Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır - Nazir

10:12 - 2 İyul 2020 - Xəbər

Pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri bütün dünyada özünü hiss etdirir.

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir qeyd edib ki, bu bəla Azərbaycandan da yan keçməyib. Mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən dövrlərdə daha da sərtləşdirilib:

"Sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görürük.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər olunub. Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında və bundan irəli gələn gərgin iş rejimində çalışır. Açıq deyək, həyatlarını bəzən infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər.

Digər tərəfdən, bildiyiniz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu halların müəyyənləşməsi üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb".

V. Eyvazov qeyd edib ki görülən tədbirlərə baxmayaraq xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır: "Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar".

Nazir deyib ki, vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər: "Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də möhtərəm Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir yaratdı, böyük maarifçilik dalğasına çevrildi.

Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.

Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib".

Daxili işlər naziri bildirib ki, müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparılır: "Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür".///trend

 

Xəbər xətti