaz bölgəsində gərginlik heç kimə lazım deyil. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər, şübhəsiz ki, həm Rusiya, həm də bütün dünya birliyi tərəfindən dəstəklənəcək”, - deyə parlamentlərarası dostluq qrupunun rəhbəri sözlərini yekunlaşdırıb.
///oxu.az

Xəbər xətti