Bizə yaxın, bizdən uzaq Xocalı
Tariximizin ən ağrılı səhifələrindən olan Xocalı soyqırımından keçən hər il milli duyğusu olan bütün insanlarımızın içində bu ağrının şiddətini bir qədər də artırır və onun qan yaddaşımızdan heç bir zaman silinməyəcəyi inamını yaradır. Çünki bu tarixi düşmənlərimiz olan ermənilərin öz ağalarının köməyi ilə xalqımıza qarşı növbəti dəfə törətdiyi, o zamana qədər insanlığın belə görmədiyi bir vandalizmi aktı idi.
Bu bir faktdır ki, Xocalı faciəsindən çox yazılıb. Bəlkə də son illər milli faciələrimizdən ən çox haqqında yazılan da elə Xocalı soyqırımıdır. Ancaq biz yenə də bu yazılarımızda ənənəvi olaraq əsas vurğunu ah-naləyə, göz yaşlarına yönəldir, dünyanın bizim faciələrimizə biganəliyindən, böyük güclərin ikili standartlarından və s. söz açırıq. İndi gəlin bir anlıq özümüzə sual verək: Xocalı faciəsi haqqında bütün həqiqətləri bizlər özümüz bilirikmi? Yaxud da artıq üstündən 18 il ötmüş Xocalı hadisələrində qətlə yetirilən soydaşlarımızın statistikası düzgün aparılıbmı?
Tarixi həqiqətdir ki, hələ SSRİ dönəmində Moskvanın xeyir-duası ilə yaradılan və gələcək separatizmə hesablanmış adına Dağlıq Qarabağ Muxtar Vilayəti deyilən başıbəlalı ərazidə soydaşlarımızın Şuşadan sonra ən çox kompakt şəkildə yaşadığı yaşayış məntəqələrindən biri elə Xocalı idi. Xocalı həm də zaman-zaman əcdadlarımızın yaşadığı, Azərbaycan tarixinin ən qədim və unikal əhəmiyyət daşıyan, ancaq lazımi elmi dəyərini almamış canlı tarixi abidələrindən biri idi. Unutmayaq ki, ermənilər ötən müharibələrdə bəlkə də Şuşadan da qabaq məhz Xocalını Yer üzündən silməklə buradıakı qədim tariximizi birdəfəlik torpağa kömməyə çalışmışdılar. Ancaq hər dəfə Tanrı Xocalını birdəfəlik yox olmaqdan hifz eləmişdi.
Qarabağda növbəti erməni separatizmi baş qaldırandan sonra o zamankı respublika rəhbərliyinin əvvəlcə separaizmin kökünü kəsmək əvəzinə, qaynar qazanın ortasında olan Xocalıda yeni iş yerləri yaratması və geniş tikinti işlərinə rəvac verməsi ermənilərin yuxusunu ərşə çəkdi. Çünki Xocalının əhalisi sürətlə artırdı və bu da ermənilərin bədnam planlarına böyük zərbə vururdu.
Bu məqamları qabartmağımız heç də təsadüfi deyil. Çünki hər il Xocalı soyqırımının ildönümləri qeyd olunarkən əksər mətbuat orqanlarında, radio-televiziya çıxışlarında o dəhşətli hadisələr zamanı Xocalıda qətlə yetirilən soydaşlarımızın sayının 613 nəfər olduğu vurğulanır. Heç fərqinə də varmırıq ki, bu 613 rəqəmi hardan götürülüb? Əslində isə bu statisikanın özü Xocalıya göz dağıdır.
Görün o hadisələrin şahidi və iştirakçısı olan bədnam erməni David Xeyriyan «Xaç naminə» kitabında nə yazır:
…Ermənilər bir kilometrlik bataqlığı keçmək üçün 1200 azərbaycanlı meyitindən istifadə etdilər.
…1992-ci il martın 2-də «Qaflan» qrupu 2000-ə yaxın azərbaycanlı meyitini topladı və onları Xocalının bir kilometrliyində tonqala töküb yandırdı.
Eyni faktları bədnam Zorri Balayan və başqaları da dəfələrlə öz yazılarında qələmə alıblar. Bəs, biz nədən bu 613 rəqəmindən yapışıb sonrakı qaranlıq məqamları aydınlaşdırmağa çalışmamışıq.
Əsil həqiqət ondadır ki, o zamankı respublika rəhbərliyi xalqın qəzəbindən qorxduğundan bir neçə gün hətta bu faciəni gizlətməyə cəhd göstərdi. Ancaq sonradan Xocalıda daşın daş üstündə qalmadığını, mərhum Çingiz Mustafayevin tükürpədici çəkilişlərinin də ortaya çıxdığını görəndən sonra tələm-tələsik Xocalıda qətlə yetirilənlərin sayının 613 nəfər olduğu bildirildi. Heç kim də maraqlanmadı ki, əgər o günlərdə bizim tərəfdən bir kimsənin Xocalıya getməsi mümkün deyildisə qətlə yetirilənlərin siyahısını kim «dəqiqləşdirdi».
Ola bilsin ki, bu rəqəm Xocalıda rəsmi qeydiyyatda olub qətlə yetirilən soydaşlarımızın sayına hardasa yaxın olsun. Axı niyə unuduruq ki, o zaman Xocalıda nə qədər könüllü milis işçisi, müxtəlif dövlət təşkilatlarından oraya ezam olunmuş insanlar çalışırdı. Bir də kim dəqiqləşdirib ki, adları itkin siyahısında olan yüzlərlə soydaşlarımız elə həmin günlərdə qətlə yetirilməyib?
Cavabsız suallar çoxdur. Gəlin bu suallara cavab axtaraq. Xocalının üzərindən hələ də asılıb qalan qara pərdəni götürməyə çalışaq.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər