Xanəndə, xalq artisti Nəzakət Teymurovanın İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən diski hazırlanıb. Bu barədə “Üç nöqtə” qəzetinə xanəndənin mətbuat əlaqələndiricisi bildirib. Onun sözlərinə görə, bu diskin Avropanın bir neçə ölkəsində satılması nəzərdə tutulub. Qeyd edək ki, xaricdə hazırlanan diski bu günlərdə işıq üzü görəcək. Albomun geniş təqdimat mərasimi Bakıda da keçiriləcək. Xalq artisti albomun təqdimatını ilk öncə media nümayəndələri ilə bölüşməyi düşünür. Albomun hazırlanmasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi olub. Diskin ərsəyə gəlməsində eyni zamanda Yuneskonun eksperti, Musiqişünas Sənubər Bağırovanın da əməyi təqdirəlayiqdir.
Diskin daxilində Azərbaycan muğamları, musiqisi barədə maraqlı məlumatlar 3 dildə (İngililis, İtalyan, Fransız) yerləşdirilib.
Bildirək ki, sözugedən diskə daxil olan bir neçə mahnı artıq onlarla ölkənin radiosunda səslənir. Həmin diskə daxil olan bir neçə mahnı Almaniyanın “Qlobalize” radiosunda səsləndirilib. Xüsusilə N.Teymurovanın Almaniya radiosunda Dünya Ritmləri, İspaniyanın “Mundofonşas” radiolarında “Aşiqəm” mahnısı böyük marağa səbəb olub.
Xatırladaq ki, xalq artistini “Xarı Bülbul” Muğam Qrupu müşaiyət edib. Xanəndəni tarda qrupun rəhbəri, əməkdar artist Əliağa Sədiyev, balabanda əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşaiyət edib.