Azərbaycanda “Qaz ilə göyərçinin əhvalatı” adlı kitab qadağan edildi - FOTO

10:22 - 12 Avqust 2020 - Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı açıqlama verib.

Komitədən Oxu.Az-a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin, seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:

“Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və  yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir.

Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq  məzmunda və üslubda yazılmalıdır.

Adı çəkilən çap məhsulunda istifadə olunan  ifadələrin azyaşlı uşaqlara  göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin  Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib”.

Qeyd edilib k ki, “Uşaqların zərərli informasiyadan  qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır:

“Həmçinin, bu qanunun tələblərinə zidd olaraq  sözügedən “kitab” ekspert rəyi olmadan çap edilib. Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən, həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada  müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq”.


Xəbər xətti