Bu gün 17 minə yaxın abituriyent imtahan verəcək
08:01 - 21 Avqust 2020 - Xəbər
Avqustun 21-də cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul, II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlarda 16 min 884 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.