Ana səhifə
20 Oktyabr 2018

«My name is İntiqam» filminə rəqib görmürəm» - Müsahibə

Müşfiq Şahverdiyev: «Artıq kiminsə filmində çəkilməyə ehtiyacım yoxdur»

 

 

«Bundan sonrakı işlərimizdə bizdən qorxmaq lazımdır»

 

Yumor aktyoru, “Bu da bu” yumoristik layihəsində rəngarəng obrazları ilə seçilən, “My name is İntiqam” filminin İntiqamı Müşfiq Şahverdiyev “Şənbə qonağı”mızdır. Aktyor sənətindəki yenilikləri, “My name is İntiqam” filminin tamaşaçılar tərəfindən necə qarşılandığını və yeni film çəkmək planlarını dilə gətirdi.

 

- “My name is İntiqam” filmini təqdim etdiniz. Tamaşaçılar necə qarşıladı?

- Şükür Allaha, tamaşaçılar yaxşı qəbul etdilər, belə gözləmirdik. Artıq filmimizi 40 mindən çox tamaşaçı işləyib. “My name is İntiqam” Azərbaycanda kommersiya filmləri arasında ən uğurlu filmlərdən biridir. Bundan sonra da bu tipli filmlər çəkməyə davam edəcəyik. Bu işimiz super alındı və tamaşaçılar tərəfindən yaxşı qəbul olundu. Düzdür, gözəgötürməyənlər, artıq-əskik danışanlar da var. Amma biz o söhbətləri çox böyütmürük. Ən əsası da odur ki, kimsə özünü reklam edirsə, biz ona şərait yaratmırıq.  Bunu normal qarşılayırıq.

 

- “My name is İntiqam”ı “Xoxan” filmi ilə müqayisədə necə dəyərləndirisiniz?

- Bizim filmimiz başqa, “Xoxan” filmi isə başqa səpkidədir. Hansının yaxşı və ya pis olmasını deyə bilmərəm, hər ikisi Azərbaycan filmidir. Amma şəxsən öz adımdan deyirəm ki, “My name is İntiqam” filminə rəqib görmürəm. Bundan sonra isə çəkilənlərə baxıb fikrimizi bildirəcəyik. Onlar da bizim həmkarlarımızdır, amma bu işdə biz rəqibik. Mənim fikrimcə, “My name is İntiqam” bir nömrəli filmdir. Tamaşaçılar deyir ki, sizin filminizdə kənd həyatı, bulaq başı, qız-oğlanın görüş səhnəsi kimi insanı sakitləşdirən səhnələr var. Vacib deyil ki, filmdə yalnız  gülüş səhnələri olsun. Orada elə səhnələrimiz var ki, gülüş dayanır, insanı sakitləşdirən monoloq olur. Bu, bizim birinci işimiz idi. Bundan sonrakı işlərimizdə bizdən qorxmaq lazımdır.

 

- Yeni film çəkəcəksiniz. Orada mövzu nə olacaq?

- Yanvarın sonuna qədər tam qərar verəcəyik. “My name is İntiqam-2” filmini də çəkmək fikrimiz var. Bunu bizdən tamaşaçlar istəyirlər. Hələ ki, qərarımız dəqiq deyil, çünki komanda tam qərar verməyib. Qərar verilib ki, bizim şirkətimzidə növbəti film çəkiləcək. “My name is İntaqam-2” və yaxud da başqa bir film çəkiləcəyini yanvarın sonuna qədər dəqiqləşdirəcəyik.

 

 - O filmdə də kənd həyatından bəhs edəcək?

- “My name is İntiqam-2” deyil, başqa bir film də olsa orada kənd həyatı olacaq. Ekran işlərində rəngarəngliyi çox sevirəm. Filmi dar bir məkanda çəkmək istəmirik, bir məkan seçək, az maliyyə getsin, az güc sərf edək və montaj edək, bunları xoşlamıram. Film çəkmək əziyyətlə başa gəlməlidir, məkanlar çox olmalıdır. “My name is İntiqam” 6 ayın nəticəsidir ki, şükür Allaha, biz onun yavaş-yavaş xeyirini görürük.

 

-Filmlə bağlı tamaşaçıların daha çox hansı fikirləri ilə rastlaşırsınız? Film haqqında təəssüratları necədir?

- Filmimizi tənqid edən olmayıb, amma tamaşaçıların bəziləri filmdə söyüş olduğunu deyirlər. Vallah, bizim filmdə söyüş yoxdur, ikibaşlı sözlər var. Rəcəb İvedikdə açıq şəkildə söyüşlər var, amma bizdə belə bir şey yoxdur.

 

- İnsan öz işini görəndən sonra haradasa tənqidi yanaşdığı bir hal olur. Filminizdə dəyişmək istədiyiniz bir səhnə varmı?

 - Əlbəttə ki, elə səhnələr var ki, onu daha yaxşı çəkmək olardı, amma edə bilməmişik. Bu, maddi imkanla bağlı olub. Qaldı ki, orada açıq-saçıq səhnələr və ikibaşlı söhbətlər var, onu söyüş kimi qələmə verirlər. Növbəti filmdə onlardan bir az da çox istifadə edəcəyik. Biz filmimizlə tamaşaçı ilə ilk pərdəni açan aktyorlarıq. Necə ki, türklər, ruslar edirlər. Rəcəb İvediki qəbul edirlərsə, bizim filmimizi də qəbul etsinlər. 

