Şəmkirdə güclü külək fəsadlar törədib

12:39 - 29 İyul 2020 - ÖLKƏ İÇİ

Şəmkirdə güclü külək fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, ötən gecə Şəmkir rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə bəzi yaşayış məntəqələrində təsərrüfata ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox zərər çəkən rayonun Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndləridir. Belə ki, güclü külək adıçəkilən kəndlərdə ağacları aşırıb, elektrik və rabitə xətlərini qırıb, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Həmçinin istixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları təbii fəlakətdən zərər çəkən kəndlərdə araşdırma aparır və əhaliyə dəymiş ziyanı hesablayır. RİH-dən APA-ya bildirilib ki, ilkin hesablamalara görə, güclü külək rayonun 24 yaşayış məntəqəsində fəsadlar törədib. Bu istiqamətdə hesablamalar davam etdirilir.

Xəbər xətti