Qulu Məhərrəmli: “Jurnalistika cəmiyyətin ictimai gözüdür”

17:57 - 22 İyul 2020 - Müsahibə

“Jurnalistikanın əsas missiyası gerçəkliyi, olayları dəqiq, operativ şəkildə cəmiyyətə çatdırmaqdır. Çox təəssüf ki, bizdə heç vaxt operativlik və dürüstlük üst-üstə düşmür. Əslində isə düşməlidir”.

“Üç nöqtə” qəzetinin qonağı Əməkdar jurnalist, professor Qulu Məhərrəmlidir.

-Müəllim, düzünü deyim ki, bu müsahibə digər müsahibələrimdən mənim üçün çox fərqlənir. Suallar jurnalistikada sözünün kəsəri olan bir professora ünvanlanırsa, bu mənim üçün ikiqat məsuliyyətdir. Bu vaxta qədər sizinlə müsahibə etməməyimin kökündə də məhz bu amil dayanıb. Mənə maraqlıdır, bu hisslər nə zamansa sizdə də olubmu?
-Jurnalistin müsahibəyə hazırlaşarkən həyəcan keçirməsi normal bir haldır. Çünki bu məsuliyyətdən doğur. Bütün müsahibələrə, xüsusən də müəllimlərlə müsahibələrə yaxşı hazırlaşmaq lazımdır. Mənim belə hisslər keçirməyimə qalanda isə, bəli, olub. Jurnalistikaya yeni başlayanda, televiziyada reportyor kimi çalışanda bəzi insanlar var idi ki, onlardan müsahibə alarkən istər-istəməz həyəcan olurdu. Düşünürsən ki, necə alınacaq? Görkəmli müğənnimiz Rəşid Behbudov mətbuatı sevmirdi, müsahibə də verməyi xoşlamırdı, onunla müsahibə etmək üçün bir ay səy göstərmişdim. O vaxt Azərbaycan Televiziyasında “Azərbaycan dünya meridianlarında” adlı veriliş çəkirdik, həmin veriliş üçün Rəşid Behbudovdan müsahibə almışdım. O müsahibə çox gərgin keçmişdi. İndiyə qədər xatırlayıram.

-Professor, niyə məhz jurnalistikanı seçdiniz?
-Orta məktəbi Şuşada oxumuşam, internat məktəbində. 8-ci sinifdə oxuyanda yerli Şuşa qəzetinə xəbərlər yazırdım, həmçinin “Azərbaycan gəncləri” qəzeti ilə də əməkdaşlıq edirdim. Jurnalistikanı könüllü olaraq seçmişəm. Bilirsiniz, sovet jurnalistikasının havası tamam başqa cür idi, lakin müstəqillik əldə etdikdən sonra müstəqil cəmiyyət üçün jurnalistikanın nə demək olduğunu daha dərindən dərk etdik. Xüsusən də 80-ci illərin sonlarında Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başlayanda, azad sözə ehtiyac olanda bu peşənin cəmiyyət üçün nə qədər gərəkli olduğunu gördük. Elə bu gün də jurnalistikaya ehtiyac var. Məsələn, Tovuz hadisələri zamanı insanlar cəbhədən obyektiv, dürüst xəbərlər istəyirdi. Yəni o məqam üçün jurnalist peşəsi, peşəkarlıq lazım idi ki, hadisələr dolğun şəkildə işıqlandırılsın. Jurnalistika cəmiyyətin ictimai gözüdür və bu gözün hər şeyi vaxtında, dəqiq, dürüst görməsi çox vacibdir. Pafoslu səslənməsin, bir sözlə, jurnalistikanı sevmişəm, seçmişəm və bu yolda da uğurlar əldə etmişəm.

