“Ana, virus var, olar ki, işə getməyəsən?”

17:56 - 10 Avqust 2020 - Xəbər

“İnsanların virusa yoluxduğunu göstərən reseptlər görmək çox ağırdır”

“3 ildən çoxdur ki, bu sahədə çalışıram. Bu 3 ilin son 5-6 ayı əvvəlki dövrlə müqayisədə çox fərqli keçdi. Çünki pandemiya dövrüdür və hər kəsin içərisində sağlamlığı ilə bağlı narahatlıq var. Bu da ona gətirib çıxardı ki, son bir neçə ayda əvvəlki dövrdə görmədiyimiz qədər aqressiv müştərilərlə qarşılaşdıq”.

“Marketlər, mağazalar da bu dövrdə bizim kimi davamlı olaraq işlədilər. Ancaq onlarla bizim işimizi müqayisə etsək, aptekə gələnlər özlərinin və doğmalarının sağlamlığı üçün narahat olan insanlardır. Gərgin, aqressiv davranmaları da normaldır”.


Bu fikirlərin sahibi pandemiya dövrünü iş başında keçirən əczaçı Minurə Məmmədovadır. Müsahibimiz Beyləqan rayonunda “Avromed” şirkətinin “Dokta” aptekində çalışır.
Bəli, o, pandemiya dövrünü iş başında keçirir, işi əvvəlkindən də çoxdur. Öz sağlamlığı üçün təhlükə olduğunu bilsə də, hərzamankı kimi işinə davam edib. İlk vaxtlar virus qorxusu onda da olub, bir anlıq da olsa, işə getməmək haqqında düşünüb: “Etiraf edim ki, virus yayılan ilk vaxtlar işə çıxanda, məndə sanki bir qorxu var idi. Hətta bəzən içimdən işə getməmək də gəlirdi. Birdən mənə də virus yoluxar – deyə düşünürdüm. Əslində, bu narahatlığım özümə görə deyildi. Hiss etmisinizsə, bu dövrlər insanlar özlərindən çox doğmaları, xüsusilə də evdə olan yaşlı valideynləri, körpə uşaqları üçün üçün narahatdırlar. Mən də əzizlərimə görə təlaş keçirirdim. İşdən sonra evə ailəmin, övladımın yanına gedirdim. Nə qədər desələr də, uşaqlar üçün problem yoxdur, ancaq ana narahatlığı olur”.

Onu işə getməyə sövq edən qüvvə daha üstün gəlir: “İşə getmək istəmədiyim kimi fikirlərin tez keçməsinin səbəbi var. Düşünürdüm ki, bu qədər iş yerləri bağlıdır, amma insanların həyatı üçün əhəmiyyətli olan sahələrin insanları iş başındadırlar. Belə bir məqamda mən evdə oturmağı özümə rəva görə bilməzdim. Bilirsən ki, insanların işinə yarayırsan, öz işin vasitəsilə ehtiyacı olan şəxslər üçün çalışırsan. Təsəvvür edin ki, bir çox əczaçılar virusu düşünüb, pandemiya dövründə evdə oturmağı seçir. Bəs bizim işimizi kim görəcək? Bu nə dərəcədə ədalətli olar? İşimizə sevgimizi belə məqamlarda göstərməliyik. Bu səbəbdən işə getməmək istəyim bir anlıq ağlıma gəlir və tez də keçib gedirdi. Belə bir dövrdə insanların həyatı üçün vacib olan sahənin nümayəndəsi kimi iş başında olmaq qürurludur”.

“İndi apteklərdə spirt, maska problemi yoxdur. Amma ilk vaxtlar müvəqqəti olaraq spirt problemi də yaşandı, maska da tapılmadı. İnsanlar virusdan qorunmaq üçün bu vasitələri tapmayanda, “yoxdur” - dediyimizdə, bizə qarşı reaksiyaları heç də yaxşı olmurdu. Aqressiv danışan, acı söz deyən, bizi günahkar görənlər də az olmadı”.

Əczaçı deyir ki, aqressiv müştəriyə heç vaxt eyni tərzdə reaksiya verməyiblər: “Aptekdə çalışan şəxs hər zaman təmkinli olmalıdır. Aqressiv danışan şəxsə eyni reaksiyanı vermək asandır. Amma peşəkar işdən söhbət gedirsə, biz o cür davranmamalıyıq. Nə olursa olsun, müştəri hər zaman haqlıdır – prinsipi ilə hərəkət etmək vacibdir. Digər tərəfdən də, unutmamalıyıq ki, həssas dövrdür. İnsanların kütləvi olaraq sağlamlıqları ilə bağlı təhlükə riski var. Ona görə biz maksimum dərəcədə təmkinli davranmağa, onları başa düşməyə çalışırıq, aqressiv danışığa şirin dillə cavab veririk”.

Əczaçı bildirdi ki, rəhbərlik pandemiya dövründə təmkinli davranan işçiləri mükafatlandırıb: “Mən “Avromed” şirkətinin “Dokta” aptekində çalışıram. Müdriyyətimiz maska tapılmayan, əhalinin səbrinin tükəndiyi dövrlərdə aqressiv ünsiyyətə xoş münasibət göstərən hər bir əczaçıya təşəkkürnamə və pul mükafatı göndərmişdi. Mən də həmin əməkdaşlardan biri idim. Təbii ki, biz bunu hər hansı mükafat üçün etmirdik. İşimizdir və onu gözəl şəkildə görməliyik”.

