Artıq çəkili xanımların “çəkilməz” geyim dərdi

12:57 - 7 İyul 2020 - Cəmiyyət

Şəlalə Maqsudova: “Satışa kiçik bədən ölçülü paltarlar, böyük bədən ölçülü geyimlərdən daha çox gəlir”

Bu gün alış-veriş məkanlarına gedəndə fəqli rənglərdə, müxtəlif formalarda istənilən qədər geyimlərə rast gəlirik. Amma, o geyimlərin çoxu kiçik  bədən ölçüsündə olan xanımlar üçün nəzərdə tutulub. Müəyyən qədər artıq çəkili insanlar üçün isə geyim tapmaq çətin bir məsələyə çevrilib. Geyim mağazalarında satıcılardan böyük bədən ölçülü paltarlar barədə soruşanda bildirirlər ki, onlar  üçün paltarlar ya bir neçə dənə olur, ya da ümumiyyətlə olmur. Bunun səbəbi nədir? Digər ölkələrin təcrübəsində bu necədir? Geyim satışında ölçü məsələsi necə tənzimlənir?

“Üç nöqtə”yə açıqlama verən modelyer Şəlalə Maqsudova bildirdi ki, böyük bədən ölçülü xanımlar üçün mağazalarda müəyyən qədər geyimlər var, amma həmin paltar düzgün şəkildə biçilmədiyi üçün kök xanımlar daha çox dərziyə, modelyerə müraciət edirlər. Yəni, onlar geyimlərini sifarişlə tikdirirlər: “Yaxud da, böyük bədən ölçülü geyimləri mağazalardan alıb gətirirlər və onların formasını dəyişirlər. Çünki, geyimlərin ölçüləri düzgün biçilməmiş və kəsilməmiş olur. Ona görə də, müştəriləri qane etmirlər. O səbəbdən, böyük bədən ölçüsünə malik xanımlar daha çox sifarişlə geyim tikdirməyə üstünlük verirlər. Standart götürdükdə isə, satışa kiçik bədən ölçülü paltarlar, böyük bədən ölçülü geyimlərdən daha çox gəlir”.

Ş.Maqsudovanın sözlərinə görə, dünya ölkələrində bu cəhətdən vəziyyət bir qədər fərqlidir: “Azərbaycanda incə xanımlar daha çoxdur, amma xarici ölkələrdə belə deyil. Ümumi ölkələrin statistikasına nəzər saldıqda görürük ki, Azərbaycana nisbətən xarici ölkələrdə kök insanlar daha çoxdur. Xarici ölkələrdə böyük bədən ölçülü xanımlar və bəylər gündəlik sport geyimlərə üstünlük verirlər. Onlarda kök adamlar üçün gündəlik geyimlər daha çox olur. Mayka tipli parçalardan hazırlanmış geyimlər gündəlik satışda çoxluq təşkil edir. Amma ziyafət geyimlərinə satışda daha az yer verilir”.

Modelyer əlavə etdi ki, bəzən kilolu xanımlar daha arıq görünmək üçün tünd, xüsusilə də qara rəngli geyimlərə üstünlük verirlər: “Mən bu fikrin qəti əleyhinəyəm. Çünki,  düzgün biçilmiş və seçilmiş forma varsa, bu geyimin rənginə təsir etmir. İstər ağ, istər sarı, istər də qara rəng olsun. Bəzən bizə elə müştərilər gəlir ki, illərdir arıq görünmək üçün ancaq qara rəngli geyimlər geyinir. Amma, mən onlara başa salıram ki, arıq görünmək üçün tünd rəngli geyimlərə yox, düzgün ölçülüb-biçilmiş geyimlərə ehtiyac var. Ondan sonra, həmin xanımlar risk edib açıq rəngli geyimlərdən istifadə etməyə başlayıblar. Yəni, açıq rənglərdə də, düzgün seçilmiş formalar insanın kilosunu itirə bilər”.

Ş.Maqsudova qeyd etdi ki, Azərbaycanda ideal bədən ölçülü xanımlar üçün podiumlarda geyimlər nümayiş olunur, amma hələ böyük bədən ölçülü xanımlar üçün Azərbaycanda belə dəfilələr təşkil olunmayıb: “Mən öz kolleksiyalarımda hər dəfə incə bədənli xanımları çıxarıram. Amma, düşünürəm ki, kök xanımlar üçün də, moda gecəsi təşkil edib, onları da podiuma çıxarmaq olar. Bu barədə xeyli müddətdir düşünürəm. Bu kilolu xanımların ən problemli yeridir. Əgər belə bir kolleksiya hazırlasam, onlar üçün daha maraqlı olar. Görərlər ki, kök xanımlar da belə, geyimlər necə gözəl dura bilər”.

Ş.Maqsudova sonda xanımlara məsləhət verdi ki, brend geyimlərə deyil, daha çox özlərinə yaraşan geyimlərə üstünlük versinlər: “Xanımlar öz bədənlərini tanısınlar. Hər bir xanım öz bədənini tanısa və ona uyğun olan geyimi düzgün seçsə, heç vaxt kompleksə düşməz. Və beləliklə, gözəl görünür. Xanımlara zövqlü geyim seçməyi arzulayıram”.

Könül 

Xəbər xətti