“Bomj həyatı yaşayıram”- Əməkdar artist

11:09 - 2 İyul 2020 - Müsahibə

Cavanşir Hadıyev: “Sənədlərim, elə bil, asılqanda ilişib qalıb”

“Komediyanı küçə sənəti ediblər. Bu mənim üçün sarsıdıcı zərbədir. Mən o boyda İnstitutda təhsil almışam və kimlərdən dərs almışam. İndi baxıram ki, Fərdalar, Elməddinlər, Bozbaşlar daha çox hörmətlidir”. “Üç nöqtə” qəzetinin qonağı Əməkdar artist Cavanşir Hadıyevdir.

-Mənə sizin uşaqlığınız çox maraqlıdır. Geniş, müfəssəl bir şəkildə maraqlıdır...
-1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 7 yaşıma qədər ata nənəm məni böyüdüb. Çünki vaxtımın çoxsunu nənəmgildə keçirirdim. Daha sonra məktəbə getmişəm. Orta məktəbi 126 nömrəli məktəbdə oxumuşam. Uşaqlığım yaxşı keçib. Daha çox oxumağa üstünlük verirdim. Yaşadığım ərazidə məni təhsilli, bilikli bir uşaq kimi tanıyırdılar.

-Aktyorluq sənətinə sizi nə həvəsləndirmişdi?
-Uşaqlıqdan kinolara baxmağı çox sevirdim. Düzdür, bizim dövrümüzdə xarici filmlər yox idi, daha çox ekranda Sovet və Hindistan filmləri yer alırdı. O vaxt demək olar ki, Avropa filmləri yox idi. Aktyorluqla məşğul olmaq mənim məqsədim olmayıb. Məktəb vaxtlarımda tədbirlərdə hansısa rollları canlandırmağıma baxmayaraq aktyor olmağı qarşıma məqsəd qoymamışdım. Uşaqlıqda idmanla daha çox məşğul olurdum, nəinki aktyorluqla. Sənədlərimi İdman Akademiyasına verəcəkdim. Lakin bir gün atamın bir qohumu bizə dedi ki, qəzetdə bir elan var, Kinomotoqrafiya İnstitutuna oxumaq  üçün aktyorluq üzrə Azərbaycandan bir neçə nəfər seçilib göndəriləcək. Mən heç vaxt düşünməzdim ki, nə zamansa fikrimi dəyişərəm. Lakin dəyişdim. Sənədlərimi hazırlayıb, özüm də hazırlaşıb qəbul imtahanında iştirak elədim və qəbul oldum.

-Aktyorluq ən çətin peşələrdən biridir, axı insan hər dəfə yeni rolu, yeni obrazı, personajı canlandırmalı olur. Fikriniz maraqlıdır...
-Həqiqətən, aktyorluq çox çətin bir peşədir. Çünki peşə obrazı qavramağı, başqa bir cildə girməyi tələb edir səndən. Əgər sən bu sənəti öyrənərsənsə, ona hərtərəfli yiyələnərsənsə, ən əsası sənətə sevgin olarsa, rolu canlandırmaq səndə alınacaq. Burda bir məqam var, sənin niyyətin nədir? Əgər bu sənəti sevməkdirsə, o zaman əziyyət çəkəcəksən və obrazı canlandıra biləcəksən. Əgər niyyət özünü göstərməkdirsə, bu zaman aktyorluq sənətindən danışmaq belə olmaz. Əslinə qalsa, aktyorluq həm çətin, həm də asan sənətdir. Niyə çətindir, bir az öncə dedim. Niyə asandır, indi bunu deyim. Serialları nəzərdən keçirək, mənə görə seriallarda böyük bir aktyor bacarığı tələb olunmur. Fikrimcə, serial ciddi bir sənət deyil. Yəni teatr və kino əsl sənətdir. Amma serial incəsənət sayıla bilməz, daha çox əyləncədir. Serial daha çox kütlə üçün hesablanmış bir məhsuldur. Serialda oynamaq o qədər də çətin deyil.

-Mənə görə, kiməsə oxşamaq, təsirlənmək olar, amma fərdi üslub da vacibdir. Nə düşünürsünüz?
-Hökmən fərdi üslub vacibdir. Sən kiməsə oxşayıb ondan təsirlənirsənsə, bu sənin xeyrinə ola bilər. Ziyanına olmaz ki, xeyrinə olar. Hərədən bir şeyi götürmək yaxşıdır. Təbii ki, söhbət burda sənəti olan aktyorlardan gedir. Amma sənin özünün fərqli, fərdi üslubun olmalıdır. Bu şərtdir, çox vacib bir şərtdir.

-Kinoda gözəllik necə, şərtidir, ya şərtdir?
-Düşünürəm ki, şərtidir, şərt deyil. Yaxşı olardı ki, aktyorun xarici görünüşü gözəl olsun, yaraşıqlı olsun, cəlbedici olsun. Amma şərt deyil. Neçə-neçə aktyortanıyırıq ki, xarici görünüşcə o qədər də gözəl deyil, amma daxili gözəlliyi üzünə yansıyıb. Həmin aktyorlar o qədər gözəl obraz yaradıblar ki. Məsələn, Nuriyə xanım Əhmədova olduqca istedadlı aktrisa idi. Allah ona rəhmət eləsin. Amma xarici görünüşcə bir o qədər də qəşəng xanım deyildi. Lakin buna baxmayaraq o qədər mükəmməl rolları vardı. Bu baxımdan deyirəm ki, şərtidir, şərt deyil.

-Bugünkü film nədən bəhs etməlidir ki, tamaşaçını cəlb edə bilsin?
-İlk növbədə Vətənpərvərlik mövzusunda olmalıdır. Qarabağ problemi ilə bağlı məqamlar, bu münaqişədə ermənilərin törətdikləri insanlara daha çox aşılanmalıdır. İnsanlarımız Qarabağ mövzusuna qarşı həssasdırlar. Vətənpərlik ruhunda olan kinolar daha çox üstünlük təşkil etməlidirlər. Təbii ki, sosial mövzulu filmlər də tamaşaçını cəlb edə bilir, amma kriminal mövzulu filmlər artıq maraq dairəsində deyil. Ola bilər ki, dedektiv janrda olan filmlər çəkilsin. Komedik filmlərə gəldikdə isə adam heç danışmaq istəmir. Komediya mənə görə o qədər gözəl janrdır. Komediyanı küçə sənəti ediblər. Bu mənim üçün sarsıdıcı zərbədir. Mən o boyda İnstitutda təhsil almışam və kimlərdən dərs almışam. İndi baxıram ki, Fərdalar, Elməddinlər, Bozbaşlar daha çox hörmətlidir. O insanlar ki, aktyor sənətindən anlayışları yoxdur. Onlar sadəcə insanların zövqünü korlayırlar.

-Yeni rola hazırlaşanda, özünüzü gələcək personajın yerinə qoyursunuzmu?
-Əgər həmin o personaj, həmin o rol məsuliyyətli bir roldursa, ssenarist onu yaxşı işləyibsə, aktyor onu çox yaxşı anlayıb başa düşübsə və ciddi qəbul edibsə, deməli, o personajı mənimsəyib. Bu halda özünü personajın yerinə qoya bilərsən. Amma bu həmişə belə olmur. Loru dildə deyim, iki tip aktyor oyunu var. Biri daxili oyundur, yəni obraza girməkdir, o biri isə texnikidir. Texniki oyun zamanı obraza girmək lazım olmur. Sən rolu oynayırsan, insanlar rola görə ağlaya da bilər, amma sən özün bilirsən ki, onu yaşamamısan, sadəcə canlandırmısan. Texniki oyun daha çox seriallara xasdır, teatrda isə obraza girmək vacibdir.

-Teatra bu qədər sevgisi olan bir şəxs niyə teatrda çalışmır?
-Siz belə sual verisiniz ki, niyə? Bir ildən çoxdur ki, sənədlərimi Akademik Rus Dram Teatrına vermişəm. Sənədlərim, elə bil, asılqanda ilişib qalıb. Mən “Əməkdar artist” bir ildən çoxdur, həmin teatrdan cavab gözləyirəm ki, məni işə dəvət edəcəkər. Qazancım bir tək çəkilişlərdəndir. Düşünün, mənim kimi “Əməkdar artist”in evi belə yoxdur, sanki, bomj həyatı yaşayıram.