“6 yaşlı qızım var. Düzdür, övladımı virusun gərginliyi ilə bağlı söhbətlərdən uzaq tutmağa çalışırdım. Məktəbəqədər hazırlığa gedirdi. Təhsil müəssisələrinin bağlanması pandemiya ilə bağlı artıq ona bir çox şeyi özlüyündə izah etmişdi. Mənə görə də qorxurdu. Ana, virus var, olar ki, işə getməyəsən? – deyirdi. Mən ona iş başında olmağımızın vacibliyini izah edirdim. Bu zaman isə deyirdi ki, kaş ki koronavirus olmazdı”.

Minurə deyir ki, bir çox viruslu xəstələrin onlarda koronovirus deyil, qrip olduğunu düşünmələri əczaçıların sağlamlığını riskə atmış olur: “Virusun bizdə yayıldığı ilk vaxtlarda Covid-19 əlamətləri olan çox adam onlarda bu virusun olduğuna inanmırdılar. Düşünürdülər ki, qripdir, aptekdən adi qrip dərmanları almaqla bunu müalicə edəcəklər. Ola bilər ki, kiminsə yaxını gedib dərmanı alırdı, heç xəstə aptekə getmirdi. Amma hamıya məlumdur ki, virusa yoluxduğu halda xəstəliyini gizlədib aptekə, marketə gedənlər də çoxdur. Bu səbəbdən biz iş başında olarkən virusa yoluxma riskimizin olduğunu bilirdik. Covid-19-a yoluxmuş şəxslər də aptekə gəliblər. Reseptə yazılan dərmanlardan biz bunu bilirik. Düzdür, ailə üzvləri üçün də ala bilərlər, amma halından da bilmək olur ki, resepti özünə alır, yoxsa başqa birinə. İstənilən halda, virusla bağlı dərman alan şəxslər üçün narahatlığım daha çox olurdu. Görəsən, sağaldımı? - deyə düşünürdüm. Tanıdığım şəxslər olanda, öyrənməyə çalışırdım”.

M.Məmmədova bildirdi ki, əvvəlki dövrlə müqayisədə, son vaxtlar müştərilərə daha çox açıqlama verir: “Yəqin ki, bu da zərurətdən yaranır. Virusa yoluxma olarsa, vaxtında aşkarlanması, müalicə aparılması daha yaxşı olar. Amma bəzən insanlar onlarda qrip olduğunu düşünürlər və müalicənin ləngiməsinə səbəb olurlar. Belə desək, kim nə desə inanırlar. Tutaq ki, biri deyir ki, məndə də eyni əlamət idi, qrip keçirdim. Səndə də qripdir və s. İnsanlar da düşünürlər ki, onlardakı virus deyil, adi soyuqdəymədir. Virus əlamətləri olan və aptekdən qrip dərmanları alan şəxsləri biz yönəldirdik. Bildirirdik ki, yoxlansın, hər deyilənə inanmasın. Qonşusunda qrip olubsa, o demək deyil ki, onda da qripdir.

Yaxud maska məhdud sayda gəldiyi vaxtlarda daha çox maska almaq istəyən şəxslər var idi. Bu cür də satış apara bilərdik. Amma biz onlara izah edirdik ki, hər kəs ehtiyacı olan qədər alsa, daha çox insana faydalı ola bilərik. Əvvəldən 15-20 günün ehtiyatını alıb evə qoymaqla ehtiyacı olan başqa adamların maska ilə təminatında problemə səbəb ola bilərlər”.

Özünüzü virusdan qorumaq üçün iş prosesində nəyə diqqət edirsiniz – sualına əczaçı belə cavab verdi: “Hamı kimi tez-tez əllərimi sabunla yuyuram, spirtləyirəm. Əlcəkdən, maskadan istifadə edirəm. Müştərilərlə məsafə saxlamağa çalışıram. Əlcəkdən istifadə edəndə müştəridən pul alırıq, təmas yaranır. Diqqətli davranırıq ki, əlimizi ağzımıza, burnumuza, gözümüzə vurmayaq. Düzdür, bu asan deyil. Biri var gündə bir neçə adamla təmasda olasan, bu qaydalara riayət edəsən. Biri də var, saatlarla davamlı olaraq bu rejimdə qalasan. Hər kəs bu cür işləyir, təbii ki, rəhbərlik də bizi təhlükəsizliyimiz üçün lazımi vasitələrlə təmin edir”.

Bir çoxumuz “Evdə qal” şüarına əməl etdiyimiz dövrdə, iş başında olmaq, viruslu xəstələrlə təmas ehtimalı çox böyük olan bir sahədə çalışmaq heç də asan deyil. M.Məmmədova bu günlərin qısa müddətdə bitməsini arzu etdi: “Düzdür, işləyirik, nə qədər lazımdırsa, insanlarımızın sağlamlığının keşiyində durmağa hazırıq. Ancaq insanların virusa yoluxduğunu göstərən reseptlər görmək çox ağırdır. Ümid edirəm ki, bu çətin günlər tezliklə bitəcək”.

Pandemiya dövründə həyatını təhlükəyə atıb bizlər üçün çalışan peşə sahiblərinə işlərində uğurlar arzu edirik. Ümid edirik ki, bu çətin günləri tez bir zamanda geridə qoyacağıq.

Könül Oruc

Yazı “NAR” və TƏBİB-in birlikdə keçirdiyi müsabiqə üçün hazırlanıb.

Xəbər xətti