Ucnoqta.az
www.ucnoqta.az

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib

18:39 - 23 Aprel 2026 tarixində dərc olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib.

Bu barədə Ucnoqta.az-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, eyni zamanda, ali təhsili olmalıdır. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənil­məmiş şəxs namizəd ola bilməz. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs də namizəd ola bilməz.

Təqdim olunmalı sənədlərin sırasında ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti qeyd olunub.

Bildirilib ki, qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Müəllif: Ucnoqta.az redaksiyası