Qarın əriməsi də problem yaratdı
Emil Axundov: «Kanalizasiya xətləri yeniləşməsə, bakının çox hissəsi çirkab sularına qərq olacaq»
Zemfira Budaqova: «Şəhərin bütün sularını yığan yeni sistemli xətlər çəkilməlidir»
Paytaxtda yağan qar da bir çox problemləri üzə çıxardı. Qarın yağması ilə Bakı şəhərində yollar bağlandı, nəqliyyatın hərəkəti mümkünsüz oldu. Bu günlərdə saatlarla dayanacaqlarda gözləməli olan şəhər böyük ümidlə qarın əriməsini gözləyirdi. Amma qarın əriməsi ilə əlavə problemlər yarandı. Bu dəfə paytaxt küçələrini keçmək üçün az qala qayıqlardan istifadə etməli olduq. Nəinki şəhərətrafı qəsəbələrdə, hətta mərkəzi küçələrdə də yaranan gölməçələr əhalinin və avtomobillərin hərəkətini çətinləşdirdi. Halbuki paytaxtda aparılan təmir-tikinti işləri zamanı ya həftələrlə yollarımız bağlanıb, ya da mənzil başına çatmaq üçün saatlarla şəhəri bir neçə dəfə dolaşıb yol getməli olmuşuq. Gözlənilirdi ki, yəqin yollar yenidən qurularkən yağış sularının axması üçün də tədbirlər görüləcək və küçələrdə gölməçələrin yaranmasının qarşısı alınacaq. Amma qarın əriməsi bu ümidlərimizi də boşa çıxardı. Maraqlıdır, paytaxtın bu probleminin qarşısını nə zaman almaq mümkün olacaq?
Məsələyə münasibət bildirən əməkdar memar Emil Axundov isə yuxarıda sadalanan bu kimi problemlərin kökündə Bakının vahid kanalizasiya sisteminin olmaması ilə əlaqələndirdi: «İstismar müddətini başa vurmuş magistral kanalizasiya xətləri elə vəziyyətə gəlib çatıb ki, onlar tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq».
Onun sözlərinə görə, istər avtomobil yolları və körpülərin, istərsə də hündürmərtəbəli binaların tikilişi zamanı ərazinin mövcud kanalizasiya sistemlərinin imkanları nəzərə alınmır: «Əvvəl kiçik bir tikili aparan zaman bütün digər qurumlar kimi sənədləşdirmə məsələləri su-kanalizasiya işlərilə məşğul olan idarə ilə də razılaşdırılırdı. Həmin ərazidə kanalizasiya xəttinin vəziyyəti öyrənilirdi. Onun gücü yeni tikilən binanın kanalizasiya sularını daşımağa imkan verməsəydi, onda heç vaxt bu şəbəkəyə qoşulmazdı. Yeni xətlər çəkilərdi. Ancaq indi necə gəldi, kanalizasiya xətləri bir yerə qoşulur. Onlar da yağış-qar yağan kimi tutulur və ətrafa daşıb, göllər əmələ gətirirlər».
Gəncə səbəbləri müəyyənləşdirmək lazımdır
Müstəqil ekspert Rövşən Ağayev isə hesab edir ki, əsas problem idarəolunma ilə bağlıdır: «İri şəhərlərin mənzil-komunal sektorunun idarəedilməsi həddindən artıq ciddi məsələdir. Bəlkə də qeyri-peşəkar insanlara bizim yanaşmamız qəribə görünə bilər ki, bu sektoru Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil-komunal Təsərrüfat Birliyi yoxsa, yerliözünüidaretmə sistemi idarə etsin, nə fərqi var. Bəli, böyük fərqi var. Çünki bütün dünya ölkələrində mənzil-komunal sferanın idarəedilməsi çox vaxt yerliözünüidarəetmə institutlarına həvalə edilir. Bakıda indiyə qədər yerliözünüidarəetmə institutu yaradılmayıb. Bunlar tamam fərqli məsələlərdir. Avropa özündə böyük şəhər bələdiyyələri - şəhər meriyası yaradır. Şəhər meriyası indiki icra hakimiyyətindən fərqli vətəndaş institutu hesab olunur. Avropa Şurasına üzv ölkələrin qarşısında qoyulan tələblərdən biri də odur ki, paytaxtınızda belə bir institut yaradılsın. Problemi həll etmək üçün birinci növbədə səbəbləri müəyyənləşdirib, aradan qaldırmaq lazımdır».
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova hesab edir ki, yağıntı suları məişət kanalizasiya sisteminə axmamalıdır: «Bakının qədim vaxtlarında yol ayrıclarında dəmir barmaqlıqlar var idi. Yağıntı sularını və yolda yığılan sular həmin yerlərə axırdı. Yağıntı suları təmiz olduğu üçün bunların hamısı əvvəllər birbaşa dənizə ötürülürdü. Belə xətlərin quruluşu da məişət kanalizasiya sistemindən fərqlənir. Vaxtilə bizim dənizə aparan yeraltı su keçidləri var idi. Sonradan kanalizasiya xətti çəkməmək dərdindən onları dəyişdirdilər və məişət tullantılarını yağıntı suları üçün nəzərdə tutulan sistemlərə qoşdular. Ona görə də bu sistemlərin üzərində olan dəmir setkalar bağlandı ki, tullantıların iyi şəhəri öz cənginə almasın. Bu səbəbdən də yağış sularını aparan sistemlər ləğv olundu. Təzədən onları bərpa etmək lazımdır. Məişət tullantılarını yağıntı sularına qarışdırmadan və şəhərin bütün sularını yığan yeni sistemli xətlər çəkilməlidir. Nə qədər ki, bunlar qurulmayacaq, o qədər də yağış, qar yağan kimi küçələrdə gölməçələr əmələ gələcək. Ancaq bu yolla yağıntı sularını yığmaq olar».
Bakı Kanalizasiya İstehsalat Birliyindən isə bildirirlər ki, paytaxtın kanalizasiya sistemlərinin tam yenidən qurulmasından ötrü bir milyard manatdan çox vəsait lazımdır: «Şəhərin əksər ərazilərində olan kanalizasiya kollektorları və xətləri sovet dövrünün ilk illərindən qalmadır. Borular çürüyüb, dəyişdirilməlidir. Lazım olan vəsaiti birdəfəlik ayırmaq mümkün olmadığından problem də qalmaqdadır. Hər il büdcədən ayrılan vəsait hesabına müvafiq işlər görülür»
Əksər ekspertlər hesab edir ki, problemin aradan qaldırılması üçün paytaxtın kanalizasiya sistemi yenilənməlidir. Çünki mövcud kanalizasiya xətləri Bakının indiki vəziyyəti üçün hesablanmayıb. Xüsusən, son 10 ildə Bakıda yüzlərlə hündürmərtəbəli yaşayış binaları, şəhərin ətrafında minlərlə evlər tikilib. Həmin binaların hamısının kanalizasiyasiyası isə əvvəlki xətlərə birləşdirilib. Buna görə də, yağışlı havalarda kanalizasiya xətləri həmin suyu daşıya bilmir.
Xalid





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər