Ucnoqta.az
www.ucnoqta.az

Bakıda quşların sayı niyə azalır? – Mütəxəssis səbəbləri açıqladı

13:54 - 21 Aprel 2026 tarixində dərc olunub.

Son illər Bakı şəhərində quşların sayında nəzərəçarpacaq azalma müşahidə edilir. Xüsusilə qaranquş və sərçə kimi şəhər mühitinə uyğunlaşmış növlərin sayının azalması diqqət çəkir.

Ornitoloq Əbülfəz Tağıyev Ucnoqta.az-a bildirib ki, qaranquşlar hər il müxtəlif bölgələrdən Azerbaycan ərazisinə nəsil vermək üçün gəlirlər. Onlar əsasən martın sonu və aprel aylarında ölkəyə miqrasiya edir, sentyabr-oktyabr aylarında isə geri qayıdırlar.

Mütəxəssisin sözlərinə görə, son günlər paytaxtda müşahidə olunan yağışlı hava və temperaturun aşağı düşməsi də quşların sayına təsir göstərib. O qeyd edib ki, qaranquşlar əsasən havada uçan həşəratlarla qidalanır:
“Lakin şəhərdə avtomobillərin qaz tullantıları və tozlanma həşəratların sayını azaldır, bu da quşların qida çatışmazlığı yaşamasına səbəb olur”.

Əbülfəz Tağıyev əlavə edib ki, qaranquşlar uzun və çətin miqrasiya yolu keçərək gəlirlər. Bu yol üzərində yaranan müxtəlif problemlər, o cümlədən müharibələr və iqlim dəyişiklikləri onların marşrutunu dəyişə bilər.

Ekspertin fikrincə, şəhərsalma işləri də quşların yaşayışına mənfi təsir edir: “Qaranquşlar adətən yuvalarını binaların karnizlərində və körpülərdə qururlar. Lakin dam örtüklərində metal və alüminium materiallardan istifadə yay aylarında yüksək istilik yaratdığı üçün onların yuva qurmasına mane olur”.

Ornitoloq sərçələrin sayının azalmasını da eyni səbəblərlə izah edib. Onun sözlərinə görə, şəhərdə aparılan yenidənqurma işləri, dam örtüklərinin dəyişdirilməsi və binaların fasadlarında aparılan yeniliklər bu quşların həm çoxalması, həm də qida tapması üçün çətinlik yaradır.

Müəllif: Ucnoqta.az redaksiyası