Özcan Dəniz Bakıda tamaşaçı qıza su hədiyyə etdi
Türk sənətçisi Heydər Əliyev Sarayının akustikasından şikayətləndi
Heydər Əliyev Sarayında məşhur türk müğənnisi Özcan Dənizin aylardır gözlənilən konserti baş tutdu. Səhnəyə çıxan müğənni salamsız-kəlamsız ilk mahnısını oxuduqdan sonra “Mənim üçün darıxdınızmı?” deyərək tamaşaçılara müraicət etdi. Tamaşaçıların gur alqışlarını görən Özcan Dəniz, “Mən də sizləri çox sevdim”, deyərək Bakı üçün, bakılı tamaşaçılar üçün çox darıxdığını və Bakıda verdiyi konsertlərin sayını itirdiyini bildirdi.
Özcan Dəniz daha çox köhnə mahnılarını, hətta öz repertuarından olmayan 30 ilin türk mahnılarını, eləcə də İbrahim Tatlısəsin “Aman mələkəm” mahnısını ifa etdi. Buna baxmayaraq, müğənninin yeni albomundan “İllalah aşkdan” hiti və sevilən “Kayb oldum yalan dünyada”, “Beni affet”, “Yalanmı?”, “Kim küsdürdü beni aşka” mahnıları tamaşaçıların daha çox ürəyincə oldu.
Özcan Dəniz tamaşaçıların yerlərindən onunla birlikdə mahnılarını oxuduqlarını görüb, “Sanki buranın sənətçisi kimi bütün mahnılarımızı əzbər bilirsiniz. Bütün türk sənətçilərimizin adından sizlərə təşəkkür edirəm. Bunu bilməyinizi istəyirik ki, sizi heç bir zaman özümüzdən ayırmamışıq! Bəzi siyasətçilər aramıza nifaq salmağa çalışsa da alınmayacaq”, kəlmələri ilə bizə özünün və sənətçi yoldaşlarının sevgisini çatdırdı.
Tamaşaçılar arasında Özcan Dənizə gül dəstələri, hədiyyələr bağışlayan və məhşur türk sənətçisi ilə şəkil çəkdirmək arzusunda olan qızlar çoxluq təşkil edirdi. Özcan Dənizin ona yaxınlaşan hər bir tamaşaçı ilə nəzakətlə rəftar etməsi, ona əl uzadan hər bir qadının əlindən öpməsi onun böyük mədəniyyətindən xəbər verirdi. Hətta konsertin əvvəlində mühafizəçilərin səhnəyə yaxınlaşan qızları kənarlaşdırmasını görüncə, “Onlar konserti tənzimləyirlər, məni sizdən qorumurlar. Mən sizlərə heyranam!”- dedikdən sonra mühafizəçilər tamaşaçılarla daha mülayim davrandılar. Bundan istifadə edən bir tamaşaçı qız, Özcan Dənizə yaxınlaşıb, bu gün ad günü olduğunu bildirərək, müğənninin içdiyi suyu hədiyyə olaraq ona verməsini istədi. Özcan Dəniz, “İlk dəfədir ki, su hədiyyə edirəm.”- deyib içdiyi suyu qıza verdi.
Özcan Dənizin solo-konsertində yerli sənətçilərimizdən, tanınmışlardan bir kəs gözümüzə dəyməsə də, baxıcı Yeganəni efirdə görməyə adət etmədiyimiz fərqli bir görkəmdə, yəni normal geyimdə və saç düzümündə tamaşaçıların arasında gördik. Hətta baxıcı ilə şəkil çəkdirən tamaşaçılar da var idi.
Qeyd edək ki, müğənni azərbaycanlı tamaşaçıların qarşısına 12 nəfərdən ibarət ansamblla çıxmışdı. Özcan Dəniz konsert zamanı onu müşayiət edən ansamblın Türkiyənin ən gənc, ən parlaq və ən bacarıqlı ansamblı olduğunu qeyd etdi. Bir tamaşaçı kimi bu sözlərin doğruluğunu təsdiqləyə bilərəm. Çünki, müğənninin hər bir ifası o dərəcədə peşəkar səslənirdi ki, ifaların canlı olması adamda şübhə yaradırdı. Onu da qeyd etmək istəyirəm ki, bizim bir çox sənətçilərimizdən fərqli olaraq bu cəhət Bakıda konsert verən bütün türk müğənnilərinin ifasında nəzərə çarpır. Belə ki, onların canlı ifaları, efirdə və diskdən dinlədiyimiz ifalarından demək olar ki, seçilmir.
P.S Özcan Dəniz konsert boyu “Siz məni yaxşı eşidirsiniz?”, “Mən özümü yaxşı eşitmirəm, inşallah siz məni yaxşı eşidirsiniz”, “Qaliba, buranın akustikası bozuk” –deyə sarayın texniki işçilərinə və tamaşaçılara müraciət edirdi. Bu narazılığı demək olar ki, H.Əliyev Sarayında çıxış edən Fərhad Köçərdən tutmuş əksər türk müğənnilərindən eşitmişik (ANS press).





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər