Faiq Ağayev konserti anşlaqla keçib
Xalq artisti Faiq Ağayev söz verdiyi kimi, martın 8-də “Bakı gecələri” restoranında “Sevilməli zamandır” adlı konsert proqramı ilə çıxış etdi. Saat 20:00 üçün nəzərdə tutulan konsert 21:30 radələrində başladı.
İlk olaraq səhnəyə çıxan Faiq Ağayev ardıcıl olaraq 4 mahnı ifa etdi. Hər bir mahnı üçün xüsusi olaraq hazırlanmış rəqslər xalq artistinin həmişə olduğu kimi konsertə çox ciddi hazırlaşdığının bariz nümunəsi idi. İlk ifasından dərhal sonra qonaqları salamlayaraq, xanımları təbrik edən müğənni, jurnalist xanımları da unutmadı. Belə ki, müğənni səhnədən hər bir jurnalisti ayrıca olaraq təbrik etdi. Xalq artistinin jurnalistlər üçün hazırladığı sürpriz hədiyyələr- ətriyyat və kosmetika təqdim olundu. Daha sonra isə F.Ağayev 15 illik dostu adlandırdığı Nazpəri Dostəliyevanı səhnəyə dəvət etdi. Müğənni “Sehir” və “Sən olacaqsan” mahnıları ilə auditoriyanı əyləndirdi. İfasının sonunda F.Ağayev xanım həmkarına ətriyyat səbəti hədiyyə etdi.
Səhhətində problemlər olmasına baxmayaraq Rəhim Rəhimli də konsertdə iştirak edirdi. O, açıqlaması zamanı “hər şey bir kənara, ancaq mən bu gün burada, dostumun yanında olmalı idim” deyə bildirdi. Onu da qeyd edək ki, xalq artisti Faiq Ağayev konsert zamanı üç geyim dəyişərək, ümumilikdə 30-a yaxın mahnı ifa etdi. Xatırladaq ki, Faiq Ağayevin xalq artisti fəxri adına layiq görülməsindən sonra verdiyi ilk konsertdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Rəhim Rəhimli, Samir Cavadzadə və Rüstəm Zeynallının “Şeron” qrupu iştirak edirdi.
Aysər





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər