Ana səhifə
17 Avqust 2018

Region “oyunçularının” “ofsayt” durumu

Fikrət Sadıqov: “Rusiya bir çox məqamları nəzərə almaqla münaqişə ilə bağlı sərt və konkret mövqeyini irəli sürməlidir”

 

Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. “Maraqlar” toqquşduqca, Azərbaycana qarşı təzyiqlər artır. Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsindən “primanka” kimi istifadə etmək cəhdləri təəssüflə izlənir. Məlum problemlərindən çıxış yolları isə hələ də “müzakirələr çərçivəsi”ndən kənara çıxmır. Politoloq Fikrət Sadıqov “Üç nöqtə”yə verdiyi müsahibədə regionun siyasi mənzərəsini “zəbt etmiş” bu və ya digər nüanslara aydınlıq gətirdi.

 

- Fikrət müəllim, bu gün Rusiya Cənubi Qafqaz regionuna “maraqlı” olan böyük güclər sırasında daha aktiv rol alıb. Bunun səbəbi nədədir?

- Bu gün Rusiya diqqəti əsasən Azərbaycana yönəldib. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində çox müstəqil və kifayət qədər stabil mövqe tutur, Rusiya ilə münasibətləri genişlənir. Onu da yaddan çıxarmaq lazım deyil ki, Avropa İttifaqı, ABŞ tərəfindən Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Bu, şimal qonşumuzun Azərbaycana olan diqqətini daha da artırır. Son zamanlar Rusiyadan Bakıya edilən səfərlər və Bakı rəsmilərilə keçirilən görüşlər bunun əsas göstəriciləri hesab oluna bilər. Həmçinin, yaddan çıxarmaq lazım deyil ki, Rusiya Azərbaycanın Gömrük, Avrasiya İttifaqına daxil olmasını arzu edir. Düşünürəm ki, bunlar əsas səbəblərdir. Bu səbəblərə görə Rusiya ilə Azərbaycan arasında münasibətlər daha da genişlənəcək.

 

- Azərbaycanla Rusiya arasında müşahidə olunan “isti” münasibətlərin dinamikliyi Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü müstəvisində həlli üçün yaranan zəminlərin fonunda izah oluna bilərdimi?

- Əlbəttə. Bu yaxınlaşmanın və verilən təkliflərin müqabilində Azərbaycan da münqişənin həlli ilə bağlı müəyyən şərt və təkliflərini irəli sürə bilər. Çünki burada çox şey Rusiyanın mövqeyindən asılıdır. Ola bilsin ki, belə şərtlər irəli sürülür. Çünki müəyyən məsələlər pərdə arxasındadır və hələ ki açıqlanmır. Təbii ki, biz bu əlaqələrdən maksimum və praqmatik şəkildə istifadə etməliyik. Əgər biz Rusiya üçün lazımıqsa, əgər bizim münasibətlərimiz dərinləşirsə, təbii ki, Rusiya bir çox məqamları nəzərə almaqla münaqişə ilə bağlı sərt və konkret mövqeyini irəli sürməlidir. Düşünürəm ki, torpaqlarımızın azad olunması ilə münaqişənin həlli Qarabağdan kənar o 7 rayonun boşaldılmasından başlamalıdır. Çünki əsas şərt budur. Hər halda belə təkliflər gündəmdə var idi və vaxtilə müzakirə olunub. Hər halda ortada “Madrid prinsipləri”, “yenilənmiş Madrid prinsipləri” var. Biz vaxtilə buna öz razılığımızı bildirmişik. Lakin Ermənistan buna qarşı çıxıb, qeyri-konstruktiv şərtlər irəli sürür. Rusiyanın ədalətli mövqeyi bu məsələni “ölü nöqtədən” tərpədə bilərdi. Bizim əsas məqsədimiz budur. Təəssüf ki, Rusiyanın bununla bağlı istəyini qabarıq şəkildə görmək mümkün deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması prosesi heç də o demək deyil ki, onlar mexaniki şəkildə Ermənistana təzyiq göstərəcəklər. Eyni zamanda Azərbaycanın mövqeyi kifayət qədər güclü və stabildir və regionda oynadığı rol da Rusiya üçün bəllidir. Biz diplomatiyada hücumedici addımlarımızı atmalıyıq. Biz torpaqlarımızın azad olunması müqabilində danışıqlar aparmalıyıq, Rusiyanı bu məsələyə cəlb etməliyik. Rusiyanın belə bir niyyəti görünmürsə, bu o demək deyil ki, oturub gözləməliyik. Bizim torpaqlarımız işğal olunub. Biz torpaqlarımızın işğaldan azad olunmasını tələb etməliyik.

 

- Xəbər verildiyi kimi, oktyabrın 10-da Ermənistan Avrasiya İttifaqına daxil olması ilə bağlı sənədlərə imza atmalıdır. Lakin bu, ermənilər tərəfindən “ölümə imza atma” kimi qəbul olunur. Əslində erməniləri qorxudan nədir?

- Ermənilər təbii ki, qorxmalıdır. Əslində Azərbaycan-Rusiya tondemi münaqişənin ədalətli yolla həlli deməkdir. Azərbaycan kifayət qədər hərbi potensiala malik bir dövlətə çevrilib. Onlar başa düşürlər ki, Azərbaycan öz mövqeyindən dönməyəcək və onlar gözəl anlayırlar ki, əgər Azərbaycan Rusiya ilə münasibətlərini inkişaf etdirirsə, deməli Rusiya münaqişə ilə bağlı münasibətlərində müəyyən korrektələr də edə bilər. Çünki geosiyasi vəziyyət dəyişilib, burda müəyyən yeni məqamlar gündəmə çıxıb. MDB məkanın özündə də yeni proseslər baş verir. Belə bir fonda Rusiya – Azərbaycan yaxınlaşması Ermənistan üçün bir qorxudur. Çünki o başa düşür ki, əgər dünənə qədər Rusiyanın regiondakı tək tərəfdaşı o idisə, indi o Azərbaycana can atır. Onlar başa düşürlər ki, danışıqlar prosesində müəyyən qərarlar da qəbul oluna bilər. Digər tərəfdən ermənilərin Gömrük İttifaqına daxil olması məsələsi digər iştirakçılar tərəfindən sevinclə qarşılanmır. Yerevanda bunu dərk edirlər. Başa düşürlər ki, başqa çarələri yoxdur.

 

- Fikrət müəllim, Rusiya prezidenti Vladimir Putin Həştərxanda keçirilən IV Xəzər Sammitində çıxışında Xəzəryanı ölkələrə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana 2016-ci ildə irimiqyaslı birgə təlimlər keçirməyi təklif edib. O bildirib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığı regiondakı təhlükəsizliyi daha da möhkəmləndirəcək. Rusiya nəyə işarə edir və bu təklifin gerçəkləşməsi region dövlətlərini nəyə hazırlayır?

- Əvvəla onu deyim ki, Həştərxan görüşü kifayət qədər konstruktiv və müsbət nəticə ilə yekunlaşdı. Orada bir sıra sazişlər imzalandı. Hüquqi status məsələsi həll olunmasa da, bu istiqamətdə bir sıra məsələlər müzakirə olundu və faktiki olaraq gələcək sammitin yaxşı bir təməlinə çevrildi. Əlbəttə, biz Xəzəryanı dövlətlərdən biriyik və biz bütün sahələr üzrə əməkdaşlıq etməyə məcburuq. Bizi birləşdirən ümumi çağırışlara qarşı vahid mövqe, iqtisadi və ekoloji problemlərdir. Əgər kiminləsə hərbi təlimlər keçiririksə, bu o demək deyil ki, bu kimsə qarşı yönəlir. Biz Xəzəryanı dövlətlərlə bu təlimləri keçirməliyik. Çünki burada bir sıra çağırışlar var və ekstremist, terrorçu qruplaşmların təhlükə törətməsi ehtimalı səslənir. Bu məsələləri həll etmək üçün təlimlər keçirilir. Düşünürəm ki, belə təlimlərin keçirilməsi realdır.

 

- Fikrət müəllim, rusiyalı politoloqlar İŞİD-in Bakı neftinə “tamah” saldığını iddia edirlər. Bildirilir ki, İŞİD-in ələ keçirdiyi və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin “xəyali xəritəsində” Azərbaycan ərazisi də var. Bu yanaşma nə dərəcəd realdır?

- Rusiyanın bir sıra siyasətşünasları tamamilə uydurma xarakterli fikirlər səsləndirir. Biz bilirik ki, İŞİD vaxtilə aparıcı dövlətlər, o cümlədən ABŞ tərəfindən yaradılmış radikal bir təşkilatdır. Vaxilə «Əl-Qaidə» təşkilatının bir tərkib hisssi olub. İŞİD-in əsas məqsədi Azərbaycan deyil. Əsas məqsədi Yaxın Şərq ölkələrində “xilafət” yaratmaq, orda hökmranlıq etmək, bir sıra prosesləri idarə etmək, orda olan neftdən istifadə edib onu satmaq və öz ideologiyasını, fəlsəfə konsepsiyasını əhaliyə yeritməkdir. Onlar Şimalı Qafqazı da hədələyiblər. Amma inanmıram ki, İŞİD-in dünyanın istənilən regionunda hökmranlıq edib, bütün ölkələr üçün qorxu problemi yaratmağa potensialı çatsın. Onlar radikal, ekstremist ideologiyasını həyata keçirirlər. Eyni zamanda başqa bir həqiqət də ondan ibarətdir ki, hələlik İŞİD-ə zərbələr endirilir və o, artıq monolit təşkilat deyil. İnanmıram ki, bundan sonra onun dünyanın müxtəlif regionlarında hökmranlıq etmək imkanı olsun. Politoloqlar ona görə bu barədə danışırlar ki, kimlərdəsə qorxu yaratsınlar Eyni zamanda burda kiçik dövlətləri qorxunun təsiri altına salmaq niyyəti də var.

 

- Bəllidir ki, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr üzrə Komissiyası növbəti iclasda qondarma Dağlıq Qarabağ respublikasının tanınması qərarına baxışı təxirə salıb. Deputat Zarui Postancyan tərəfindən irəli sürülən “layihə”nin ən azı bir ildən sonra gündəliyə gətirilməsi planlaşdırılır. Bir il ərzində nəyin dəyişəcəyinə ümid edirlər?

- Ermənilər “fasiləni” ona görə götürürlər ki, indi bunun onlara xeyir verməyəcəyini başa düşürlər. Qalan işlər oyun xarakteri daşıyır. Onlar başa düşürlər ki, Dağlıq Qarabağı müstəqil qurum kimi tanısalar Minsk qrupu dövlətlərinin apardığı danışıqlar fonunda özlərinə ziyan vurmuş olacaqlar. Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayıb və tanınmayacaq. Azərbaycanın ərazi bütövlüyü dünya səviyyəsində tanınır, o cümlədən də Minsk qrupu dövlətlərində. Əgər Ermənistan bunu etsə, birmənalı şəkildə öz imicinə, siyasətlərinə zərbə vuracaqlar. O zaman danışıqların aparılmasının mənası itir. Buna da həmsədr dövlətləri imkan verməzlər. Qarabağın tanıdılması ilə bağlı gündəmə atılan məsələ sadəcə olaraq ictimaiyyətdə, müəyyən radikal dairləri sakitləşdirmək məqsədini daşıyır. İnanmıram ki, gələcəkdə belə bir tanınma baş versin.

 

- Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşərək prezidentlərin Parisdə oktyabrın sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar. “Əsas elementlər” deyəndə nəzərdə tutulan nədir və gözləntiləriniz varmı?

- Bunlar danışıqlar prosesini uzatmaq üçün olan təkliflərdir. “Əsas elementlər”, “Mərhələlər”, “təkliflər” bu kimin şüarlar artıq 20 ildən artıqdır ki, səslənir. Bizə aydındır ki, böyük dövlətlər Minsk qrupunu ona görə yaradıblar ki, münaqişəni nəzarət altına götürsünlər. Faktiki olaraq bunlar neçə illərdir danışıqlar prosesi altında ermənilərin “nazı” ilə oynayırlar. Birmənalı şəkildə ikiüzlülük nümayiş olunur. Onlar belə ikiüzlü siyasəti davam edəcəklər. İrəli sürdükləri elementləri də ciddi qəbul etmirəm. Münaqişədə “element” yox, Ermənistana təzyiq göstərilməlidir. Biz sadəcə olaraq torpaqalarımızı azad etmək istəyirik. Sadəcə olaraq məsələ ədalətli həllini tapmalıdır. Hansı elementləri irəli sürmələrindən asılı olmayaraq, bizi nəticə maraqlandırır. Biz hələ onu görmürük.

 

- Fikrət müəllim, ölkəmizi öz təsiri altına almaq istəyən xarici qüvvələrin ölkə daxilində hər hansı güclərdən istifadə edərək təxribat yaratma ehtimalları nə dərəcədədir?

- Aparıcı dövlətlərin burada müxtəlif dayaq nöqtələri, “5-ci kalon” adlanan qrupları var. Onların bəzi nümayəndələri çox yaxşı maliyyələşdirilir. Bu da Azərbaycana, faktiki olaraq rəsmi Bakıya bir təzyiq vasitəsidir. Azərbaycanın inkişafı, iqtisadi, hərbi potensialının artması bir sıra aparıcı dövlətləri narahat edir. Təbii ki, buna adekvat cavab verilməlidir və düşünürəm ki, verilir.

 

Tahirə Qafarlı

 

Tarix
3 Oktyabr 2014 [11:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin