Çində uyğur qadınlarının sonsuzlaşdırılmasına dair iddia

15:50 - 2 İyul 2020 - DÜNYA

Sintszyan-Uyğur​ Muxtariyyətinin dövlət sənədlərində aşkarlanan faktlara görə, Çin hakimiyyəti minlərlə uyğur qadınını sterilizasiya etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında məqalə dərc edilib. Məqalə Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Xotan şəhəri və qonşu Quma əyalətinin 2019-cu ildə ailə planlaşdırılması üçün büdcədən çıxarışlarına dair sənədlərə istinad edir. Sözügedən hər iki bölgədə əsasən uyğurlar məskunlaşıb.

Nəşrin sənəddən çıxardığı məlumatlara görə, Çin hökuməti şəhərdə 14,8 min, əyalətdə isə 8 mindən çox qadının sterilizasiyasına maliyyə ayırıb. Bildirilir ki, sənədlərdə bir il ərzində planlaşdırılan adam başına düşən sterilizasiyanın sayı son 20 il qeydə alınan ümumi saydan daha çoxdur.

Məqalədə qeyd olunub ki, bu siyasət xüsusilə uyğurların üstünlük təşkil etdiyi bölgələrə tətbiq olunur. Belə ki, 2015-ci ildən 2018-ci ilə qədər əsasən uyğurların məskunlaşdığı bölgələrdə doğuş nisbəti 84 faiz azalıb, ölkədə buna dair ortalama göstərici isə 4,2 faiz təşkil edib.

Qeyd edək ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin qınaqlarına baxmayaraq Çin hakimiyyəti uzun illərdir uyğurlara qarşı assimilyasiya siyasəti yürütməyə, onların milli-mədəni haqlarını pozmağa davam edir.

 

Xəbər xətti