Valideynləri tərəfindən döyülərək evdən qaçan uşaq sığınacağa yerləşdirildi
19:33 - 28 İyul 2020 - Xəbər
Bir neçə gün bundan öncə Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində 14 yaşlı Ələkbərov Səbuhi (ad, soyad şərtidir) atası tərəfindən döyülərək evdən Sahil qəsəbəsinə qaçmışdı.
“Komsomol” küçəsində sakinlərin məsləhəti ilə uşaq redaksiyamıza müraciət etmiş və ona kömək göstərilməsini xahiş etmişdir.
“Üç nöqtə” qəzeti olaraq məsələni nəzarətə götürdük və bununla bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Gec saatları olmasına baxmayaraq Komitənin Mətbuat Katibi Elgün Səfərov dərhal reaksiya verərək azyaşlının “Ümid Yeri” uşaq sığınacağına yerləşdirilməsinə kömək etdi.
Elgün Səfərovun sözlərinə görə, məsələ birbaşa Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın nəzarətindədir və uşağa hərtərəfli köməklik göstərilir:
“Müraciətiniz əsasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi uşağın sığınacağa yerləşdirilməsi məsələsi ilə operativ şəkildə məşğul olmuş və uşaq “Ümid Yeri” uşaq sığınacağına yerləşdirilmişdir. Hazırda uşağa hüquqi, sosial və psixoloji dəstək göstərilir və onun ailə üzvləri ilə görüşlərin keçirilməsi üçün monitorinq komissiyaları işlər görür. Psixoloqun rəyinə əsasən uşağın gərgin psixoloji vəziyyətdə olduğu qeydə alınmışdır və uşağın uzun müddətli psixoloji reabilitasiya keçməsi müəyyən edilmişdir. Bu işlərin hər biri Komitəmiz tərəfindən görülür. Onu da əlavə edim ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yerli icra hakimiyyəti orqanına müraciət olunub”.