Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb

22:16 - 17 Sentyabr 2020 - Xəbər

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Şura daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəkləyib, ictimai aktuallıq kəsb edən layihələrinə maliyyə ayırıb, bilik və bacarıqlarının artırılmasına yardım edib.

Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-sində sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çoxsaylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdirlər. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.

Hikmət Hacıyev cənab Prezidentin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Prezidentin köməkçisi deyib ki, hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusi ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə başçısının və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.

Hikmət Hacıyev bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir. Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onları narahat edən məsələlər barədə danışaraq fikir və təkliflərini səsləndiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Xəbər xətti