Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan sonra prosesi başqa müstəviyə çəkməyə başlayıb. Güclü Azərbaycan ordusundan layiqli cavab alan erməni tərəfi bu dəfə öz çirkin siyasətlərini müxtəlif ölkələrdə gerçəkləşdirməyə başlayıblar. Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfidən təxribatlar törədilir. Bütün bunlar təsadüfdürmü? Xaricdəki erməni terror təşkilatları ilə Ermənistanın dövlət syasəti nə dərəcədə fərqlənir?
Öncə qısaca hadisələrin xronikasına baxaq. Ermənistanın cəbhədə törətdiyi təxribatlara etiraz olaraq həmvətənlərimiz dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçiriblər. Bu dinc aksiyalarda iştirak edən azərbaycanlılara qarşı qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və davam etməkdədir. Bu qəbildən olan hadisələr Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini ortaya qoyur. Özündə vandalizm və terror elementlərini ehtiva edən və cinayət məsuliyyəti doğuran bu hadisələr zamanı çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunub, onlara xəsarətlər yetirilib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub.
Aksiya iştirakşılarına qarşı vandallıq edən şəxslərdən birinin paltarının üzərində ASALA terror təşkilatının adının və simvolunun əks olunması üzərində dayanılası mühüm məqamlardan biridir. O baxımdan ki, yaxın tarix ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti ilə zəngindir.
Bu terror təşkilatı yaradılarkən əsas məqsəd kimi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq niyyəti seçilib. ASALA, əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Faktlara istinad etsək, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları
- 70-dən çox insanı qətlə yetiriblər;
- ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər;
- 24 türk diplomatını qətlə yetiriblər.
Bu terror təşkilatlarının mahiyyəti Ermənistanın həyata keçirdiyi dövlət siyasətindən elə də ciddi fərqlənmir. 1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasətinə çevirməyibmi? Bununla bağlı çoxsaylı faktlar var və bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törədilən vandallığa dünya indiyə qədər şahidlik etməyib. Xocalı soyqırımını törədən zaman edilən cinayətlərə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.
Ermənilərin törətdiyi son təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, spontan alınan hadisələr deyil. Düşmən son silahını işə salıb. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları həqiqətləri dünyaya çatdırmaq üçün istifadə etdikləri sivil yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını münaqişəyə cəlb edərək ölkəmizin imicini zədələmək, ölkəmizin Dağlıq Qarabağla bağlı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəfdən yayındırmaq kimi məqsədlər güdürlər. Və bu zaman vandalizmə əl atmaqdan çəkinmirlər.
İşin diqqət çəkən ən maraqlı tərəfi isə dünyanın imkişaf etmiş ölkələrində törədilən bu vandalizmə olan biganə münasibətdir. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları hələ də susurlar. Bu susqunluğun ancaq bir izahı var; həmin təşkilatlarda ikili standartlar hökm sürür. Bunun əksi olsaydı, tam fəqrli münasibətin şahidi olardıq.
Bu qurumlar, eyni zamanda hadisələrin cərəyan etdiyi ölkələrin müvafiq qurumları, nəhayət hərəkətə keçib Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısını almalıdırlar. Digər tərəfdən, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının şərtlərinə əməl ediləməlidir. Bu sənədə əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması həmin ölkə tərəfindən qəbul edilir. Deməli, indiki halda baş verənlər bilavasitə hadisələrin cərəyan etdiyi ölkələrin məsuliyyətindədir.
Erməni terroruna qarşı adekvat addımların şahidi olmasaq, bu, beynəlxalq müstəvidə terrorun himayəsi kimi qiymətləndirilə bilər. Buna başqa ad tapmaq mümkün deyil...