-Zənnimcə, “Fəryad” filmi “Dolu” dan uğurlu alınıb. Səbəb nədir?
-Mən hər ikisində də çəkilmişəm. Hesab etmirəm ki, “Fəryad” “Dolu” filmindən uğurlu alınıb. Hansının hansından uğurlu olduğunu söyləmək çətindir. Aralarında təxminən 20 il fərq var. Filmin hər biri Azərbaycan incəsənətinə öz töhvəsini verib.

-Çəkildiyiniz filmlərdə, seriallarda yenə də məsuliyyət hissini dərk edirsiniz?
-Yenə də deyəndə ki, mən hər zaman oynadığım rollarda, canlandırdığım obrazlarda məsuliyyət hissi dərk etmişəm. Hər dəfə yeni bir filmdə yer alanda obrazın məsliyyətini qavrayıram. Bir şeyi də deyim, əsl aktyor o aktyor sayılır ki, roluna başdansovdu baxmasın. Aktyor pul az verilsə belə, rolu sevməlidir.

-Bir az da sizi mənimlə qiyabi tanış edən və sevdirən “Qisas” serialındakı “Feyruz” obrazınızdan danışaq...
-“Feyruz” obrazı mənə əziz rollardan biridir. Həyatda mən “Feyruz” obrazı deyiləm. “Feyruz” obrazı kimdir? Mən romanın müəllifi Tahir Kazımovla yaxından tanış olanda bu obraz haqqında geniş danışdı. Bu obraz real həyatda olub. Feyruz varlı bir insan idi, günlərin bir günü tale onu gənc bir qızla rastlaşdırır və və Feyruz ona kömək edir. Çünki o gənc qız əxlaqsızlığa düçar olmuşdu. Feyruz imkanlarından istifadə edib o qızı bataqlıqdan çıxarır. Gənc qızla Feyruz bir-birinə vurulur, sevgi yaşayırlar. Sonradan bəlli olur ki, onların ataları bir imiş, yəni Feyruz öz bacısını sevirmiş. Ataları isə həbsdə idi. Həbsdən çıxdıqdan sonra Feyruzu öldürür. Əslində Feyruz əvvəldən bilmirdi ki, sevdiyi qız onun bacısıdır. Feyruzun bircə səhvi qızı hərtərəfli araşdırmadan sevməsi idi. Bax Feyruz belə obraz idi.

-Karyeranıza nəzər salın. Yadda qalan rolunuz hansı olub?
-Daha çox filmlərdə və seriallarda oynadığım obrazlar yadda qalıb. Düzdür, serialları bir o qədər də ciddi sənət saymıram, amma orda da oynadığım rollar yadda qalıb. Oynadığım obrazların hər biri yadda qalıb. Bunu da əlavə edim, hazırda oynamaq istədiyim bir rol yoxdur. Hələ ki, bəxtimə oynamaq istədiyim obraz çıxmayıb.

-Hansıdır o obraz?
-Əslində oynamaq istədiyim obrazların sayı çoxdur. Hər bir aktyorun oynamaq istədiyi obrazlar var. Eləcə də mənim. Nümunə üçün birini deyim, “Paris Notr-dam Kilsəsi” əsərindən “Kvazimodo” obrazını canlandırmaq istəyərdim.

-Sizcə, bir filmin uğuru nədən asılıdır?
-Komandadan. Vahid bir komandadan. Eyni zamanda vahid bir ssenari olmalıdır. Daha sonra təcrübəli rejissor, operator olmalıdır və aktyor heyəti olmalıdır. Filmin uğurlu olması üçün komandanın hər bir üzvünün məqsədi pul qazanmaq deyil, ortaya sənət qoymaq olmalıdır.

-Özünüzü rejissor kimi sınamaq fikrinizdən keçibmi?
-Heç bir zaman keçməyib. Zənnimcə, hər kəs öz işi ilə məşğul olmalıdır. Mənim rejissorluqla məşğul olmaq niyyətim yoxdur. Hesab edirəm ki, bu aktyorluqda da belə olmalıdır. Aktyor sənətini bilməyən bu sahədə olmamalıdır. Əfsuslar olsun ki, aktyorluğun təhsilini almayanlar bu sənətə ona görə gəlirlər ki, özlərini göstərsinlər, tanınsınlar. Lakin aktyorluğa ciddi yanaşmaq lazımdır.

Rövşən Tahir

Xəbər xətti