Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir - Foto

15:36 - 2 İyul 2020 - Xəbər

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) daha bir şəhərdə içməli su və kanalizasiya layihəsinin icrasına başlayıb.

ASC-dən bildirilib ki, uzun illərdir içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir. Neftçala şəhərinin və ətraf kəndlərin sakinləri Şirvan-Muğan qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli su ilə təmin olunacaq.

Şirin su ehtiyatının məhdud olduğunu Neftçala rayonunun bütün yaşayış məntəqələrində içməli su təchizatı həmişə aktual olub. Neftçala şəhərində 1950-1970-ci illərdə tikilmiş içməli su təchizatı sistemləri istismar müddətini başa vurduğundan artan tələbatı ödəmək iqtidarında deyil. İndiyə qədər Neftçala şəhərinə içməli su Kür çayından götürülərək qismən təmizləndikdən sonra verilib. Bu baxımdan yeni layihənin icrasına başlanarkən ilk növbədə şəhərə etibarlı mənbədən - Şirvan-Muğan qrup su kəmərindən suyun verilməsi qərara alınıb. Neftçala şəhərinə suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında, relyef baxımından nisbətən yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarının tikintisinə başlanıb. Bununla paralel olaraq anbardan Neftçala şəhərinədək 560 mm diametrli borularla 44 km uzunluğunda magistral su kəməri inşa edilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Neftçala şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri yaradılacaq. Tullantı sularının idarə olunması və təmizlənib zərərsizləşdirilməsi məqsədilə 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakin faydalanacaq.

Qeyd edək ki, hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Buna görə də rayon mərkəzinin, eləcə də 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Bu məqsədlə 15 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb və Salyan şəhərindən Neftçalaya suyun daşınması təmin edilir. Modul tipli sutəmziləyici qurğular quraşıdırılmış kəndlərdə isə çənlər daşıma suyu ilə doldurulur və müəyyən olunmuş qrafiklə bulaqlara su verilir.///trend


Xəbər xətti