 

- Belə çıxır ki, onları qəbul ediblər, bizim filmimizi də qəbul edəcəklər?

- Təbii ki, bu normal bir haldır. Ümumiyyətlə, insan bir iş görəndə ətrafına baxır ki, kim nə edir. Birdən-birə heç kim heç nə eləmir. Biz kinoteatra getdik ki, görək tamaşaçılar daha çox hansı filmlərə gülürlər. İnandırım ki, adi zarafatlara insanlar gülmürlər. Açıq-saçıq zarafatlara və səhnələrə daha yaxşı reaksiya verirlər və gülürlər. Tamaşaçılar nəyə gülürlər, onu təqdim etməyə çalışırıq.

 

- “Bu da bu” adlı yumoristik layihənin aparıcı aktyorlarındansınız. Bu verilişlə tamaşaçılara nəyi çatdırmaq istəyirdiniz və bir aktyor olaraq əsas missiyanız nədir?

- O verilişdə molla, gopçu Miri və həkimlərə aid səhnələr vardı ki, onları tənqid atəşinə tuturduq. Bəziləri qəbul etmirdilər ki, həkimləri, mollaları niyə belə edirsiniz. Tənqidi normal qarşılamaq lazımdı. Biz sadəcə sənətindən sui-istifadə edənləri tənqid eləmişik. “Cinema Company” şirkətinin baş müəllifi Fariz Əliyevin savadlı yazıları var. Bir komanda kimi hər bir səhnəcikdə tamaşçıya nəsə deyirik. Onları isə başa düşən düşür.

 

- Realığı gülüş obyekti ilə göstərirsiniz?

- Təbii ki, hə. Komediya ilə məşğul olduğumz üçün reallığı belə tərzdə təqdim edirik. Tamaşalarımızla insanlara nəsə deməyə çalışırıq.

 

- Yəni tənqidi yolla çatışmamazlıqları çatdırmağa çalışırsınız…

 - Bəli. Bu şəxsən mənim fikrimdir ki, əksər verilişlərdə və yumoristik filmlərdə belə halları görümürəm. Yumoristik aktyorlar, film çəkənlər, ssenaristlər ancaq fikirləşirlər ki, yalnız söz gülməli olsun və insanlar gülsünlər. Amma orada elə bir yumor olmalıdır ki, gülməli olmaqla yanaşı maarifləndirici, düşünüdürücü olsun və ona da az yer verirlər. Amma biz verilişimizdə və filmimizdə hər şeyi açıq göstəririk.

 

- “Xoxan” və “Bozbaş pictures” kollektivi ilə münasibətiniz necədir?

- Hər biri ilə münasibətim yaxşıdı. Martın 1-də “Bozbaş pictures” kollektivi film tədqim edəcək, onları təbrik edirəm.

 

- Sizi həmkarlarınızla nə vaxtsa bir filmdə görə biləcəyikmi?

 - O bir az çətindi. Ola bilsin ki, bunu həmkarlarım pis qəbul eləsin. Mən təkliflər gözləyirdim, amma insanlardan deyil, film çəkən rejissorlardan, şirkətlərdən. Amma bu gün mənim heç kəsə ehtiyacım yoxdur və aktyor kimi heç kimdən də təklif gözləmirəm. Çünki, şükür Allaha, öz işimizi doğrultmuşuq, şirkətimiz, maliyyə dəstəyimiz və peşəkar kollektivimiz var. Ən vacib amil isə maliyyədir. Maliyyə dəstəyi olan adamı yıxmaq çətindir. Biz də şükür Allaha, dostların, qardaşların yanında özümüzü təsdiqləmişik. Bir il ərzində iki filmi də çəkməyə imkanımız var, əsas maliyyə dəstəyidir. Düşünürük ki, bir filmdə avqustda başlayaq, sadəcə fiziki tərəfdən qorxuruq ki, çatdıra bilmərik, biri zəif ola bilər. Amma gələcəkdə komandamızı böyütdükcə onu da edəcəyik. Qeyd etdiyim kimi, hazırda heç kimdən təklif gözləmirəm, təklifə, kiminsə filmində çəkilməyə ehtiyacım da yoxdur. Pulumu öz işimdən əldə edirəm və bundan sonra da əldə edəcəyik.

 

- O, təkliflərə Müşfiq Şahverdiyevin nə zamana qədər ehtiyacı vardı?

 - Bu işə başlayana qədər ehtiyac vardı. Ehtiyac olduğu halda heç kimdən təklif gəlmədi. Adi kastinq keçirib, dəvət belə etməyiblər ki, bu adamı bir dəfə yoxlayaq. Dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Lazım olsa, dramı da oynamağı bacarıram. Amma o sahənin adamları məni o istiqamətdə yoxlamayıblar. İndi film çəkənlər filmə ayrılan puldan birinci maşın almağı, sonra film çəkməyi düşünürlər. Amma biz son pulumuza qədər işimizə xərcləmişik.  

 

- Bu gün sizin dəvətinizə ehtiyacı olanlar varmı?

 - Əlbəttə ki, dəvətimizə ehtiyacı olan aktyorlar var və onları növbəti film üçün kastinqə dəvət etməyə çalışacağıq. Onu da qeyd edim ki, filmimiz üçün kastinq keçirəndə hiss edirdim ki, bəzi insanlar paxıllıq edirlər ki, dünənki uşağa bax, bu gün məni seçir, nə qədər pul istədiyimi soruşur, buna kimlər dəstək olur, indi imkanları var, komanda yığıb və mənə «gəl səni yoxlayaq» deyirlər. Əvvəlki kimi qalamayacam ki, insan inkişaf etməlidir, Mən də bir yerdə dayanmıram və daim öz üzərində işləyirəm. Yumoristik filmlər çəkirik, tamaşaçılar gülürlər, əylənirlər, bunun nəyi pisdir ki.

 

- Müşfiq bəy, həmkarlarınızdan kimi özünüzə rəqib hesab edirsiniz? Bu sahədə aranızda rəqabət varmı?

 - Pis çıxmasın, bir saatlıq verilişdə 7 fərqli obraz yaradan aktyor varsa, onu özümə rəqib görürəm və ondan qorxuram.

 

- Necə düşünürsünüz, elə aktyor varmı, yoxsa özünüz- özünüzə rəqibsiniz?

- Hələ ki, görməmişəm. Özümə rəqib isə özümü görürəm.

 

- Uğurlarınız sirri nədədir?

- Uşaqlıq illərindən filmə çəkilmək,  aktyor olmaq, verilişlərə çəkilmək istəmişəm. “Tam sərbəst”, “Tək səbr” verilişində iştirak etmişəm. Bu gün ilk işimin həm prodüseri, həm də baş aktyoru oldum. Bu mənim üçün böyük uğurdur. Bu qapıları da mənə Allah açır. Heç kimlə işim yoxdur və heç kimin də paxıllığını çəkmirəm. “My name is İntiqam” filminin ideyası iki il əvvəl yaranmışdı, filmdən bir il əvvəl isə ssenarisi Fariz Əliyev yazmışdı. Amma filmi çəkməyə pul tapa bilmirdim. Amma qardaşlarımız, Moskavada yaşayan iş adamları Bəxtiyar, Zaman, Camal müəllim bizə dəstək oldular. Allah onların canını sağ eləsin. Bizim filmimizin  sponsorları da oldu. Hazırda çox insan dəstək olmaq istəyir. Filmimizi camaat qəbul etdiyinə görə bu yol bizim üçün açıldı.

 

- Qeyd etmisiniz ki, aktyorların toya getməsini istəmirsiniz, vaxtlarını sənətlərinə ayırmasını istəyirsiniz. Bəs, siz toya gedirsinizmi?

- Bəli, toya getmişəm. Bir dəfə toyda bir nəfər məni qucaqladı və dedi ki, səndən bir xahişim var, daha toya getmə. Dedim ki, qardaş içkiləsən, imkan ver işimi görüm, toylara gəlməklə pulumu qazanıram, ailə saxlayıram. Cavabında isə bildirdi ki, bu günə qədər səni əlçatmaz hesab edirdim, arzu edirdim ki, bu aktyoru görərdim, əlini sıxardım, qucalayardım. Amma bu gün mənim gözümdə adiləşdin. Bu söz mənə pis təsir elədi. Bu hadisə film çəkməməmişdən bir neçə ay əvvəl olmuşdu. Deyirdim ki, ay Allah, filmlər çəkilməyə başlasaydı, öz sənətimizdən pul qazanardıq. Allah səsimi eşitdi və filmdən 6 ay əvvəl mənə toy təklifi gəlmədi. Filmdən sonra təklif olanda da toy sisteminə qayıtmayacağımı bildirirəm. Hələ ki, öz işimlə məşğul oluram. İşlərim uğurlu gedəcəksə, ancaq yaxın doğmalarımın toyunda iştirak edəcəm. Aktyor toy üçün yaranmayıb, sadəcə aktyorlar pul qazanmaq üçün toya gedirlər. Bu sənət toy üçün deyil. Şəxsən mən toy aparıcılığımı bəyənmirəm. Özüm qəbul edirəm ki, aparıcı deyiləm. Amma aktyorluğa, obraz canlandırmağa gəlincə, qeyd etdiyim kimi, özümə rəqib görmürəm.

 

- Toylardan başqa gəlir yeriniz varmı?

- Toylardan başqa gəlir yerim reklam işlərindən və təşkilatçılıq etdiyimiz işlərdəndir. Mən sırf sənətimdən pul qazanmaq istəyirəm. Bu sahədən qazanmaq həm uğurdur, həm də pul qazanmaq deməkdi.

 

- “My name is İntiqam” filmindən pul əldə edə bilirsinizmi?

- Allah bərəkət versin, yaxşıdır.

 

 

Rəqsanə

Tarix
23 Yanvar 2015 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin