“Verilən təltiflərin və mükafatların arxasında çox böyük zəhmət dayanır”

Tofiq Heydərov: “Biz öz yerimizdəyik, işimizi görməyə hər gün hazırıq”

Kabinetdə oturmağı çox da xoşlamır, səhər teatra gələn kimi az müddətdə otağında olur, məktublara cavab yazır, işlərini görür, daha sonra isə yaradıcı heyətlə bir yerdə olur: “Onlara tapşırıqlar verirəm, tələblərini öyrənirəm. Ümumilikdə kollektivlə bir yerdə olmağa, bütün məsələlərinin yerindəcə həll yolunu tapmağa çalışıram.  Hazırda Lənkəran Rayon Təhsil Şöbəsi ilə “Məktəb və Teatr” layihəmiz var. Layihəyə əsasən beş aktyor heyəti ilə məktəblərə gedir, teatrı təbliğ edirik, gənc kadrların cəlb olunması məsələsini qaldırırıq.  Bu layihənin əsas vəzifələrindən biri də tamaşaçıların yetişdirilməsidir. Yaradıcı görüşlər keçirməklə bölgələrdə böyük təbliğat işləri aparırıq”. Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdur.

- Bir neçə gün əvvəl Lənkəran Dövlət Dram Teatrında türk yazıçısı Əli Nesinin “Öldür məni, əzizim” pyesi əsasında “Manyak” tamaşasının premyerası oldu. Bir qədər bu tamaşanın ərsəyə gəlməsi haqqında danışardınız?
- Əslində bu əsər 2018-ci ilin repertuar planına daxil idi. Lakin müəyyən texniki səbəblərə görə, premyera bir qədər gecikdi və 2019-cu ildə baş tutdu. “Manyak” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssam isə Tərlan Abdullayev idi. Əsas rollarda Adil Zeynalov, Respublikanın əməkdar artisti Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən Babayev və Emin Fərzullayev iştirak edirlər. Tamaşa iki qadının faciəsindən bəhs edir və quruluş baxımından çox gözəl və təqdirəlayiq əsərdir. Premyera günü də tamaşaçılar tərəfindən yüksək səviyyədə və alqışlarla qarşılandı. Fevral ayının 27-də isə təkrar ikinci dəfə oynanıldı. Ümid edirik ki, bu tamaşa həm mövzu, həm də yaradıcılıq baxımından repertuarda uzun müddət qalacaq.

- İran İslam Respublikasına tez-tez işgüzar səfərlərə gedir, festivallara qatılırsınız. Ümumiyyətlə, xarici ölkələrə səfərlər, beynəlxalq festivallarda iştirak bugünkü teatrımız üçün nə dərəcədə əhəmiyyətli rol oynayır?  
- Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının Teatr Baş İdarəsi ilə  2015-ci ildən iki illik müqaviləyə əsasən əməkdaşlığa başladı və bu günə qədər də davam edir. Birinci əməkdaşlığımızda İrandan Lənkəran Teatrına rejissor dəvət etdik, yeni tamaşalar oynanıldı. İranın tanınmış rejissoru Xeyrulla Təqvanipur ilə birlikdə Lənkəran Teatrında Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını hazırladıq. Bu əməkdaşlığın vacib məsələlərindən biri də Azərbaycan-İran arasında teatr və mədəni əlaqələrin genişləndirilməsi oldu. İkitərəfli  tamaşaların hazırlanması məsələsi meydana atıldı. Bu tamaşanı Bakı şəhərində də oynadıq və yüksək şəkildə nümayiş etdirdik. Əlbəttə festivallarda iştirak etmə teatrlarda ümumi yaradıcılıq atmosferinin yenilənməsinə, dəyişməsinə səbəb olur. Festivallarda gördüklərimizi gəlib orda iştirak etməyən sənətkarlara hesabat xarakterli məlumatlar veririk. Bu, həm aktyorlarımızın, həm də texniki heyətimizin bilavasitə İran teatrı ilə əlaqəsi, onların gördüyü işlərlə, sənətçiləri ilə tanış olmaq, iş prinsiplərini öyrənməyə kömək edir. Ümumiyyətlə, teatrın yaradıcılıq potensialının dünya teatrlarına inteqrasiya məsələsində istiqamət rolunu oynayır. Onu da qeyd edim ki, həmin festivallarda Fransa, İtaliya, İspaniya, Almaniya, Cənubi Afrika və s. kimi ölkələrdən kollektivlər gəlir.

O kollektivlərlə görüşmək, təcrübə mübadiləsi aparmaq müsbət haldır. İran teatrının böyük potensialı var, onlardan nə isə öyrənmək çox yaxşıdır. Beynəlxalq əlaqələrin genişləndirilməsi təkcə İranla deyil, Qazaxıstan və Türkiyə respublikaları ilə əməkdaşlıq addımları atılır. Bu baxımdan biz 2018-ci ildə Qazaxıstanın Aktau Teatrı ilə görüşlərimiz baş tutdu. Qarşılıqlı əsərlərin hazırlanması, səfərlərin təşkili ilə əlaqədar protokolumuz oldu. Bununla yanaşı Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyə Teatrı ilə də görüşlərimiz oldu. Müəyyən festivallarda iştirak etmək məsələləri ortaya qoyuldu. Hər iki ölkə arasında müəyyən işlər aparılır. 2019-cu ilin axırına kimi Türkiyə və Qazaxıstanla aparılan işlər öz bəhrəsini verəcək. Həm biz orda iştirak edəcəyik, həm də onları Lənkərana dəvət etmək niyyətindəyik.

- Hazırda Lənkəran Dövlət Dram teatrında vəziyyət necədir, qarşıda yeni tamaşalar varmı?
- Repertuar planına birinci Mar Baydciyevin “Şənbə axşamı” tamaşası daxildir və həmin əsərin məşqləri yekunlaşmaqdadır. Tamaşanın quruluşçu rejissoru Oruc Qurbanovdur. Digər tamaşa isə serb yazıçısı Miodraq Bulatoviçin “Qodo gəldi” əsəridir. Bundan əlavə, Adil Zeynalovun quruluşunda Vaqif Əlixanlının “Dənizə baxan pəncərə” əsəri səhnələşdiriləcək. Tamaşaçılar Əli Əmirlinin “Ünvansız qatar” pyesinin səhnə həllini də bu səhnədə görəcəklər. Tamaşanın quruluş müəllifi Emil Əskərdir.

- Rayon camaatının teatra, tamaşalara olan marağı nə dərəcədədir? Teatrınızın tamaşaçılarını əsasən kimlər təşkil edir?
- Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq işləri yüksək səviyyədədir. Tamaşalarımız bütün yaş qruplarını əhatə edir. Belə ki, həm böyüklər, həm də məktəb yaşlı uşaqlar üçün tamaşalar hazırlayırıq. Mar Baydciyevin “Şənbə axşamı” tamaşası ilə yanaşı, Tərlan Abdullayevin quruluş verəcəyi “Tilsimlənmiş qız” tamaşası da nümayiş olunacaq. Yəni ilin müəyyən günlərində, tarixlərində uşaqlar üçün tamaşalar oynanılır.

- Hər bir işin öz çətinlikləri olur, bəs sizin işinizin çətin tərəfləri nələrdir?
- Təbii ki çətin olmayan iş yoxdur. Teatrda da həm yaradıcılıq, həm də texniki prosesdə çətinliklər və çatışmazlıqlar olur. Biz də həmin problemləri vaxtında və səmərəli formada qaradan qaldırmağa çalışırıq. Bütün kollektivin gücü eyni nöqtəyə vurulur. Təbii olaraq tamaşaların keyfiyyətli hazırlanması, yaradıcılıq cəhətdən daha yüksək olması üçün əlimizdən gələni edirik. Əsas olan tamaşaçıların zövqünü oxşamaqdır. Teatrda fəaliyyət göstərən hər bir şəxsin öz vəzifəsi var. Çətinliklər olsa da, olmasa da biz öz yerimizdəyik, işimizi görməyə hər gün hazırıq. Səhər saat 9-dan axşam tamaşa bitənə kimi məşğul oluruq. Belə qənaətdəyik ki, həm Lənkəran tamaşaçıları, həm də bizi tanıyan digər sənətçilər gördüyümüz işlərdən çox məmnundurlar.

- 2016-cı ildə Lənkəran bələdiyyəsinin təsis etdiyi “İlin incəsənət adamı” nominasiyasına layiq görülmüsünüz.  
- Sənətkara alqışlar, müəyyən mükafatlar, hədiyyələr lazımdır. Təbii olaraq hər bir sənətçi, Teatr rəhbəri üçün mükafatlar qarşıya böyük bir tələb, öhdəlik qoyur. Bu mükafata uyğun iş aparmaq, teatrın işini yüksək səviyyəyə qaldırmaq lazımdır. Bu gün kimsə bizi bu təltifə layiq görürsə, deməli bunun arxasında çox böyük zəhmət dayanır.

- Teatrda kadr seçimi zamanı hansı meyarlara üstünlük verirsiniz?
- Kadr seçmə məsələsində müəyyən meyarlar var. İlk növbədə onlarla fərdi söhbətlər aparılır, xarakterləri, işə olan münasibətləri öyrənilir. Birinci növbədə işə götürəcəyimiz şəxsin insani keyfiyyətləri önəm veririk. Daha sonra harda, necə təhsil alması, yoldaşları, ailələri haqqında məlumatlar öyrənirik. Konkret olaraq hansı vəzifəyə işə qəbul olunursa o sahə üzrə sorğu-sual edirik. Kadr seçərkən bizim üçün ən vacib məqamlardan biri həmin şəxsin intellektual zəkasıdır.

- Gənc aktyorların fəaliyyəti sizi qane edirmi?
- Onlar təbii ki, 80-ci illərin gəncləri deyillər. Daha da aktiv, bütün informasiyalar beyinlərində yüklənmiş cavanlardır. Təbii olaraq bəzi vaxtlar fikirlərimizi qəbul etmirlər. Amma ümumilikdə gənc aktyorların fəaliyyəti bizi qane edir. Gənc aktyorları həyatın axarına buraxmırıq, onlarla görüşürük, gündəlik işləri ilə maraqlanırıq. Bəzən gənclərimiz bir qədər səhlənkar, aqressiv, səbrsiz olurlar. Amma biz onlarla söhbətlər edirik, müzakirələr apararıq. Qeyd edim ki, teatrda həm ixtisaslı, həm də burda yetişən aktyorlarımız var. Əgər gənclərə normal münasibətimiz olmasa, sabah biz gedəndən sonra işləyib irəli apardığımız teatrımızı əmanət edəcək adam olmaz. Əmanət etmək üçün də bilmədikləri şeyləri onlara öyrətməliyik. Həmişə gənclərə deyirəm ki, qarşınıza məqsəd qoyun  ki, teatrın direktoru, müavini, baş rejissoru və s. olacağam. Yəni fikirləri, amalları irəli olsun ki, irəli gedə bilsinlər. 

- Adətən bəzi teatrlarda direktor gün ərzində kabinetdə oturur. Sizcə rəhbər gün ərzində kabinetdə oturmalı, yoxsa yaradıcı heyətlə bir yerdə olmalıdır?
- Bilirsiniz, bu sahələrə görə dəyişir. Müxtəlif sahələrin rəhbərlərinin fəaliyyətləri fərqlidir. Elə direktorlar var ki, otaqda olmalı, işləri ordan həll etməlidir. Kabinetdə oturmağı çox da xoşlamıram. Səhər gələndə bir saat filan otağımda oluram, məktublara cavab yazıram, işlərimi görürəm. Daha sonra yaradıcı heyətlə bir yerdə oluram, onlara tapşırıqlar verirəm, tələblərini öyrənirəm. Ümumilikdə kollektivlə bir yerdə olmağa, bütün məsələlərinin yerindəcə həll yolunu tapmağa çalışıram. Bununla yanaşı bölgəmizdə fəaliyyət göstərən Regional Mədəniyyət İdarələri, Təhsil Şöbələri ilə teatr rəhbəri olaraq gündə heç olmasa bir dəfə görüşümüz olur. Hazırda Rayon Təhsil Şöbəsi ilə “Məktəb və Teatr” layihəmiz var. Layihəyə əsasən beş aktyor heyəti ilə məktəblərə gedirik. Teatrı təbliğ edirik, gənc kadrların cəlb olunması məsələsini qaldırırıq.  “Məktəb və Teatr” layihəsinin əsas vəzifələrindən biri də tamaşaçıların yetişdirilməsidir. Uşaq vaxtından onlara teatr, tamaşa haqqında məlumat verilsə, böyüyəndə maraqlı olacaqlar. Yaradıcı görüşlər keçirməklə bölgələrdə böyük təbliğat işləri aparırıq.

Könül Oruc

Tarix: 4 Mart 2019 / 13:30
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

UEFA "Arsenal"a XƏBƏRDARLIQ edib

Fars körfəzində GƏRGİNLİK: İran S-300-ləri körfəzə toplayır

Azərbaycanda bu avtomobillərin istifadəsi QADAĞAN EDİLƏCƏK

Bakıda ukraynalı turist qadın gözəllik salonunda yanıb

Qəzaya uğrayan “F-16”dan katapult edən pilotun VİDEOsu

Fuad Abbasovun ailəsi açıqlama yayıb

Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputatdan AÇIQLAMA

Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər

Prezident İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib -FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Fuad Abbasov saxlanmasının əsl səbəbini AÇIQLAYIB

“Gözləmədiyim anda prezident məni yanına çağırdı” - Xalq artisti

Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib- Foto/Video

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir

MN: Ermənistanın bütün ərazisi Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

Avroliqanın Bakı finalına hakimlər yeni formalarda çıxacaq

İsmayıllıda narkotik becərən qadın saxlanılıb

“Ferrari” 2071 avtomobili geri çağırır

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Ucnoqta.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla