“Region İcmalarının İnkişafına və Yoxsulluğun Azaldılmasına Dəstək” İctimai Birliyi tərəfindən 20 imkansız ailəyə birdəfəlik ərzaq yardımı edilib.
Ərzaq yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə icra olunan "COVİD-19 pandemiyasından zərər çəkən məcburi köçkünlərə dəstək" layihəsi çərçivəsində göstərilib.
Bu barədə məlumat verən təşkilatın sədri Teymur Mirzəyevin sözlərinə görə, layihənin əsas məqsədi COVİD-19 pandemiyasından zərər çəkən 20 imkansız ailəyə ərzaq yardımı göstərilməsi ilə onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etmək idi: "Məlum olduğu kimi ötən ilin sonlarından dünyada yayılmağa başlayan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən yeni növ koronavirus bəlasına qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutları da öz dəstəyini verməkdədir.
Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi respublikamızda pandemiyanın itkilərini minimuma endirməyə imkan verib. Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın bütün sahələrə zərərlərinin azaldılması, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün addımlar atılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da respublikamızda koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, pandemiyadan zərər çəkən ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlərə öz töhfəsini verib".
T. Mirzəyevin sözlərinə görə, təşkilata daxil olan müraciətlər və fəaliyyət göstərdiyimiz ərazidə yaşayan koronavirus pandemiyasından zərər çəkən imkansız ailələrdən ibarət siyahı müəyyənləşdirilib: "Həmin siyahı müəyyənləşdirilərək Şura ilə razılaşdırıldıqdan sonra imkansız ailələrə çatdırılması üçün ərzaq kuponu alındı.
Ərzaq yardımı almaq üçün "Hədiyyə kartı", layihə ilə bağlı hazırlanmış məktub əlavə olunan xüsusi zərflər “Azərpoçt” MMC-nin Bərdə Poçt Şöbəsi tərəfindən ailələrə çatdırılıb. Birdəfəlik ərzaq yardımı göstərilənlərdən 7-si əlilliyi olan şəxslər, 4-ü ailəsində xəstəliyi olan şəxslər olan ailələrdir. Həmin ailələrlə sonradan telefon əlaqəsi saxlanılıb və həmin şəxslər artıq "Hədiyyə kartı"ndan istifadə edib".