Koronavirusla əlaqədar həkimlərə onlayn təlimlər keçirilir

10:21 - 2 İyul 2020 - Xəbər

Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırkı vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) COVİD-19 infeksiyası ilə mübarizə mövzusunda həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.

Bu barədə nazirlikdən məlumat verilib.

Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.

ADHTİ-da keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 nəfər həkim və orta tibb işçisi həmin təlimlərə cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısa müddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVİD-19 xəstəliyi, onun hal-hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunur, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb. Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əksepidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin  qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak ediblər.

Qeyd edək ki, onlayn şəkildə keçirilən kurs və təlimlər  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Yoluxucu xəstəliklər, Mikrobiologiya və Epidemiologiya, Terapiya və Pediatriya  kafedralarının aparıcı əməkdaşlarının iştirakı ilə istirahət günləri daxil olmaqla, hal-hazırda davam etdirilir.///report

 

Xəbər xətti