Ayı ovu
Bu hadisə lap çoxdan baş verib: amerikalı siyasətçi Kissincerin sovetlərin paytaxtına səfəri zamanı. Onunla vacib danışıqlar aparılırmış, hər şey, nüvə silahlarının ixtisara düşməsi haqda razılaşmaya bağlı imiş. Bu, bizə ona görə lazım imiş ki, bizdə nüvə silahı yox idi, amma düşmənlərimiz bunu bilməməli idi.
Buna görə də, Kissincerə ən yüksək səviyyədə, dövlət səviyyəsində qulluq eləyirmişlər, bütün xidmətlər bu işə səfərbər olunubmuş, məsələn, məlum olanda ki, onun bəstəboy, dolu, qarasaçlı qadınlardan xoşu gəlmir, Böyük Teatrın lojasında oturduğu vaxt onun eynəyinin qarşısında belə sonalardan ibarət dördlük «üzürmüş».
Ov əyləncəsi məsələsində danışıqlar aparmaq daha asan olur. Kissincerdən sadəcə onun hansı heyvanı ovlamağı xoşladığını soruşurlar. Yəqin ki, o da incə siyasətini itiləşdirmək üçün ayı ovunu xoşladığını deyib və səhəri gün onu doğrudan da ayı ovuna aparanda, bərk qorxub. Yolda ona deyirlər ki, iki yaxşı ayının yerini tapıblar.
Bu «ayı»lar isə ayı dərisinə bürünmüş kommunistlər – ata-oğul, İvan və Marat Papadyalar, ovçuluq təsərrüfatının xüsusi ovçuları imiş. İvan Trofimoviçi qonaq sərrast atəşlə elə o dəqiqə – onlar Maratla nərildəyərək, meşədən çıxanda yerə uzadıb. Xüsusi ilgəkləri qarmağa keçirərək, onun «cəsəd»ini maşına tərəf sürüyüblər. Maratı isə qonaq durmadan atəş açsa da, vura bilmir, «ayı» qəsdən aramla qaçır, geniş sinəsini amerikan güllələrinin qabağına verirmiş. Birdən gözlənilməz hadisə baş verir, xarici qonağın silahına nəsə olur, heç kim heç nə başa düşməməyə macal tapmamış qonaq silahını yerə atıb, əlində bıçaq, Maratın üstünə şığıyır. Əlbəttə, belə vəziyyətdə əsl ayı ovçunun işini tez bitirə bilərdi, amma Marat üzərinə düşən məsuliyyəti hiss eləyir. O, amerikalını qorxutmaq ümidilə qabaq pəncələrini yuxarı qaldırıb, nərildəyir, amma ya sərxoşluqdan, ya ağlını itirdiyindən qonaq irəli cumaraq, bıçağı Maratın qarnına soxur – iti tiyə qoruyucu jiletin plastik aralığını deşib, keçir. Bütün bunlar bir neçə metrlik məsafədə uzanmış atanın gözləri qarşısında baş verir: Maratı onun yanına sürüyürlər, Marat yavaşca zarıdığından İvan Trofimoviç başa düşür ki, oğlu hələ sağdır. Maratın qar üzərinə axan qanı xüsusi qabda olan maye deyilmiş, əsl qan imiş.
- Döz, oğlum! – İvan Trofimoviç göz yaşlarını uda-uda pıçıldayır –Döz!
Kissincerinsə fəxri yerə-göyə sığmırmış. Onu müşayiət edən rəsmi adamlara təklif edir ki, elə ayıların cəsədləri üstündəcə bir şüşə açıb, razılaşmaya buradaca qol çəksinlər. Meşəbəyi komasındakı şərəf lövhəsini çıxarıb, Marat və İvan Papadyaların üstünə qoyaraq, masa quraşdırıblar. Növbəti saatda İvan Trofimoviçin gördüyü – çoxlu ayaq, eşitdiyi isə – yad dildə sərxoş nitq və tərcüməçinin tələsik qırıldaması olur. Masanın üstündə rəqs edən amerikalılar onu tamam əzişdiribmişlər. Hava qaralıb, siyasətçilər getdiyində razılaşma hazır, Marat isə ölü imiş.
Onun açıq ağzından axan qan gecənin mavi qarı üzərinə axır, əynindəki ayı dərisinə ov naçalnikinin asdığı Qızıl qəhrəmanlıq ulduzu isə ay işığında bərq vururmuş. Ata bütün gecəni ölü oğlunun yanında oturub, göz yaşlarından utanmadan ağlayırmış.
...Kissincer isə hər şeyi bilirmiş...
Birdən mən hər səhər dərs otağının divarından mənə baxan, çeynənərək çoxdan mənasını itirən «həyatda qəhrəmanlıq üçün həmişə yer var!» sözlərini başqa cür anladım. Bu, romantik bir çərənləmə deyildi, bizim sovet həyatımızın reallığın sonuncu mərhələsi deyil, onun ancaq dəhlizi olması faktının izahı idi.





Şərhlər (1 şərh göndərilib):
Bu yazıya şərh göndər