-Sizin adınız çəkiləndə söyləyirlər ki, mükəmməl müəllimsiniz. Bəs özünüz necə düşünürsünüz? Ümumiyyətlə, özünüzü müəllim kimi necə qiymətləndirirsiniz?
-Bu suala cavab verməyə bir az çətinlik çəkirəm. Əslində insanın özü bilir, necə müəllimdir?! Amma mən hesab edirəm ki, müəllimliyin üzə çıxması daha çox şəraitdən, tədris mühitindən asılıdır. Bir ara Qafqaz Universitetində Jurnalistika kafedrasının müdiri oldum, etiraf edim ki, özümü orada daha yaxşı müəllim kimi hiss edirdim, yəni orada müəllimə münasibət fərqli idi. Heç nədən asılı olmayaraq müəllim öyrədəndir. Türklərin “öğretmen” ifadəsi mənim çox xoşuma gəlir. Müəllim təkcə nəzəriyyəni öyrətməli deyil, həm də bacarıq formalaşdırmalıdır. Tələbəyə xəbər arkitekturasını düzgün başa salmalısan və ya aparıcılıq etməyi, bir sözlə, peşə sirlərini aşılamalısan. Çalışırıq, yaxşı müəllim olaq. Bir də tələbələr də obyektiv olmur, 30, 60, yaxud 100 nəfərlik bir auditoriyada 5 nəfər səni gerçək müəllim kimi qəbul edə bilir, duyaraq qəbul edə bilir.

-Bu gün telekanallarımızın mənfi və müsbət cəhətləri hansılardır?
-Suala yığcam cavab versəm, bu şəkildə xarakterizə edə bilərəm ki, müsbət cəhəti odur, bizdə televiziya kanalları var, televiziyamızın 65 ilə yaxın tarixi var, yəni müəyyən ənənə var, təcrübə var. Müsbət tərəfi odur ki, büdcədən maliyələşən televiziya kanallarımız (AzTV, İTV) Azərbaycan mədəniyyətə, Azərbaycan dilinə ciddi töhvələr verirlər. Xüsusən son aylarda, pandemiya şəraitində televiziyaların cəmiyyət üçün nə qədər önəmli olduğunu anladıq. Onu da başa düşdük ki, biz bu kanallardan indiyə qədər öz təyinatına görə və cəmiyyəti irəlilətmək üçün istifadə edə bilməmişik. Bax bu televiziyalarımızın mənfi cəhətlərindən biridir. Digər mənfi cəhət telekanallarımızın lazımi auditoriya toplaya bilməməsidir. Bu gün Azərbaycanda elə bir televiziya verilişi yoxdur ki, ona böyük auditoriya baxsın. Düzdür, AzTV-də, İTV-də bunun üçün cəhdlər edilir, artıq plüralist meyillər var, xüsusən diskusiyya proqramlarında müxtəlif fikirlər eşidilir. Bunlar çox müsbət tendensiyalardır. Fikrimcə, televiziyalarımız belə şəkildə davam etsələr, çox böyük uğurlar qazana bilərlər. Xəzər televiziyasında yaxşı istiqamətdə müəyyən proseslər gedir ki, bu aşkar görünür. Real TV çalışır ki, günün nəbzini tutsun. ATV-də və CBC-də müəyyən proqramlar var ki, maraqla baxılır. Bunlar təbii ki, müsbət cəhətlərdir. Amma yenə də deyirəm, mənfi cəhətlər də var, peşəkarlıqla bağlı, maraqlı veriliş hazırlamaqla bağlı, xüsusən xəbər proqramlarının coğrafi əhatəsi və rənarəngliyi ilə bağlı müəyyən problemlər var.

-KİV-in başlıca məqsədi ictimaiyyəti məlumatlandırmaq olduğu üçün dəqiqlik əsas şərtdir. Bu baxımdan dəqiqlik operativlikdən də vacibdir. KİV-lərimizdə hazırda dəqiqlik öndədir, ya operativlik?
-Əlbəttə, jurnalistikanın əsas missiyası gerçəkliyi, olayları dəqiq, operativ şəkildə cəmiyyətə çatdırmaqdır. Çox təəssüf ki, bizdə heç vaxt operativlik və dürüstlük üst-üstə düşmür. Əslində isə düşməlidir. Dünyada da bu tendensiya var. Məsələn, BBC dünyada ən mükəmməl televiziya sayılır. Yəni o keyfiyyət baxımından bir etalondur. BBC çalışır ki, məlumatı həm dəqiq, həm də operativ çatdırsın. CNN-də isə başqa bir dəsti-xətt var, o, daha çox operativliyə meyillidir. Onun verdiyi operativ informasiyalar bəzən heç dəqiq də olmur və sonradan təkzib edilir. Ona görə deyirəm ki, istəniıən media qurumunun nüfuzu üçün keyfiyyətlərin üst-üstə düşməsi çox vacibdir. Azərbaycanda operativ, dəqiq məlumat verən KİV-lər var. Bəzi hallarda isə dəqiqliklə operativlik üst-üstə düşmür. Yazılı mətbuatda dəqiqlik daha çoxdur, onlayn mediada isə operativlik. Fikrimcə isə, jurnalistikada bunların hər ikisi üst-üstə düşməlidir.

-Mövzunu müasir jurnalistikanın problemlərinə doğru istiqamətləndirək...
-Bu gün Azərbaycan jurnalistikasında ən ciddi problem KİV-lərin iqtisadi azadlığının təmin olunmaması məsələsidir. İkinci problem peşəkarlıqla bağlıdır ki, bu da aşağı səviyyədədir. Üçüncü məsələ redaksiyadaxili azadlıqların olmaması ilə bağlıdır. Dördüncü məsələ reklam bazarının genişləndirilməsini əhatə edir. Beşinci məsələ jurnalistikanın öz missiyasını nə dərəcədə keyfiyyətlə yerinə yetirməsi ilə bağlıdır. Bu ciddi məsələdir. Sadaladığım problemlərin hamısı bunlara istiqamətlənir: Jurnalistika cəmiyyəti nə dərəcə doğru, dürüst ifadə edə bilir? Doğrudanmı, jurnalistika cəmiyyətimizin düşünən beyni və görən gözüdür? Doğrudanmı, bu gözlər yaxşı və dəqiq görür? Ümumiyyətlə, problemləri görürmü? Bir də bu gün jurnalistlərimizdə belə bir problem var, onlar kimdənsə asılıdırlar. Sanki ictimai missiya yaddan çıxarılıb və jurnalistlər öz maraqlarını güdürlər. Jurnalist redaksiyaya ayaq basdığı anda ona ev verilməsi, yüksək maaşla təmin olunması haqqında düşünürsə, o jurnalist də, jurnalistika da məhvə məhkumdur.

-“Jurnalistikanın missiyası” məsələsinə toxundunuz, bu gün jurnalistika öz missiyasını yerinə yetirə bilirmi?
-Jurnalistikanın öz missiyasını yerinə yetirdiyi məqamlar da var, o missiyadan kənara qaldığı məqamlar da. Təəssüf ki, ikinci hal daha çoxdur. Bəzən jurnalistika öz missiyasını bir kənarda qoyub təbliğat-təşviqat vasitəsinə çevrilir, ideoloji platformaya çevrilir. Bu tamamilə yalnışdır. Bu düşüncə ilə jurnalistikaya yanaşmaq olmaz. Jurnalistin öz işi var, reklamla məşğul olanın isə öz işi.

-Jurnalistikanın əvvəlki nüfuzunu qaytarmaq üçün nə etməliyik?
-Bu günümüzlə bağlı olan aktual bir məsələdir ki, biz nə edək, Azərbaycan jurnalistikasının itirilmiş şöhrəti geri qayıda bilsin?! Müstəqillik dövründə, xüsusən 2000-ci illərə qədər Azərbaycan mətbuatı çox yüksək şəkildə inkişaf etmişdi, eləcə də televiziya və radio verilişləri. Bunlar birlikdə Azərbaycan cəmiyyətində jurnalistikaya nüfuz qazandırırdı. Lakin son illər həyata keçirilən yalnış media siyasəti nəticəsində bütövlükdə jurnalistika nüfuzunu itirdi və bu nüfuzu bərpa etmək üçün düşünməliyik. Fikrimcə, jurnalistikanın öz missiyanını yerinə yetirməsinə imkan yaradıb cəmiyyətdə rolunu artırmalıyıq. “Azad mətbuat”, “azad jurnalistika” sistemi yalnız cəmiyyətdə nüfuz qazana bilər. Vaxtilə Üzeyir bəy Hacıbəyov jurnalistikanın cəmiyyətdə yerini, rolunu, vəzifələrini müəyyənləşdirəndə 3 ciddi şərt qoyurdu: Birincisi, Vətən abadlığı, ikincisi, millət səlaməti və dövlət intizamı. Bax bunları prinsiplər kimi qəbul edən jurnalist, bu məsələlərdən yazan jurnalist cəmiyyətdə nüfuz qazanacaq.

-Çox sağolun, professor. Sonda sizi 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edib müsahibəni yekunlaşdırıram. Dəyərli vaxtınızı ayırıb müsahibə verdiyiniz üçün minnətdaram.
-Mən də sizi təbrik edirəm, qələminiz iti, sözünüz kəsərli olsun.

Rövşən Tahir

Xəbər xətti