II hissə
Əsərdə rahib İohaneyə şəhəri bərabər gəzməyi təklif edir, o da razılaşaraq bərabər şəhərin mərkəzindəki bazara, əvvəlcə xarazxanaya, saracxana dükanlarına, bəzzazlara baş çəkirlər. Təkəlduzları görüb heyrətlərinlər. Bizim dilimizdə işlənən, tək əllə işləmək mənasını verən təkəlduz (Təkəldüz- bədii tikmə sənəti. Qırmızı, mavi, sürməyi, yaşıl, qara rəngli mahud və məxmər parçalar üzərində təkəldüz tikmələr işlədilir-M.M.). sözünü müəllif gürcü dilində müəyyən dəyişikliklərə uğramış qacarduz kimi işlədir. Sonra bəzzazlarn yanına gedir, müxtəlif parçaları gözdən keçirirlər. Baqqallara, balıqçılara, qəssablara baş çəkirlər. Alafxanaya, nalbəndlərə, siracxanaya, kilid hazırlayan çilingərlərə, kürkçülərə baş çəkirlər. Liləxanaya, çaxmaxçılara və digər dükanlara baş çəkirlər. Nəhayət, bazarda büiün sıraları gözdən keçirəndən sonra İohane şam yeməyi üçün onu öz evinə dəvət edir.
Əvvəlcə söhbətə başlayırlar. Söhbət zamanı rahib ondan çıraqdan sözünün hardan gəldiyi soruşur. O da bu sözün yunan, latın dillərində necə işləndiyini, tatar dilindən götürüldüyünü deyir. Şam yeməyinə başlayırlar: «Sonra plov gətirilir. İohanenin və rahibin də qabağına qoyurlar. İohane əlini uzadıb yeməyə başlayanda rahib dilləndi: Nə edirsən onu? Qarışqa yumurtalarını necə yeyisən, ayı deyilsiniz ki? Nələr görürəm! Gürcülər nələr bilirlər!
İohane: Xeyr, ata, bu düyüdür, plov deyirik, yaxşı yeməkdir.
Rahib:Doğru deyirsiniz, düyüdürmü, belə hazırlanan?
İohane: İnanın mənə, bir az dadına baxın.
Rahib: Bu qarışqa yumurtası qarnımı ağırtmasın.
İohane: İnan mənə, aldatmıram səni.
Bu zaman rahib bir çimdik düyü götürüb, paxla kimi ağzına aldı və ondan soruşdu ki, doğrudan yeyimmi?
Zurab: Yemə, aldadır səni, qarnını ağırtmasın!
Rahib: Kül mənim başıma!-deyib ağzından geri tüpürdü. Çox cəhd etdilər, ona yedirdə bilmədilər. Rahib onlara dedi ki, ayı kimi qarışqa yumurtası yeməyə öyrəşmisiniz. Siz ona görə yeyrsiniz, yoxsa da ki, xristian olan adam onu necə yeyə bilər. Beləcə deyib-gülərək şam yeməyini başa vurdular. Həmin axşam İoane rahibi orda yatırtdı. Ertəsi gün səhər tezdən İohane hamama gedərək rahibi də özü ilə apardı».
Əsərin baş bir yerində İohane Qarsevanla (II İraklinin dövrünün tanınmış diplomatı, 1783-cü ildə Rusiya ilə traktı imzalayan, A.S. Qriboyedovun həyat yoldaşı Nino Alksandrovnanın babası- M.M.) bir balaca nahar edərək kifayət qədər şərab içirlər. Söhbət əsnasında Qarsevan ona elçiliyi bəyənmirsən, məndən yaxşı elçi kimi göndərərdin?- deyə soruşanda o, İrandan gəlmə azərbaycanlı Babaşı tərifləyir:
«İohane: Məndən soruşsalar, Babaş kimi elçi bulardım.
Qarsevan: Hansı Babaşı deyirsən?
İohane: İrandan gəlmiş və Tiflis sarayında qərar tutan vəzirin oğlu əyan Babaşı.
Qarsevan: Mən onu yaxşı tanıyırlım. O elə nə iş görmüşdür ki, ona məətəl qalmışsan?
İohane: Bir vaxtlar bütün Azərbaycanın xanları çar İraklidən Kərim xana şikayət etdilər və Kərim xanın Gürcüstanın üzərinə qoşun yeritməsini istədilər.
Qarsevan: Yadımda deyil. Bir de görüm, hansı xanlar şikayət etdilər?
İohane: Agah olun ki, Dərbən xanı, Salyan xanı, Bakı xanı, Şamaxı xanı, Nuxa xanı, Gəncə xanı, Qarabağ xanı, Qaradağ xanı, İrəvan xanı, Naxçıvan xanı, Xoy xanı, Təbriz xanı, Urmiyyə xanı və Marağa xanı yığılaraq bizim çar İraklidən xəbər aparmışlar. Bu işdən xəbərdar olan çar İrakli özünə bəraət qazandırıcı məktubla Babaşı Kərim xanın yanına göndərib. Babaş ora çatan kimi adı çəkilən xanların elçiləri qarşısında sözə başlayıb və çara sədaqətlliyini göstərərək öz dinindən olan kəsləri tamamilə yalana çıxardıb. Gürcüstanın üzərinə yeriyən farsların altmış min nəfərdən ibarət süvari qoşununu, azərbaycanlılardan ( Maraqlı haldır ki, müəlltf burada tatar sözünü deyil, «aderbejanlar» sözünü işləmişdir. Sovetlər dönəmində İ. Stalin tərəfindən dilimizə gətirilən azərbaycanlı məfhumunun burada milliyyət deyil, yerlilik mənasınıda verildiyini, yəni Azərbaycandan olduqlarını göstərməsini qətiyyətlə demək olar-M.M.)başqa geri oturdub.
Elə onun elçi olduğu vaxtlarda xotkarın elçisi məktubla gəlib. Məktubda yazılmışdı: «Kərim xanın yanına buraxdığın şiri cilovla, mənim torpağıma qarşı qaldırma, yoxsa bizim aramızda döyüş olar. Belə ki, xotkara bizim qonşu paşalar çar İraklidən söz aparıblarmış. Elə bu elçi də ağzını açaraq sözə başlayıb və onların bütün fikirlərini alt üst edib. Kərim xan tərəfindən şahlıq ənamları ilə, fərman ilə, digər bəxşişlər ilə mükafatlanıb və hər şeyi alnıaçıq, üzüağ yerinə yetirərək qayıdıb hər şeyi çara nəql edib.
Bir, onun hörmətinə bax. O, tatar (azərbaycanlı- M.M.) ola-ola nələr etdi, siz, üç despan isə xristianlar, pravoslav sarayında necə hərəkət etdiniz, o da məlumdur».
Göründüyü kimi, İohane Babaşa böyük zörmət bəsləyərək onun II İrakli üçün, Gürcüstan üçün gördüyü xeyirxahlıqları sevə-sevə nəql edir.
Əsərlə yaxşı tanış olduqda borçalıların mərd, qoçaq, qeyrətli, mübariz olduqlarınına bir daha əmin oluruq. Əsərin bir yerində İohane Nikoloz ilə kəndə daxil olanda görürlər ki, ləzgilərin qoşunu kənddən çıxıb yavaş-yavaş gedir. «Bu zaman Nikoloz Qaplanişvili atı çaparaq gəlir, yanında da bir neçə nəfər çığıra-çığıra deyirlər: Pepan, Sapakov, Arutin, Qaspar, çıxın! Onların sərdarı yaxınlaşanda İohane ona dedi: Ey, sərdar Nikoloz, onlara de ki, bu erməni adlarını çəkməsinlər, ləzgilər eşitsə, şübhəsiz, geri qayıdacaqlar, apara bilmədiklərini də aparacaqlar. Baydarlılar, Borçalılar, Dəmirçihəsənlilər, çıxın! Belə deyin ki, onları təqib edəndərdən qorxsunlar, Poğosdan, Nikoğosdan kim qorxar. Oğlum, bu kimsə olan adam düzgün deyir,- deyə atdan düşdü və Nikoloza dedi ki, Allaha şükür ki, bu rahib bu kəndi də, məni də xilas etdi. Bu bizə rast gəlməsə idi, bütün hamımız məhv olacaqdıq».
Əsərin başqa bir yerində Zurab, Nikoloz, İohane nəhayət, bir bulaq başına yetişirlər. Bulağın həndəvərlərində kənd xarabalıqlarına rast gəlirlər. İohane Nikoloza vaxtilə bu yerlərin yaxşı kənd olduğunu qeyd edir. Nikoloz həmin kəndin tatar dilində xoşagəlməz məna verdiyini bilirirb və üstəlik də izah edir. Göründüyü kimi, Nikoloz da azərbaycan dilini bilirmiş.
«Dillər barəsində» başlığı altına verilən fəsildə dillərdən söhbət açılır. Belə ki, burada İohane yunan və latın dillərinin daha çox lazımlı dil olduğunu qeyd edərək azərbaycan dilinə də böyük əhəmiyyət verilir: «Fransız və tatar( azərbaycanlı-M.M.) dili səyyah insanlar, elçilər, tacirlər üçün çox lazımlı dildir. Bu iki dili bilənlər bütün ölkələrə gedə bilərlər. Buna görə də bütün Asiyada tatar dilini bilən, Avropada fransız dilini bilən tapılacaqdır. Bu dillərdə olan müxtəlif vəsaitlər ilə bir çox sahələr üzrə təhsilə və peşələrə yiyələnmək olar». Daha sonra İohane ərəb, fars, tatar, gürcü və erməni dillərini arrı-ayrılıqda xarakterizə edir. Hətta bu dillərdə, eləcə də daşqa dillərdə nə qədər hərflərin də olduğunu göstərir.
Baydara gedən İohane orda bir neçə tavad və aznaura rast gəlir. Onlar şahzadə Yulonun orda olmasını deyirlər. İohane bu kənddə şahzadə Yulon ilə görüşüb söhbət edir. Göründüyü kimi, buradan şahzadələrin, tavad və aznaurların, saray əyanlarının Baydar kəndinə tex-tez gəldiyinə bir daha əmin olmaq olar. Ertəsi gün atları yəhərləyib minərək Dəmirçihəsənliyə doğru istiqamət götürürlər. İohane orda bir gürcü qulluqçusunu görüb soruşur ki, burda sən nə edirsən? O da cavab verir ki, Şahzadə Parnaoz bura təşrif buyurmuşdur. Yanında kimlərin olduğunu soruşanda, o, eristavinin oğlu eşikağası Tamazın və eləcə də Yastonun olduğunu bildirir. Nəhayət, İohane Yastonu tapıb onun vasitəsi ilə şahzadə ilə görüşür. Şahzadə onu yaxşı qəbul edir, onlar arasında maraqlı söhbət olur.
Müəllif o dövrün tanınmış xanəndəsi, çar sarayına yaxın bir şəxs olan şahzadə Adeksandr ilə yaxşı münasibəti olan Allahverdi haqqında məlumat verərək yazır: «Şahzadə Aleksandr məclis əhlinin hamısını ziyafətə dəvət etdi. Və əmr etdi ki, xanəndə Allahverdi bura təşrif buyursun. O da gəldi, həvəslə çalıb-oxumağa başladı İohaneyə ləzzət verdi, onun çox xoşuna gəldi...».
Müəllif sonra Allahverdi ilə İohanenin dialoqunda musiqi aləti və musiqinin ecaskar xüsusiyyətləri barəsində söhbət açır:
Səfərin növbəti günlərindən birində İohanedən Yaralı ayrılaraq Bolnisə gedir, İohane isə Borçalıya hazırlaşır. Atları yəhərləyib Borçalya tərəf istiqamət götürərək Borçalının ortasında yerləşən Debed çayının yaxınlığına çatırlar. Burda qalaya rast gəlirlər.(Quşçu qalasının nəzərlə tutulduğunu etmial etmək olar-M.M.) Qala İohanenin çox xoşuna gəlir və Zuraba deyir ki, «Qalanın yanına gedək, şahzalə David də bəlkə elə burdadır, əgər orda olmasa, qalaya baxaq və sonra hara olsa gedək. onlar yaxınlaşıb qalanı gözdən keçirdilər və şahzadənin orda olmasını soruşdular. Dedilər ki, Təkəliyə təşrif buyurmuşdur. Sonra soruşdular: Burda kimsə erməni və ya gürcü varmı? Onlar cavab verdilər ki, irəlidə balaca kənd ki, var Ğurçular(Quşçular) kəndi, «baziyerlərin» başçısı-quşçuların başçısı ordadır.( Çarların dövründə ov ovlamaq üçün quşlar və itlər bəslənilirdi. Onları bəsləyənlər baziyerlər adlanırdı. Elə bu sözün baz sözündən düzəlməsini etimal etmək olar. Baz sözü gürcü dilində hallanaraq baziyer sözünə çevrilmişdir. Bizim dildə quş, it həvəskarlarının quşbaz, itbaz adlanması məlumdur. Quşçu kəndinin coğrafi adının-toponominin məhz elə quşdan, quşçudan əmələ gəlməsini İ. Baqrationi də bir daha təstiqləyir.–M.M.) İohane dedi: onda nahar üçün onun yanına gedək. Bu təklifi Zurab bəyəndi və ora getdilər.
Ora getdilər, atdan düşdülər və Zurab bir tatardan soruşdu: quşçular başçısı burdadırmı? Tatar evi onlara göstərdi. Onlar ora getdilər, atları tatarlara verdilər və evə daxil oldular».
Beləliklə, bu əsəri oxuduqca başdan axıra kimi soydaşlarımız barəsində, Borçalının ayrı-ayrı el-obaları barəsində maraqlı fikirlərə rast gəlir, əsərin qəhrəmanlarının, ümumiyyətlə, gürcülərin soydaşlarımızın yaşadığı ellərə tez-tez təşrif buyurmalarına, onlarla dostluq etmələrinə, onların adət-ənənələrini bilmələrinə və onlara hörmətlə yanaşmalarına bir dahə əmin oluruq. Dövrün şah əsərlərindən biri olan «Kalmasaoba» əsərində Borçalı, ümumiyyətlə, azərbaycanlı və azərbaycanlılıq mövzusu bizim üçün maraqlı və təqdirə layiq bir haldır
Mirzə MƏMMƏDOĞLU